18 Avqust 2021 14:19
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olub. Əfqan xalqının başında turp əkdilər, qadınları bütün hüquqlardan məhrum etdilər. Şəriət məhkəmələri musiqi və televizora baxmağın günah olduğu haqda qərarlar verdilər. Ölkədə təhsil sistemini tam çökdürdülər – Əfqanıstanı mollaxanaya çevirdilər. İndi yenidən hakimiyyətin Talibana keçməsinə şərait yaradan xəyanət, ordunun döyüş ruhunun olmaması – bunların hamısı ölkəni idarə edənlərin məsuliyyətindədir”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdi. Bundan sonra bu ölkə və onun yerləşdiyi bölgənin taleyi necə olacaq: Talibanın fəaliyyəti Əfqanıstanla məhdudlaşacaqmı?

- Baş verənlərə dünyanı sarsıdan böyük fəlakət kimi baxıram. Bu, ABŞ-ın bu illər ərzində Əfqanıstanda gördüyü işin səmərəsizliyini və onun məsuliyyətsizliyinin nəticəsidir. Məsələn, ABŞ iddia edir ki, 20 il ərzində Əfqanıstanda 15-29 trilyon dollar xərcləyib. Orada 300 minlik ordu qurub, onu ən müasir silahlarla təchiz edib. Amma bu 300 minlik ordu Talibanın 60 minlik qüvvəsi qarşısında pərən-pərən düşdü. Qarşı tərəfə bir dənə də güllə atan olmadı. Bəziləri ya ölkədən qaçdı, ya da taliblər tərəfinə keçdi. Böyük bir biabırçılıq baş verdi.

Ölkənin prezidentinin pul dolu vertolyotla ölkədən qaçdığını deyirlər. İndi də məlumat yayılıb ki, İnterpolun xətti ilə həbs edilib. Prezidentin Amerikanın verdiyi pulların ən azı 7-8 milyardını oğurladığı və dünyanın müxtəlif banklarına qoyduğu bildirilir.

Əşrəf Qani və Rəşid Dustum kimi insanlar korrupsiyalaşmış şəxslərdir, özlərinə saraylar tikiblər, bir güllə atılan kimi də ölkədən qaçdılar. Yüngül silahları olan Taliban necə oldu ki, tanklarla, toplarla, raketlərlə, qırıcılarla və ən müasir sistemlərlə silahlanmış əfqan ordusunun müqavimətini qırdı? Ən qısa vaxtda böyük əyalətlər və mərkəzləri, iri şəhərlər Talibana təslim oldu. Ortada böyük bir xəyanət var. Baş verənlərə görə ABŞ böyük məsuliyyət daşıyır.

Taliban 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olub. Əfqan xalqının başında turp əkdilər, qadınları bütün hüquqlardan məhrum etdilər. Şəriət məhkəmələri musiqi və televizora baxmağın günah olduğu haqda qərarlar verdilər. Ölkədə təhsil sistemini tam çökdürdülər – Əfqanıstanı mollaxanaya çevirdilər. İndi yenidən hakimiyyətin Talibana keçməsinə şərait yaradan xəyanət, ordunun döyüş ruhunun olmaması – bunların hamısı ölkəni idarə edənlərin məsuliyyətindədir.

ABŞ-ın xərclədiyi trilyonlarla dollara Əfqanıstanı gülüstanlığa çevirmək olardı. Bu pulların bir hissəsini siyasi, bir hissəsini də hərbi komandanlıqda təmsil olunan şəxslər oğurladılar. Əfqan ordusunun sıravi əsgərinə normal təlim verilməmişdi. Korrupsiyanın ölkədə yaratdığı ədalətsizlik orduya da təsir etmişdi. Demək olar ki, ordunu döyüş ruhundan məhrum qoydular. Talibanın birinci hakimiyyəti dövründə Əfqanıstan terror təşkilatlarının at çapdığı meydana çevrilmişdi.

- Bəs niyə Talibanın qarşısını almadılar?

- ABŞ-ın qüruru olan “Əkiz qüllələr”in vurulması planı Əl-Qaidənin rəhbərliyi altında hazırlanmışdı. “Amerikanın bu qüruru”na da həmin terror təşkilatları toxundular. ABŞ bunun nəticəsində Əfqanıstana qoşun yeritdi. Bəs niyə bu qoşun Talibanın axırına çıxa bilmədi? ABŞ əsgəri qabağa vermədən - ən müasir sistemlər, qırıcılar, dronlar, raketlər və digər vasitələrlə Talibanı yox etmək mümkün idi. Amma dünyaya meydan oxuyan Amerika bunu etmədi.

Səmərəsiz fəaliyyətlərə xərclənmiş pulları əfqan xalqının təhsili və rifahına yönəldilsəydi, daha səmərəli nəticələr əldə etmək olardı. ABŞ-ın indiki prezidenti də taktiki cəhətdən ciddi yanlışa yol verdi. Ordunu tələsik çıxardı, bunu mərhələli şəkildə etmək lazım idi.

