Prezident İlham Əliyevin hər bir müsahibəsinin dərin tarixi və siyasi mənası var. Ölkə başçısının “CNN Türk” kanalına müsahibəsi Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı hər zaman bildirib ki, “bizim siyasətimizin mərkəzində vətəndaş amili dayanır”. Ötən 18 il ərzində bu fikri dəfələrlə əməldə sübut edən ölkə başçısı Qarabağ və Şərqi Zəngəzur torpaqlarını erməni faşizmindən azad etməklə xalqın ona olan inamını, sevgisini daha da artırdı. Azərbaycanı güclü dövlətə çevirən və ərazi bütövlüyünü bərpa edən Ali Baş Komandan ümummilli lider Heydər Əliyevin vəsiyyətini, xalqımızın istək və arzularını gerçəkləşdirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor bildirib ki, Azərbaycan hər zaman öz maraqlarının müdafiəsi uğrunda ədalətli və ləyaqətli mübarizə aparıb: “Buna baxmayaraq torpaqlarımız işğala, xalqınız terrora, vandalizmə, soyqırıma məruz qalıb. Ötən 30 ildə beynəlxalq birlik Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə bağlı heç bir təsirli addımlar atmadı. ATƏT Minsk Qrupunun səmərəsiz fəaliyyəti birmənalı olaraq xalqımızın narazılığına səbəb olurdu. Cənab Prezidentin də dediyi kimi, “biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik”. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, prinsipiallığı, düşünülmüş siyasəti nəticəsində Azərbaycan Zəfər savaşına başlayaraq öz tarixi torpaqlarını azad etdi.
Bu hüquq, ədalət məsələsi olmaqla yanaşı, həm də şərəfli bir missiya idi. Sözsüz, bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün Ermənistanla sülh müqaviləsinin imzalanması vacibdir. Lakin qarşı tərəf hələ də buna adekvat reaksiya vermir. Amma Ermənistanda hər kəs anlamalıdır ki, bu onların yeganə düzgün çıxış yoludur”.
Millət vəkili hesab edir ki, Ermənistan Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanımaqla bölgəyə uzunmüddətli sülh gələcək: “Ölkə başçısı bir daha Ermənistanın siyasi-hərbi rəhbərliyinə, cəmiyyətinə çağırış etdi və çıxış yolunu göstərdi. Erməni cəmiyyəti anlamalıdır ki, havadarlarına arxalanıb, onları daha ağır duruma aparan yoldan çəkinsinlər.
Cənab Prezident son günlər baş verən hadisələrin gətirdiyi narahatlığı qeyd edərək, Azərbaycanın mövqeyini bir daha vurğuladı. Üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsi üçün Rusiyadan gözləntilər böyükdür. Çünki bu üçtərəfli Bəyanatın imzalanmasında Rusiya vasitəçi olmaqla yanaşı, həm də iştirakçı tərəfdir.
İstər 10 noyabr Bəyanatının, istərsə də 11 yanvar razılaşmasının icrası istiqamətində Rusiya konstruktkiv addımlar atmalıdır. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın”.
Deputat vurğulayıb ki, əsrlərlə, Ermənistan cəmiyyətində radikal millətçilik, türk və Azərbaycan düşmənçiliyi, islamofobiya formalaşıb: “Lakin 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin, zabitinin döyüş meydanında erməni əsgərinə göstərdiyi ləyaqətli və humanitar addım onları tamamilə çaşdırıb. Bu illər ərzində formalaşmış psixoloji durumun və Ermənistan cəmiyyətinin ideoloji sütunun darmadağın olmasını müşahidə edirik.
Lakin yenə də erməni faşizmi baş qaldırmağa cəhd edir. Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşistlərə, o cümlədən onları silahlandıranlara, himayədarlıq edənlərə ciddi mesajlar verdi, xəbərdarlıq etdi”.
Komitə sədrinə görə, Vətən müharibəsindəki Qələbəni şərtləndirən amillərdən ən başlıcası məhz qardaş Türkiyənin Azərbaycana birmənalı dəstəyi idi: “Dövlət başçısı da bu haqq savaşında qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi, prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi rolunu qeyd edib. Vurğulayıb ki, bu müharibə dövründə Azərbaycan dostlarını və əleyhdarlarını daha yaxından tanıması üçün böyük fürsət oldu. Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bu sınaqdan uğurla çıxdı.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikri özünü bir daha doğrultdu. Şuşa Bəyannaməsi ilə bu qardaşlığın daha dərinləşməsi, Türkiyənin Azərbaycan, Azərbaycanın isə Türkiyə üçün əhəmiyyətinin daha da artması digər ölkələr üçün də bir nümunədir”.
Hicran Hüseynova söyləyib ki, Azərbaycan regionda sülhün bərqərar olması üçün bir sıra layihələrin reallaşmasına cəhd edir: “Bu layihələrdən ən vacibi Zəngəzur dəhlizidir. Bu dəhlizin açılması Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevriləcək. Artıq bu, beynəlxalq leksikona da daxil edilib”.