Ənənəvi təhsilin üstünlükləri çoxdur. Canlı ünsiyyət tədrisin keyfiyyətinə, təlim-tərbiyənin daha çevik aşılanmasına imkan yaradan amildir. Eyni zamanda bu təhsil metodu sınaqlardan uğurla çıxıb. Sözsüz ki, elmin, texnikanın inkişaf etdiyi bir dövrdə distan təhsil, məsafədən tədrisin əhəmiyyəti gündəmə gəlir.
Bunu Teleqraf.com-a Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, ənənəvi təhsilə dönüşün əhəmiyəti böyükdür:
“Çünki ənənəvi təhsil hazırkı təhsildən çox irəlidir. Onlayn qaydada dərslərin keçirilməsi həmin effekti vermir. Ənənəvi təhsil tələbələrin sosiallaşmasına, təlim-tərbiyəsinə ciddi təsir göstərir. Tələbələr, şagirdlər öz həmyaşıdları ilə daha çox ünsiyyətdə olur. Amma onlayn və distant təhsilin təşkili ilə bağlı zaman-zaman müxtəlif problemlər yaranıb. Ona görə yaxşı olardı ki, biz ənənəvi təhsilə qayıdaq. Ənənəvi təhsilə geri dönüşümüz ötən ildən itirdiklərimizi müəyyən mənada geri qayıtmasına təkan verə bilər. Bununla da gənclərimiz daha yaxşı təhsil ala bilər”.
Millət vəkili hesab edir ki, ənənəvi təhsilə başlamağımız üçün vaksin olunmaq zəruridir:
“Bütün tələbələr, şagirdlər, valideynlər çalışmalıdırlar ki, bu prosesdən uğurla keçsinlər. Amma son günlər Azərbaycanda yoluxmanın sayında ciddi dəyişikliklər müşahidə olunur. Yoluxma sayının kəskin artması müəyyən narahatlıqlar, suallar yaradır. Bu da vaksinasiyadan hamılıqla keçmədiyimizin əyani sübutudur. Təəssüf ki, bəzi vətəndaşlar hələ də özlərini qorumurlar”.