Amerikanın əlində PUA-lar vardı, Taliban bunlara qarşı heç nə edə bilməzdi. Təkcə dronlarla onları bir-bir sıradan çıxarmaq olardı. Bunu etmədi, çünki ABŞ bölgənin barıt çəlləyi kimi qalmasını istədi. İndi də bildirirlər ki, bunu “Böyük yeddilər”in toplantısında müzakirə edəcəklər. Nəyi müzakirə edəcəklər? Bu qeyri-peşəkar addımlar kəskin şəkildə qınanılmalıdır. Dünyanı yenə də Taliban və əfqan problemləri, həm də ən kobud forması ilə üz-üzə qoyub ordularını geri çəkdilər.

Hakimiyyəti ələ keçirən Taliban manevrlər edir. Özünü elə aparır ki, guya əvvəlki hakimiyyət dövründən nəticə çıxarıb. Hakimiyyəti özü ələ keçirsə də, qabağa heç bir səlahiyyəti olmayan “keçid hökuməti”ni verir. Qani hökumətinin vitse-prezidenti Abdullah Abdulla da əvvəlcədən satqın idi. O, hakimiyyətin dinc ötürülməsi ilə bağlı qurulmuş komitənin sədrlərindən biri kimi Talibana quyruq bulayır.

Dünya üçün utandırıcı bir durum yaranıb. Bu, bəlkə də kiçik bir ölkənin daxili işi olsaydı, buna baş qoşmamaq olardı. Söhbət dünya və o bölgə üçün ciddi təhdidlər yaradacaq bir vəziyyətdən gedir. Taliban dünyanın əksər ölkələrinin terror siyahılarının başında duran təşkilatdır. Özü də dünyanın ən böyük narkotik istehsalçısıdır. Sabah onların hansı addımları atacağını demək çətindir.

- Taliblərin bölgənin bir sıra ölkələrində simpatizanları, hətta dayaqları var. Bu amil həmin regionda dini savaşı, məzhəblərarası gərginliyi tətikləyə bilərmi?

- Mütləq tətikləyəcək. Çünki hakimiyyəti bir radikal dini qruplaşma ələ keçirib. Bir dəfə hakimiyyətdə olanda nə etdiklərini və nə edə biləcəklərini göstəriblər. İranda da teokratik hakimiyyət var. Taliblər də dünyada ən radikal hakimiyyət formasını bərqərar edəcəklər. Onlar indiyədək Pakistanın şimalındakı ərazilərdə qərar tutmuşdular, özlərini “Vəziristan Əmirliyi” adlandırırdılar. İndi də Talibanın lideri özünə yeni dini vəzifə verib: əmirəlmöminin. Bu, xilafət dövründə xəlifələrə verilən ən yüksək dini rütbə olub.

Bir sözlə, taliblər dünyəvi hakimiyyət qurmayacaqlar, ölkəni şəriət qanunları ilə idarə edəcəklər. Əfqanıstanda ağlasığmaz qadağalar olacaq. Bu qadağalar heç feodalizm dövründə də mövcud deyildi. İndi bəziləri deyirlər ki, Taliban müasirləşib. Hansı təhsil, hansı dünyagörüşü, hansı sivil ideologiya ilə müasirləşə bilərlər? 20 il əvvəl kim idilərsə, indi həminki adamlardır.

Ədalətsizlik taliblər üçün peşəyə çevrilib. Əfqanıstan əhalisinin təxminən yarısını təşkil edən puştunlar indi də hakimiyyətin bütün qanadlarına nəzarət edəcəklər. Əfqanıstanda əfqanlarla yanaşı, özbəklər, türkmənlər, xəzərlər, ölkənin İranla sərhəd bölgəsində azərbaycanlılar yaşayır. Əfqanıstandakı milli azlıqların hüquqları ən çox Talibanın hakimiyyəti dönəmində pozulub.

Əfqanıstandakı özbəklərin sayı 3 milyondan çoxdur, 500 mindən artıq türkmən, bu qədər də xəzər yaşayır. Marşal Rəşid Dustum onları birləşdirib dövlətəbənzər birlik yaratmışdı, adını da “Dustumistan” qoymuşdu. Bu, biabırçılıq idi. Özü də özbək əsilliydi.

Əfqanıstanın Özbəkistanla sərhədləri var. Bəlkə də Əfqanıstanı kiçik hissələrə parçalamaq vəziyyətdən ən yaxşı çıxış yolu ola bilərdi. Rəşid Dustum həmin bölgəni Özbəkistana birləşdirə bilərdi. Dünya buna etiraz edəcəkdi, amma sonradan barışacaqdı. Amma marşal bir güllə atılan kimi vertolyotuna minib dərhal Özbəkistana qaçdı. İndi orada başsız qoyulmuş 3 milyondan çox özbəyin, türkmənlərin taleyi haqda düşünən yoxdur.

