“Moldova və Gürcüstana görə işğal məsələsində ən əlverişli durumda bizik”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Partiya rəsmisi dünən Krım Platformasının Kiyevdə keçirilən sammitinə diqqət çəkib:
“Azərbaycanın Krım Platformasına getməməsi ciddi müzakirə olunur. Əlbəttə, ölkəmizdən tədbirə hansısa nümayəndə heyəti gedə bilərdi, amma hamımız bilirik ki, Bakı niyə bu tədbirdə iştirakdan imtina edib. Kreml bu tədbirdə iştirak edənlərə qarşı aqressiv ola bilər, olacaq da. Sual verilə bilər ki, bəs Moldova, Gürcüstan niyə gedib, onlar niyə çəkinmir? Cavab aydındır: həm Moldova, həm Gürcüstan Rusiyanın işğal etdiyi Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiyadan əlini üzüb, amma biz Rusiyanın faktiki işğal etdiyi Xankəndi və ərtaf bölgələrdən imtina etməmişik. Hələ ki, Moldova və Gürcüstana görə işğal məsələsində ən əlverişli durumda bizik.
Kremllə bütün körpüləri yandırmağın öz bədəli var. Hələ ki, Moskva da bizlə gərgin münasibətlər istəmir, amma öz yaxın çevrəsinin dili ilə tez-tez təhdid edir, Xarici İşlər Nazirliyinin ağzı ilə bizə sərt cavab verir. Yəni hələ də şans var ki, Xankəndi və ərtafının məsələsini biz həll edə bilək, nə vaxt ki, bu imkan Moskvaya görə tam tükənəcək, o zaman Rusiya ilə gərgin münasibətlər olacaq və təəssüf ki, o gün mütləq olacaq.
Moskva ilə gərginlik yaşanacaq, ona görə də indidən bu günə hazırlıqlar görülməli, de-fakto və de-yure ittifaqlar gücləndirilməlidir.
Hələlik isə Ukraynaya yardım etmək bu platformaya qoşulmaqdan daha effektiv addım ola bilər, elə bilin ki, ordayıq, çünki rəsmi Ankara həm də bizi təmsil edir. Siyasətdə, əsasən də xarici siyasətdə emosional olmaq olmaz, praqmatik düşünmək lazımdır”.