Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sülhəddin bəy, beynəlxalq siyasi şərtlər və konyuktura “Taliban” hərəkatının qəfil Əfqanıstanda hakimiyyəti ələ keçirməsinə şərait yaratdı. Müşahidə etdiyimiz publik görüntülərin arxa fonunda hansı ssenarilərin yazıldığını güman edirsiniz?
- Əgər 20 ildir ki, Əfqanıstanda olan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) proqnozları düzgün çıxmırsa, kənar müşahidəçi olan mütəxəssisin yüz faiz doğru proqnozlar söyləməsi olduqca çətindir. Əslində buna “Əfqanıstan müəmması” desək, daha düzgün olardı. Hazırda dünyanın öndə gedən kəşfiyyat xidmətləri, təhlükəsizlik mütəxəssisləri və politoloqları baş sındırır. Mən də prosesləri imkan daxilində izləyirəm. Əslində bu, gözlənilməz proses deyildi. Hələ 2014-cü ildən ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması gözlənilirdi. Hətta həmin dövrdən öncə, 2010-cu ildən etibarən rus ekspertlər narazılıq ifadə edirdilər ki, əgər ABŞ Əfqanıstanı tərk edərsə, qeyri-stabillik Orta Asiyaya və sonra Rusiyaya yayıla bilər. Yəni 2010-cu ildə rus ekspertlər Rusiya üçün belə təhdidin ola biləcəyini anons edirdi. Bir sözlə, ABŞ və NATO ordusunun Əfqanıstandan çıxması haqda söz-söhbətlər 2010-cu ildən başlanıb, 2014-cü ildə bu, ciddiyyət alıb. Yəni bu gün müşahidə olunanlar gözlənilməz proses kimi önə çıxmayıb. Hələ 2012-ci ildə Prezident Obama açıq bəyan edirdi ki, biz diqqətimizi Orta Şərqdən Asiya-Sakit okena yönəltməliyik. Çünki inkişafın mərkəzi bu bölgəyə keçib. Yəni prosesin təməli Obama dövründən qoyulub və gözlənilirdi. İndi elə danışırlar ki, sanki gözlənilməz hadisə yaşanır. Bəyəm Donald Tramp administrasiyası dövründə qoşunların Əfqanıstandan çıxarılması açıq qeyd olunmurdu? Və ya 2018-ci ildən danışıqlar getmirdi, həbsdə olan “Taliban” rəhbərləri ABŞ-ın istəyi ilə azadlığa buraxılmırdı? Bu, necə gölənilməz ola bilər? Nəhayətdə 2020-ci ilin fevralında “Taliban”la ABŞ arasında anlaşma imzalanmadı, ABŞ dövlət katibi Pompeo səviyyəsində “Taliban”la müzakirələr aparılmırdı? Bütün bundan sonra necə demək olar ki, “Taliban” qəfildən Əfqanıstanda hakimiyyəti götürdü?
- Amma siz də “Əfqanıstan müəmması” ifadəsini işlətdiniz...
- O mənada deyirəm ki, indi hamı baş sındırır ki, regionda nə baş verib və ABŞ nədən Əfqanıstanı tərk edib. Əslində isə müəmma yoxdur və bu gözlənilən proses idi, sadəcə bir qədər sürətləndirildi. Bəli, hamı deyir ki, ABŞ nədən buranı tərk edib. Əvvəla, ABŞ istədiyinə nail olub. Çoxları sadəlöhvcəsinə düşünür ki, ABŞ-ın məqsədi azad, demokratik və rifaha qovuşan Əfqanıstan qurmaq istəyidir. ABŞ daxil olmaqla, hansı xristian ölkəsi bir müsəlman ölkəsində demokratiyanın qurulmasına razı olar? Demokratiya qurulması o deməkdir ki, bu müsəlman ölkəsi inkişaf yoluna çıxacaq. Xristian dünyasına bu lazımdırmı? 2001-ci ildə ABŞ-da binalar vurulanda prezident Buş açıq dedi ki, biz xaç yürüşlərinə çıxırıq. Bu xaç yürüşü idi, məqsəd Əfqanıstanı viran qoymaq, xaos yaratmaq idi. İndi də öz vəkilinə təhvil verirlər. Bu xaosun hansı istiqamətə yönələcəyini maraqla gözləmək lazımdır.
- Proqnozlarınız necədir, xaos hansı istiqamətə servis edilə bilər?
- Fikrimcə, müxtəlif istiqamətlərə yönələ bilər. Potensial istiqamətlər Rusiya, Çin, İran ola bilər. O cümlədən də Pakistan. Məncə, xaosun hansı istiqamətə yönələcəyi daha çox ABŞ dərin dövlətinin verəcəyi qərardan asılıdır. ABŞ-ın bir açıq qərarı var və bu da Rusiyanı milli təhlükəsizliklərinə təhdid hesab edirlər. Çünki Rusiya hərbi təhlükəsizlik və kəşfiyyat sahəsində ABŞ-a təhdid yaradır. Strateji rəqib kimi də Çin göstərilir. Əgər strateji rəqabətə öncəlik verəcəklərsə, deməli, ilk növbədə Çinə yönələcək. Məsələn, Çinin əsas strateji layihəsi “Bir kəmər, bir yol” proyektidir. Bu haradan keçir? Mərkəzi Asiyadan və bir qolu da Pakistandan. Əfqanıstanda artıq xaos yarandı. Bu, Orta Asiyaya da, Pakistana da keçə bilər. Eyni zamanda burada İran məsələsi Tehranla aparılan danışıqlardan asılı olacaq. Unutmayaq ki, ABŞ dərin dövləti daxilində gedən rəqabətdən də asılı olacaq. Çünki dərin dövlətin baxışları fərqlidir. Donald Tramp dövründən faktiki ABŞ dərin dövlətində parçalanma baş verib. Trampın arxasında duran sionist-yevangels qüvvələr əsas hədəfin Çin olduğunu və onun da yanında İranı göstərirlər. Amma dərin dövlətin anqlosakson qanadı əsas hədəfi Rusiya hesab edirlər. Xaosun hansı istiqamətə yönələcəyi məncə, ABŞ dərin dövlətində hansı qanadın üstün gəlməsindən asılı olacaq.
