“İranın yeni Prezidenti İbrahim Rəisinin rəhbərliyi altında yeni hökumət fəaliyyətə başlayacaq. Yeni İran hökumətindən fərqli bir mövqe, pozitiv addımlar gözləmirəm. Rəisi mühafizəkar qanadın təmsilçisidir. Hesab edirəm ki, sələflərinin izlədiyi siyasət kursunu davam etdirəcək. Məntiq bunu deyir”.
Bunu Teleqraf.com-a politoloq Rüstəm Məmmədov İranda qurulan yeni hökumət və onun fəaliyyətində hansısa dəyişikliklərin edilib-edilməyəcəyi mövzusunda danışarkən deyib.
Politoloq əmindir ki, İbrahim Rəisi hökuməti İranın xarici siyasət kursu ilə bağlı heç bir dəyişikliyə getməyəcək:
“Bir daha qeyd edim ki, mühafizəkarlar sələflərinin yolu ilə gedəcək. Ümumən İranda bu model hələ qalmaqdadır”.
Müsahibimiz düşünür ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”la İran arasında da münasibətlər gəskinləşməyəcək:
“Ehtimal edirəm ki, onlar düşmən deyil, dost olacaqlar. Baxmayaraq ki, hər ikisi fərqli məzhəbdədir, amma İslam dövləti olduqlarına görə, yola getməyə çalışacaqlar. Yəni bir-birinə qarşı çıxış etməyəcəklər. Ümumən düşünürəm ki, “Taliban” müsəlman ölkələri ilə əlaqələrin normal olmasına çalışacaq”.
Bununla belə “Taliban”ın perspektivini görmədiyini deyən Rüstəm Məmmədov ehtimal edir ki, onların belini Rusiya qıracaq:
“Əvvəl-axır belə olacaq. Başqa kim edə bilər? Amerika edə bilərdi, amma etmədi, faktiki Əfqanıstandan qaçdı. Bir zamanlar ruslar da qaçmışdı, amma indi Rusiya təhlükə hiss edir. Çin isə bu işlərə ümumiyyətlə qarışmayacaq”.