Talibanın hakimiyyətə gəlməyini birinci Pakistan alqışlayıb. Pakistanın baş naziri bunu “imperializmə qarşı mübarizənin yeni mərhələsi” adlandırıb. Dünyanı bir-birinə vurmaqda usta olan Çin isə onlarla diplomatik əlaqələr yarada biləcəyini elan edib. Dünyanın yerdə qalan hissəsi həyəcan içindədir.

Baş verənlər müəyyən mənada Azərbaycana da toxuna bilər. Çünki Azərbaycan da müsəlman ölkəsidir. Düzdür, bu bizi təhdid etməyəcək, ortada Pakistan var. Amma Azərbaycan da İslam dünyasının bir hissəsidir, bu baxımdan müəyyən təsirlərdən söhbət gedə bilər.

- Baş verənlərin İslam dünyasına nə kimi təsirləri ola bilər?

- İkinci Dünya Müharibəsindən sonra dünyanın yenidən qurulması prosesi başladı. Bir də ABŞ ordusunun 2001-ci ildə Əfqanıstana girməsindən sonra dünya düzənində müəyyən korrektlərin edilməsinə start verildi. Əfqanıstandakı bu dəfəki dəyişiklik isə daha gurultulu və səs-küylü proseslərin başlanğıcı ola bilər. Yəqin ki, bu proseslər də bir çoxlarının ürəyincə olmaya bilər. Olmayacağı da qətidir.

Söhbət İslam sivilizasiyasının dünyaya verəcəyi nümunədən gedir. İslamın onsuz da ciddi tənqid obyektinə çevrildiyi indiki vaxtda bu dinə atılan böhtanları və edilən müxtəlif təhdidləri daha da sərtləşdirəcək. Hazırda Avropa İslamı dünyaya “ən problemli din” kimi təqdim etməyə çalışır. Buna görə də biz də istəyərdik ki, onların bundan sonrakı addım və davranışları İslam dininə zərər gətirməsin.

- Taliban münasibətləri inkişaf etdirəcəyi ölkələri sadaladı, Əfqanıstanın yaxın qonşusu İranın adı bu sırada yoxdur. Üstəgəl, İranla Talibanın dinə baxışları da kifayət qədər fərqlidir. Qarşıdakı dönəmdə Tehranı nə gözləyir?

- İran Talibanın birinci hakimiyyəti dönəmində onunla normal münasibət qura bilmişdi. Əfqanıstan əhalisinin bir hissəsini bəluclar təşkil edir. Həmin bəlucların 3-5 milyonu da İranda yaşayır. Yəni İran həm dini, həm də milli baxımdan Əfqanıstanla tarixi əlaqələri olan dövlətdir. Buna görə də düşünmürəm ki, taliblər İranla hansısa problemlər yaşayacaq. Əksinə, İran da Çin kimi müəyyən manevrlər edərək, Talibanı qızışdıracaq, onu anti-Amerika istiqamətinə yönəldən dövlətlərdən biri olacaq.

Onsuz da dünyada sivilizasiyalar arasında böhran yaşanır. İndi bu böhranı körükləyənlərin başında Çin gələcək, İran da onun yanında yer almasa yaxşıdır. Əgər bu gün müsəlman İran “din qardaşı” adlandırdığı Azərbaycana qarşı işğalçı Ermənistanı dəstəkləyirsə, hansı “din”, “iman” və “inanc”dan danışmaq olar?! Mən İranın dini inancına şübhəm var. Əgər onlar radikal xristianlıq və faşizm ideologiyasının daşıyıcılarına xidmət göstərirlərsə, hansı “din qardaşlığı”ndan söhbət gedə bilər?

Üstəgəl, onların son günlərdə Qarabağdakı separatçılar və Ermənistana yardımları artıb. Virusa yoluxan vətəndaşlarına vaksin ala bilməyən İran Ermənistanın Qarabağdakı separatçı dəstələrinə yardım edə bilir.

Bir sözlə, Talibanın İranla yaxınlıq edə biləcəyini düşünürəm. Çünki İran da öz daxilində bir teokratik rejim qurub. Taliban da bu nümunədən istifadə edəcək. Hələlik baş verənlərlə bağlı nikbin söz demək mümkün deyil.

Qəribəsi budur ki, Rusiya və Çin kimi dövlətlər Talibandan ABŞ və Orta Asiya respublikalarına qarşı təzyiq aləti kimi istifadə etmək istəyirlər. Talibanın Orta Asiyaya böyük təhlükə olacağını demək mümkündür. Bütün bunlar həyəcan doğurur. Qarşıdakı günlərdə söylədiklərimizin nə qədər doğru olub-olmadığını görəcəyik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər