21 Avqust 2021 15:48
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı "CNN Türk" kanalına müsahibəsində, Kəlbəcər və Laçında etmiş olduğu çıxışlarında Zəngəzur dəhlizinin tarixi əhəmiyyətini bir daha önə çəkdi. Sözsüz ki, bu amil tarixi Azərbaycan torpağı olan Zəngəzura, Göyçə mahalına azərbaycanalıların qayıdışını özündə ehtiva edir. Həmçinin ölkə başçısı tərəfindən rəsmi Bakının mövqeyi, post-müharibə dövrünün reallıqları, regionda davamlı sülhə xidmət edən mühüm mesajlar verildi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, bu gün Azərbaycanın qarşısında duran başlıca vəzifə azad olunmuş ərazilərin qısa zamanda bərpası və insanlarımızın öz evlərinə qayıtmasıdır:

“Erməni işğalından azad olunan ərazilərimizə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən 10-dan artıq səfər edilib. Bu səfərlər sözsüz ki, oradakı vəziyyətin, erməni barbarlığının bütün dünyaya çatdırılması, Azərbaycanın haqlı mübarizəsinin təbliği istiqamətində atılan mühüm addım hesab olunur. Həmçinin səfərlər sözsüz ki, həmin ərazilərdə görülən və qarşıda duran vəzifələrin icrasını da təmin edir. Artıq qısa zamanda Azərbaycan dövləti azad olunmuş ərazilərdə ən zəruri infrastrukturun yaradılması istiqamətində ciddi addımlar atıb. Yol, nəqliyyat, enerji, su təchizatı ilə bağlı mühüm layihələr icra olunub. Bu da gələcəkdə məskunlaşmanın daha asan və çevik bir formada təminatına imkan yaradacaq”.

Millət vəkili hesab edir ki, Kəlbəcər və Laçında görülən işlər, elektrik enerjisi, su elektrik stansiyasının yaradılması, tunellərin, yolların çəkilməsi ilə bağlı atılan adımlar mühüm əhəmiyyət kəsb edir:

“Dövlətimiz hazırda bu istiqamətlərdə özünün bütün imkanlarını səfərbər edərək strateji layihələrin tez bir zamanda reallaşmasına çalışır”.

Sevinc Hüseynovaya görə, vaxtilə Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından köçürülən 300 mindən artıq soydaşımızın da ən ümdə arzusu o torpaqlara qayıtmaqdır:

“Dövlət başçısı Kəlbəcər, Basarkeçər ərazisindəki yoldan bəhs edərkən, bu yolun birbaşa tarixi Azərbaycan torpaqlarına getdiyini vurğuladı. Çünki ermənilərin “Vardenis” adlandırdığı Basarkeçər, tarixi Azərbaycan ərazisidr. Ora Göyçə mahalının Basarkeçər rayonudur. Basarkeçərin əhalisinin də mütləq əksəriyyəti azərbaycanlılar olub. O cümlədən Zod kəndinin sakinləri də sırf azərbaycanlılar idi. Onlar da ermənilərin deportasiyasına məruz qalıb. 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını “Vardenis” adı ilə əvəzləyib”.

Deputat ümumi leksikonumuzda Basarkeçər adının daha çox işlənməsinin arzu olunan hal olduğunu söyləyib:

“Bu fikirlər tarixi ata-baba torpaqlarından zorla qovulan insanların ümidlərinin reallaşmasına bir növ işıq salmış olur. Çünki o insanların da ən ümdə arzusu öz doğma ocaqlarına, torpaqlarına qayıtmaqdır. İnşallah dövlətimizin apardığı siyasət nəticəsində bu arzumuz da çin olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər