16 Avqust 2021 15:31
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edib. Ermənistanın onilliklərdir yaratdığı mif Müzəffər Ordumuz tərəfindən darmadağın edilib. Bunun nəticəsində ötən il noyabrın 10-da Ermənistan kapiyulyasiya sənədinə imza atmağına məcbur olub. Ali Baş Komandanın diqtəsi ilə hazırlanmış üçtərəfli bəyanat isə regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına xidmət edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, imzalanmış üçtərəfli bəyanatın bir çox maddələri icra olunub: “Amma 9 ay keçsə də, bütün maddələr icra olunmur. Ermənistan yenə də öz hiyləsini işə salmağa çalışır. Eyni zamanda bu ölkə havadarlarının diqtəsi ilə bəyanatın icrasından yayınmaq istəyir. Azərbaycan tərəfi isə müharibənin bitdiyini elan edib. İndiki real mənzərə Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Bunun ardınca iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımaqla uzunmüddətli sülhə hazırlığı məsələləri müzakirə edilməlidir. Məhz bu prinsiplərin icrası ilə regionda sülhün, təhlükəsizliyin, əməkdaşlığın təminatına imkan yaranacaq”.

Millət vəkilinə görə, bu prinsiplərin həyata keçirilməsi və yenidən müharibənin olmaması üçün region ölkələrinin də gözləntiləri böyükdür: “Bu gözləntilər ilk növbədə Rusiya ilə bağlıdır. Rusiya imzalanmış üçtərəfli bəyanatın icra olunmamış iki bəndinin, erməni hərbi birləşmələrin Qarabağdan çıxarılmasına və Zəngəzur dəhlizinin açılmasına Ermənistanı məcbur etməlidir. Amma sülhməramlılar bəyanata zidd olaraq Qarabağdan erməni hərbçilərin çıxarılmasına şərait yaratmır. Bunun əksinə Laçın dəhlizi ilə müxtəlif yollarla erməni hərbçilərin yenidən Azərbaycan ərazilərinə gəlməsinə şərait yaradılır. Qarabağa gəlmiş erməni tör-töküntüləri isə yeni postlar qurmağa, təmas xətti yaratmağa can atır. Azərbaycan isə buna heç vaxt imkan verməyəcək”.

Azər Badamov hesab edir ki, Rusiyadan gözlənti sülhün, təhlükəsizliyin, əməkdaşlığın inkişafına töhfə ilə bağlıdır: “Qonşu, dost dövlət İranla da münasibətlər regionda əməkdaşlığın daha geniş bir spektrda inkişafına zəmin yaradacaq. Çünki Azərbaycan gələcəyə dair planlarını, niyyətini açıq şəkildə bəyan edib. Amma bütün bunların fonunda Azərbaycan sülh missiyası ilə çıxış etməklə paralel öz hərbi gücünü artırır və hər bir situasiya üçün hazır vəziyyətdədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər