"Fransanın qanunverici orqanı Qarabağ ermənilərinin müstəqilliyini tanıdığı halda bu dövlətə necə güvənib onun vasitəçiliyindən istifadə etmək olar? Yaxud "erməni soyqırımı"nı tanıyan, seperatçı rejimə maliyyə yardımı edən ABŞ-a necə inanmaq olar? Ümumiyyətlə, ABŞ-la bağlı deyirlər ki, bu dövlətlə düşmən olmaq təhlükəli, dost olmaq isə ölümcül təhlükəlidir".
Teleqraf.com-un məlumatına görə, bunu Moderator.az -a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Minsk qrupunun fəaliyyətinin canlandırılmasının dövlət maraqlarımıza cavab verməsi barədə Milli Şura liderlərinin iddialarına münasibət bildirərkən deyib.
"Minsk qrupunun həmsədrləri həmişə ermənipərəst mövqe tutublar. Çünki onlar həm xristian dövlətləridir, həmin ölkələrdə islamafobiya mövcuddur, həm də həmin ölkələrdə siyasətçiləri ələ almaq və ya onların mövqeyinə təsir etmək gücündə olan güclü erməni diasporası var. Ermənistanın həm də Rusiyanın hərbi-siyasi müttəfiqi, əslində forpostu olmasını, Rusiyada türk - müsəlman milli respublikalarının və ən başlıcası Rusiyanın Azərbaycanda da xüsusi maraqlarının olmasını nəzərə alıb həmişə söyləyirdim ki, münaqişənin həlli üçün danışıqlar Ermənistanla yox, Rusiya ilə aparılmalıdır. Dünyadakı geosiyasi vəziyyəti, regiondakı siyasi konyukturanı, Rusiyanın yaxından əməkdaşlıq etdiyi türk - müsəlman dövlətlərin Rusiyaya təsir imkanlarını nəzərə alaraq, həmsədr ölkələrdən yalnız Rusiyanın münaqişənin həllində ədalətli mövqe tutmasına nail ola bilərik. 44 günlük savaş göstərdi ki, buna əsasən nail ola bilmişik. ABŞ və Fransa münaqişəni sonsuzluğa qədər uzatmaq və Azərbaycanı işğalla barışdırmaq istəyirdilər. Keçmiş sovet respublikalarındakı digər seperatçı rejimlərdən fərqli olaraq onlar Qarabağ ermənilərinə həmişə rəsmi qaydada maddi yardım ayırıblar. Belə olduğu halda onların proseslərə yenidən aktiv formada qoşulmasını hansı ağılla təklif etmək olar. Belə təşəbbüs və tələblə çıxış edən həmin qrupun əsas təbliğatçıları oturub ABŞ və Fransada, onlara şərait yaradılıb, TV-lər açılıb. Onlar başqa cür necə danışa bilərlər ki? Fransanın qanunverici orqanı Qarabağ ermənilərinin müstəqilliyini tanıdığı halda bu dövlətə necə güvənib onun vasitəçiliyindən istifadə etmək olar? Yaxud "erməni soyqırımı"nı tanıyan, seperatçı rejimə maliyyə yardımı edən ABŞ-a necə inanmaq olar? Ümumiyyətlə, ABŞ-la bağlı deyirlər ki, bu dövlətlə düşmən olmaq təhlükəli, dost olmaq isə ölümcül təhlükəlidir. Ukrayna və Gürcüstan, indi isə Əfqanıstan nümunəsi buna əyani sübutdur.
Əslində Paşinyanla birlikdə ABŞ və Fransanı yenidən proseslərə qoşmaq istəyən Ə.Kərimli və yandaşları göründükləri qədər kütbeyin deyil və başa düşürlər ki, regionda nə baş verir, savaşa qədər hansı siyasi-diplomatik iş aparılmışdı, Rusiya niyə savaşa qatılmadı və imkan verdi ki, biz torpaqlarımızın əhəmiyyətli hissəsində suverenliyimizi bərpa edək. Onlar onu da başa düşürlər ki, hökumət heç vaxt bəzi məsələlər barədə xalqla açıq danışa bilməyəcək, çünki düşmənlərimiz də o zaman hər şeyi biləcək və bizə qarşı istifadə edəcəklər. İndi bu "ağıl dağarcıqları" kənardan verilən təlimatlarla, -rus əsgərləri niyə Qarabağa gəldi?- deyə bağırır, Paşinyanla birlikdə ABŞ və Fransanı bölgəyə köməyə çağırırlar. Amma nə qədər möhkəm qışqırmalarından, haray-həşir salmalarından asılı olmayaraq sadə insanlar bu sualın cavabını bilir, hər şeyi başa düşür, əldə edilmiş qələbənin möhtəşəmliyini dərk edirlər. Əvvəllər də söyləmişdim, bir daha təkrar edirəm İlham Əliyevin problemin həllinə dair konsepsiyası ortadadır və həmin konsepsiya Türkiyənin dəstəyi ilə addım-addım həyata keçirilməkdədir".