“Azərbaycan Prezidenti İlham Əliyev açıq deyir ki, Göyçədə, Zəngəzurda, Basarkeçərdə və digər ərazilərdə tarixən azərbaycanlılar yaşayıb. Söhbət tarixi Azərbaycan torpaqlarından gedir. Biz azərbaycanlıları ora qaytaracağıq, azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaq. Prezident Kəlbəcərdə bu mesajı verdi və hesab edirəm ki, diplomatik baxımından yerində olan addımdır”.
Bu sözləri Teleqraf.com-a hərbçi ekspert Azad İsazadə Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcərdə tarixi Azərbaycan torpaqları haqqında çıxışını şərh edərkən deyib.
Azad İsazadəyə görə, reallıqda Azərbaycan torpaq iddiası qaldırmır:
“Prezident açıq deyir ki, azərbaycanlılar dədə-baba torpaqlarına qayıtmalıdır. Bunun üçün şərait yaradılmalıdır. Bəli, bu mövqedir. Biz ora qayıtmaq istəyirik. Başqa sözlə, əgər ermənilər Qarabağda yaşamaq istəyirsə, azərbaycanlılar da Zəngəzurda, Göyçədə və digər tarxi torpaqlarında yaşamalıdır. Hansı ki, indi həmin ərazilər Ermənistana məxsusdur”.
Mütəxəssis bildirib ki, ümumən proses mürəkkəbdir, zaman tələb edir:
Ancaq bu bir həqiqətdir ki, zamanında azərbaycanlılar Ermənistan vətəndaşı olaraq bu torpaqlarda yaşayıblar. İndi o vəziyyəti bərpa etmək lazımdır. Əgər erməni Qarabağda yaşamaq niyyətindədirsə, azərbaycanlılar da Göyçədə, Zəngəzurda yaşamalıdır. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Bəli, hansısa erməni Bakıya qayıtmaq eşqinə düşə bilər. Qayıda bilirsə, qayıtsın. Biz etiraz etmirik. İnanmıram ki, hansısa erməni belə bir eşqə düşsün. Həm də bir var ki, sən Zəngəzura, onun hansısa kəndinə qayıdırsan. Bu zaman sənin qohumların, qonşuların da qayıdır. Yəni hamı faktiki bir yerdə yaşayır. Bir də var kimsə gəlib Bakıda yaşamaq istəyir. Bunlar fərqli məsələlərdir. Birincisi realdırsa, ikincisi qeyri-realdır. Diplomatiyada belə gedişlər yaxşı addımlar sayılmalıdır”.