Dövlət başçısının “CNN Türk” kanalına müsahibəsində Azərbaycanın bölgədə oynadığı rol, post-müharibə dövrünün reallıqları barədə bütün dünyaya açıq mesajlar verilib. Ölkə başçısı Azərbaycanın Cənubi Qafqazda aparıcı gücə malik olduğunu vu 44 günlük müharibə ilə bu regionda sülhə təhlükə yaradacaq münaqişənin həll edildiyini bir daha diqqətə çatdırıb. Artıq yeni bir mərhələnin başlanğıcındayıq. Azərbaycanın moderatorluğu ilə bölgədə mühüm layihələrin reallaşması prosesi gedir. Eyni zamanda regionda sülh üçün yeni təhdidlər də nəzərə çarpır. Bununla bağlı Ali Baş Komandan Azərbaycan dövlətinin iradəsini bir daha bəyan etdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz iqtisadiyyatının mütləq əksəriyyətinə sahib olan bir dövlətin bu bölgədə sülhə, təhlükəsizliyə, əməkdaşlığa yönələn addımları inkişafa, tərəqqiyə yol açacaq: “Azərbaycan öz ərazi bütövlüyün təmin edib. BMT-nin və digər mötəbər təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı vermiş olduğu qərarları ölkəmiz təkbaşına icra edib”.
Millət vəkili hesab edir ki, Azərbaycan bu gün bölgə üçün yeni reallıq yaradıb: “Bu reallıq qarşılıqlı əməkdaşlığa, sülhə, təhlükəsizliyə əsaslanır. Sözsüz ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərgiləyəcəyi mövqe əhəmiyyətlidir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla ərazi iddiaları və digər məsələlərdən imtina etmiş olur. Bununla da iki dövlət arasında yeni sferada qarşılıqlı maraqları özündə əsk etdirən prinsiplərin icrası mümkünləşə bilir. Məhz 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanat və onun prinsiplərində kommunikasiyaların açılması, regionda əməkdaşlıq imkanları ilə bağlı mühüm müddəalar yer alıb”.
Cavid Osmanova görə, Azərbaycan bütün qonşuları ilə münasibətlərin qarşılıqlı əlaqələrin olmasında maraqlıdır: “Amma bu münasibətlər bir-birinin maraqlarına toxunmadan və qarşılıqlı hörmətə əsaslanmalıdır. Belə olan halda bölgədə sülh üçün mühüm imkanlar açılmış olar. Yeni reallıq da məhz bu prinsipləri özündə ehtiva edir”.