- Siz, deyilənlərin əksinə olaraq bölgədə böyük qeyri-sabitlik gözləyirsiniz?
-Təsəvvür edin ki, əl bombasını çəkərək Mərkəzi Asiyaya buraxıblar. İndi ABŞ iki böyük termin ortaya atıb. Birincisi, “Böyük Mərkəzi Asiyadır”. Əfqanıstan da bura daxildir. İkincisi, Hind-Sakit okean bölgəsi. Hər iki bölgə ABŞ-ı maraqlandıran regiondur. Hind-Sakit okean əsasən Çinlə bağlıdır. “Böyük Mərkəzi Asiya” isə əsasən Rusiya ilə bağlıdır. Prosesləri müşahidə etmək lazımdır.
- “Taliban”ın uzunmüddətli hakimiyyətdə qalmaq perspektivi nə dərəcədə realdır?
- Tarixi plana baxanda görürük ki, 1996-2001-ci illərdə “Taliban” hakimiyyətdə olub. Amma həmin dövrdə “Taliban” bütövlükdə Əfqanıstana nəzarət edə bilmirdi. İndi isə prinsipcə demək olar ki, vəziyyət köklü dəyişib, bunun üzərindən 20 il keçib, “Taliban”ın arxasında böyük güclər var və s. Məncə, burada gözləmək lazımdır. Baxaq, görək “Taliban”a ağıl verənlər ona hansı məsləhəti görəcəklər. Əgər “Taliban” geniş və tərəflərin marağını ifadə edəcək keçid hökuməti quraraq seçkilər vasitəsilə hakimiyyətini möhkəmləndirib sabitlik yarada biləcəksə, müəyyən dövr üçün mərkəzi hakimiyyət qura biləcək. Yox, əgər puştunlara əsaslanan “Taliban” hökuməti quracaqlarsa, bu, yeni daxili vətəndaş müharibəsinə yol açacaq. Puştunlar maksimum ölkə əhalisinin 42 faizini təşkil edirlər. Bəs yerdə qalan 58 faiz necə olacaq? Deməli ölkəni vətəndaş müharibəsi perspektivi gözləyir. Ona görə də burada variantlar çoxdur, amma əsas iki variantdır. Geniştabanlı hökumət qura bilsələr, böyük dövlətlərin dəstəyini alaraq bir müddət mərkəzi hökumət qura biləcəklər. Yox, bu sırf “Taliban” hökuməti olacaqsa, məncə, xaos dərinləşəcək və Əfqanıstanın uzunmüddətli vətəndaş müharibəsinə daxil olacaq.
- "Taliban"ın arxasında Pakistanın durduğuna dair iddialar səsləndirilir...
- Bu incə məsələdir. “Taliban”ın yaradılmasının fikir babası ABŞ, Mərkəzi Kəşfiyyat İdarəsidir. Amma burada Səudiyyə Ərəbistanın maliyyəsindən istifadə edilib. “Taliban”ı birbaşa quran isə Pakistan hərbi kəşfiyyatı (İSİ) olub. Lakin Pakistan həmin dövrdə ABŞ-la birlikdə hərəkət edirdi. İndisə fərqli dövrdür. 2011-ci ildə Pakistanın xəbəri olmadan ABŞ-ın onun ərazisində əməliyyat keçirərək Bin Ladenin öldürməsindən sonra tərəflər arasında ciddi gərginlik yaşanır. Xüsusilə, Pakistan hərbi elitası və kəşfiyyat xidməti ilə ABŞ arasında. Bunu nəzərə almaq lazımdır.
İkincisi, Pakistan məcburdur ki, “Taliban” hökumətinə dəstək versin. Çünki puştnların böyük hissəsi Pakistanda yaşayır. Əgər Əfqanıstanda 15 milyona yaxın puştun varsa, bunun iki qatı-30 milyonu Pakistanda yaşayır. Üstəlik “Böyük Puştunstan” ideyası var. Ona görə Pakistan həm ABŞ-la münasibətlərinə, həm də daxili məsələlərə görə “Taliban”a dəstək verməyə məcburdur. Hazırda Pakistan Çinlə fəal əməkdaşlıq içindədir və onun “Bir kəmər, bir yol” layihəsində aktiv rol alan dövlətlərdən biridir. Odur ki, Pakistan da ağır durumdadır.
- Bəzi ekspertlər ehtimal edirlər ki, Türkiyə Əfqanıstan proseslərində fəal iştirak edən tərəflərdən biri olacaq. Ankara qədim əlaqələrə malik olduğu Əfqanıstanda hansı rolu oynaya bilər?
- Türkiyə Əfqanıstan məsələsinin qlobal oyunun bir parçası olduğunu bildiyinə görə, proseslərin içində olmaq və rol almaq istəyir. Çünki bu formada həm özünü qoruyur, həm də açılan yeni imkanlardan bəhrələnmək şansı əldə edir. Məncə, burada Türkiyə iki məsələdə uduş əldə edə bilər.
Birincisi, bu prosesə daxil olmaqla əslində özünü qoruyur.
İkincisi, əlini gücləndirməklə qlobal və regional oyunlarda öz maraqlarını təmin etməyə çalışır.
Odur ki, Türkiyənin Əfanıstan prosesində fəal rol oynamasına şübhə olmamalıdır.