Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın dövlət telekommunikasiya operatoru “Rostelekom”, “Vedomosti” və “Moskovskiy Komsomolets” qəzetləri də daxil olmaqla, 12 rus şirkətinə sanksiya tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Zelenski Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının separatçı Donetsk Respublikasının lideri Denis Puşilinlə əlaqəli olduğunu iddia etdiyi 12 Rusiya müəssisəsinə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.
Sanksiyalar siyahısına daxil olan şirkətlər “Business News Media”, “Vedomosti” və “Moskovskiy Komsomolets” qəzetləri, “TRK-3”, Tarixi Perspektiv Araşdırmalar Mərkəzi, “Vzaimopomoş” Xeyriyyə Cəmiyyəti, “Novinfo”, “Naşe Zavtra”, “Light-print”, “Narodniye Novosti” və “Anna news”dir.
Ötən həftə Rusiya Ukrayna vətəndaşlarına qarşı sanksiyaların siyahısını genişləndirərək, bura Xarici işlər naziri Dmitri Kuleba və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovu da əlavə edib.