Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri Kəlbəcər və Laçın rayonlarına olub. Bu səfərlər yerlərdəki vəziyyətlə, quruculuq, bərpa işləri və bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanları baxımından əhəmiyyətlidir. Son vaxtlar erməni təxribatının intensivləşməsi fonunda məhz Ali Baş Komandanın birbaşa Ermənistanla sərhəd bölgəsində olması da açıq bir mesaj idi. Qarşı tərəfin və ona havadarlıq edənlərin bu reallığı bir daha dərk etmələri üçün Azərbaycan dövləti və onun lideri iradə nümayiş etdirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, “CNN Türk” kanalına müsahibəsindəki açıq mesajlardan sonra dövlət başçısının Laçın və Kəlbəcərə səfəri Bakının atacağı addımların birbaşa bəyan edilməsi idi:
“Bu tarixi səfər erməni faşizminin və hamilərinin ifşası, sərhəddə yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması baxımından əhəmiyyətlidir”.
Millət vəkili hesab edir ki, ölkə rəhbərinin səfəri Zəngəzur dəhlizi, məskunlaşdırma, quruculuq işləri ilə bağlı aydın mesajlarla diqqət çəkdi:
“Prezident çıxışlarında yaxın tariximizin mühüm məqamlarına toxundu. Həmçinin qəhrəmanlıq tariximizlə yanaşı, torpaqların itkisinə səbəb olmuş xəyanətlərin, kobud siyasi səhvlərin də unudulmaması ilə bağlı çağırış edildi. Məhz 90-cı illərin əvvələrində ölkədə siyasi hakimiyyətdə olmuş qüvvələrin səriştəsizliyi ucbatından Azərbaycan torpaqlarının işğalı faktı vurğulandı. Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş verib. Nəyin bahasına olursa-olsun, hakimiyyəti zəbt etməyə çalışan qüvvələr Şuşanı, demək olar ki, ermənilərə təhvil verdilər. Ardınca isə xəyanətkar, satqın, anti-milli hakimiyyətin səriştəsizliyi Kəlbəcərin işğalını şərtləndirdi”.
Cavid Osmanov qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun tarixi Azərbaycan torpaqlarını azad etməklə yanaşı, erməni mifologiyasını da məhv etdi:
“Erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyasına son qoyuldu. “Cəsur” erməni əsgərinin istənilən müharibədə qalib gələ bilməsi haqda mif darmadağın edildi. Bütün dünya gördü ki, erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu sübut olundu. Guya ermənilərin qədim tarixə, mədəniyyətə malik olması və “vəhşi müsəlmanlar” arasında qalması haqda mif çökdürüldü. Ermənilər Qafqazda mədəniyyətin ocağı, beşiyi, son məntəqəsi kimi təqdim olunurdu. Amma sübüt olundu ki, onların mədəniyyəti, qazılmış qəbirlər, dağıdılmış məscidlərdir”.