16 Avqust 2021 18:58
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Türkiyənin “CNN Türk” televiziya kanalına müsahibəsi aktual proseslər fonunda kifayət qədər ciddi maraq doğurur. Təsadüfi deyil ki, həm ATƏT-in Minsk qrupuna üzv dövlətlərdə, həm Ermənistanda, dəm də digər qonşu ölkələrdə bu müsahibə ilə bağlı müxtəlif şərhlər verilməkdədir. Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev açıq və səmimi çıxışı ilə seçildi. Dövlətimizin başçısı həm Ermənistana, həm qonşu ölkələrə, həm də Minsk qrupuna üzv dövlətlərə, ümumiyyətlə, bütün dünyaya Cənubi Qafqazda bugünkü reallıqdan yaranan proseslərlə bağlı ciddi mesajlar ünvanladı.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev Azərbaycanın fikir nöqtəsini, baxış bucağını hər zamankı kimi, yenə də ən yüksək səviyyədə qoruyub müdafiə etməyi bacardı.

Dövlətimizin başçısı çıxışında ATƏT-in Minsk qrupunun keyfiyyət əmsalının sıfıra bərabər olduğunu deməklə həmin dövlətlərə daha bir mesaj göndərdi ki, məhz onların ucbatından 44 günlük müharibə baş verdi və yaxşı olar bundan sonra Cənubi Qafqazdakı proseslərə xələl gətirməsinlər.

Qeyd etdi ki, əgər töhfə verə bilirsinizsə, bunu edin, bacarmırsınızsa, bu məsələlərdən kənar dayanın. Hər kəsə məlumdur ki, Minsk qrupunda BMT Təhlükəsizlik Şurasının beş dövlətindən üçü təmsil olunur, onlar nəinki regionda, ümumilikdə planetin hər nöqtəsindəki proseslərə ciddi şəkildə təsir etmək imkanına malikdir. Amma onlar bu problemin həllini istəməyərək, faktiki olaraq Ermənistanı dəstəklədilər.

Zaur Məmmədov vurğulayıb ki, postmüharibə dövründən danışan Prezident İlham Əliyev minalanmış ərazilər mövzusuna da toxundu. Əslində, Azərbaycan tərəfi ilk dəfə tamamilə aydın şəkildə qeyd edirdi ki, son mərhələdə verilən mina xəritələrinin dəqiqliyi cəmi 25 faiz idi. Bu da Ermənistan tərəfinin nə qədər qeyri-səmimi olduğunu nümayiş etdirir.

Bildiyiniz kimi, həm Rusiyanın, həm də ABŞ-ın vasitəçiliyi ilə mina xəritələrinin verilməsi, əvəzində isə bir qrup erməni diversantının təhvili başa tutdu. Həmin mina xəritələrinin cəmi dörddəbirinin doğru olması o deməkdir ki, N.Paşinyan üçün həmin erməni diversantlarının taleyi vacib deyil. Belə anlaşılır ki, Paşinyan azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına qarşı çıxır.

Bununla da bölgədə sülhün yox, müharibənin tərəfdarı olduğunu sübut edir. Prezident İlham Əliyev noyabrın 10-dan bəri Qarabağda hərbçilər və mülki şəxslər də daxil olmaqla, 150-dən çox Azərbaycan vətəndaşının minaya düşərək həlak olduğunu və ya yaralandığını vurğuladı.

Ermənistan postmüharibə dövründə də mülki əhaliyə zərər vuraraq, minalanmış ərazilərin xəritələrini qaytarmaqdan hələ də boyun qaçırır. Bu, dünyaya mesajdır ki, siz necə humanizmdən, beynəlxalq hüququn normalarından danışırsınız?”,- deyə politoloq söyləyib.

Prezident İlham Əliyevin rəsmi Bakının İrəvanla sülh müqaviləsi imzalamağa və sərhədlərin delimitasiyasını həyata keçirməyə hazır olduğunu bildirdiyini diqqətə çatdıran politoloq deyib ki, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab yoxdur. Əksinə, Ermənistan Rusiyanın və bir sıra digər ölkələrin köməyi ilə Qarabağa silah-sursat və hərbi texnika gətirməyə davam edir.

Prezident İlham Əliyevin Ermənistanın yeni müdafiə nazirinin çox məsuliyyətsiz bəyanatlar verdiyini bildirməsi heç də təsadüfi deyildi. Dövlətimizin başçısı bununla həm Ermənistana, həm də ona dəstək olan qüvvələrə bu mesajı verdi ki, əgər həddinizi aşsanız, Azərbaycan yeni müharibəyə başlaya bilər. Bu zaman təbii olaraq hər kəsə məlumdur ki, Ermənistan Respublikasının varlığı sual altında qalacaq.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Türkiyəni xüsusi vurğulaması mövcud reallıqlarla bağlıdır. Türkiyə bizim üçün ikinci vətən kimidir. Müharibə zamanı Azərbaycan xalqı iki yaxın dostunun-Türkiyə və Pakistanın olduğu gördü. Türkiyə və Pakistan Azərbaycana dost olduqlarını əməldə sübut etdilər.
Dövlətimizin başçısı İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanın rolunu xüsusi vurğulaması Azərbaycanın Türkiyə ilə münasibətlərə verdiyi önəmi və reallığı çox yaxşı şəkildə dərk etməyə imkan yaradır. Azərbaycan müharibə zamanı və ondan sonrakı dövrdə dostlarının və əleyhdarlarının kimlər olduğunu çox yaxşı gördü. Bundan sonra da Azərbaycan onu dəstəkləyənlərə də, onun əleyhinə çıxanlara da xüsusi və layiqli qiymət verərək, münasibətlərini ölkəmizə olan yanaşmalara uyğun quracaq.

“Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi yerində, düşünülmüş və həqiqətlərə uyğun bir yanaşma idi. Bu, Ermənistana dərs çıxarmaq, səhvini anlamaq üçün zaman vermək anlamına da gələ bilər. Əks təqdirdə, onlar Ermənistan sərhədləri ətrafında üçün heç də yaxşı olmayan mənfi prosesləri görəcəklər. Azərbaycan imkan verməyəcək ki, kimlərsə onun ərazisində Ermənistan terrorçularına silah-sursat, ağır texnika və hərbi məqsədlər üçün digər ləvazimatlar daşısın. Ermənistanın havadarları, qlobal və regionlar güclər öz məkrli planlarını bizim torpaqlarımızda həyata keçirməyə cəhd etsələr, Azərbaycan adekvat tədbirlər görəcək.

Azərbaycan Ordusu hər zaman hazırlıqlı vəziyyətdədir. Beləliklə, Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycanın dövlət maraqlarını ən yüksək səviyyədə qorudu və hər kəsə öz ciddi mesajlarını göndərmiş oldu”, - deyə Zaur Məmmədov deyib.


Müəllif: Mənbə/Azərtac

Oxşar xəbərlər