“Ermənistanı bu addımları atmağa təhrik edən Rusiyadır. Fransanın da bu işdə rolu var. Biz müəyyən məsələlərin həllində Ermənistanla dil tapa bilərik. Rusiya isə bölgədəki nüfuzunu və təsir dairəsini saxlamaq üçün hadisələrin müəyyən həddə qədər inkişafına mane olmamağa çalışır. İndi isə hadisələrin müsbət istiqamətə inkişaf etməsinin qarşısını almaq üçün görülən işlərə pəl vurmağa başlayıb”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Ermənistan Azərbaycana qarşı növbəti dəfə təxribata əl atdı, bir əsgərimizi yaraladılar. Azərbaycan ordusunun buna cavab olaraq, Qafan-Gorus yolunun ölkəmizdən keçən hissəsini bağlaması haqda məlumat yayıldı. Erməni tərəfi Rusiyanın da səylərinə baxmayaraq, Azərbaycanın geri addım atmadığını bildirir. Baş verənlər haqda fikriniz nədir: erməniləri başa salmaq üçün növbəti dərsə ehtiyac olacaqmı, yoxsa bu, onlarçün lazımlı mesajdır?
- Hesab edirəm ki, Azərbaycan yüz ölçüb, bir biçir. Azərbaycan yavaş-yavaş öz ərazi bütövlüyünün tam təmin olunması ilə bağlı tədbirlərini həyata keçirir. Azərbaycan son məqsədi Laçın dəhlizi üzərində nəzarətini bərpa etməkdən ibarətdir. Amma indi baş verənlərə adekvat olaraq, Gorus-Qafan yolunu bağlayır. Bununla da Xankəndinə nəqliyyat axınının sürətini azaldır. Eyni zamanda, Ermənistana başa salmaq istəyir ki, nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələsində Azərbaycandan asılıdır. Azərbaycan 44 günlük müharibədə təkcə ərazilərini azad etmədi, eyni zamanda Ermənistanın bütün nəqliyyat və kommunikasiya xətlərinə nəzarəti təmin edən hakim mövqelərdə öz yerini bərpa etdi.
İndi Rusiya Azərbaycanın bu yolu bağlamasından narahatdır. Təbii ki, Rusiyanın nə deməsindən asılı olmayaraq, Azərbaycan bu addımı atırsa, demək, bunun arxasında ciddi əsasları var. İlk növbədə, həmin yolun bir hissəsi bizim ərazilərimizdən keçir. İkincisi, bununla Ermənistanı ağlını başına gətirmək istəyir. Bununla son günlərdə Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı sərgilədiyi tərsliyin qarşısını almaq niyyətindədir. Əgər bu baş verməsə, Azərbaycan Laçın dəhlizi üzərində nəzarətini bərpa etmək məsələsinə baxa bilər. Azərbaycan bu addımları atırsa, demək ki, nəyəsə araxlanır. Baxın, sentyabrın 2-də Füzulidə beynəlxalq hava limanı işə düşəcək. Hesab edirəm ki, bundan sorna Azərbaycanın müttəfiqlərinin hərbi tranzit səviyyəsi daha yüksək mərhələyə qalxacaq. Çünki Azərbaycan başa düşür ki, bölgədə vasitəçi olan Rusiya artıq öz missiyasını sədaqətlə yerinə yetirmir. Buna görə də Azərbaycan yeni müharibəyə hazırlıq görür.
- Bəs Rusiya niyə anlaşmalardan boyun qaçırır?
- Rusiya bu anlaşmaları ona görə pozur ki, artıq Azərbaycanın strateji seçimi ona məlum olub. Əlbəttə Azərbaycan Rusiya ilə strateji tərəfdaşlığını qoruyub-saxlamaq niyyətindədir. Amma Rusiya bu əməkdaşlığın prinsiplərinə zidd addımlar atır. Rusiya həm müharibə dövründə, həm də indinin özündə Ermənistana davamlı olaraq silahlar göndərir. Bayaq bunu gizli edirdisə, indi aşkar şəkildə həyata keçirir. Rusiya bununla göstərmək istəyir ki, o, heç kimdən çəkinmir və bölgədə ən azı güc balansını bərabərləşdirmək üçün Ermənistana silahlar göndərir. Bu isə mümkün deyil. Çünki Azərbaycanın bölgədəki təsir gücü həlledicidir. Artıq Azərbaycan da öz müttəfiqlərini bölgəyə dəvət etməyə başlayıb. Bu, bölgədəki geostrateji məsələləri tamamilə dəyişə bilər.
- Yeni savaş ehtimalını istisna etmədiniz. Bəs bölgədə Rusiya hərbçilərinin olduğu bir vaxtda belə bir savaş hansı riskləri yarada bilər?
- Hələ ki, Rusiya Ermənistan tərəfindən aşkar formada çıxış etməyə cürət etmir. Bunun üçün Türkiyənin bizim tərəfimizdə açıq şəkildə çıxış etməsi lazımdır. Azərbaycan indiki məqamda Türkiyə qüvvələri ilə bir sıra tədbirləri həyata keçirir. Həmin yolu Rusiya Ermənistanla davam etdirir. Rusiya Ermənistanı silahlandırmaqla yanaşı, bu ölkədəki hərbi bazalarından da ona dəstək üçün istifadə edir. Üstəgəl, tərəflər arasında bir müqavilə də imzalayıb. Həmin müqaviləyə görə, müharibə şəraitində Rusiya və Ermənistan qoşunlarını birləşdirib birgə əməliyyat keçirə bilərlər. Bu zaman da komandanlıq ermənilərə məxsus olur.
Bölgədə mürəkkəb situasiya yaranıb. Bunun da əsas səbəbkarı Rusiyadır. Ermənistanı da qeyri-konstruktiv mövqe tutmağa Rusiya məcbur edir, özü isə 10 noyabr bəyanatını yerinə yetirmək istəmir.
- Türkiyə bölgədə gedən hazırkı proseslərin harasında qərar tutub?
- Türkiyə proseslərlə yaxından və daim maraqlanır. Bu günlərdə müdafiə naziri Hulusi Akar növbəti dəfə bəyan etdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır, bütün imkanları ilə ölkəmizi müdafiə etməyə hazırdır. Hesab edirəm ki, sentyabrın 2-də Füzulidəki beynəlxalq hava limanının açılmasından sonra Türkiyənin bu proseslərdə hansı şəkildə iştirak etdiyini görəcəyik. Məncə, bu iştirak möhtəşəm və qürurverici olacaq.
- Həmişə deyilir ki, Ermənistan və Azərbaycanı barışmağa qoymayan kənar təsirlərdir. Bəs Ermənistanın özü buna necə baxır?
- Dediyim kimi, ilk növbədə, Ermənistanı bu addımları atmağa təhrik edən Rusiyadır. Fransanın da bu işdə rolu var. Biz müəyyən məsələlərin həllində Ermənistanla dil tapa bilərik. Rusiya isə bölgədəki nüfuzunu və təsir dairəsini saxlamaq üçün hadisələrin müəyyən həddə qədər inkişafına mane olmamağa çalışır. İndi isə hadisələrin müsbət istiqamətə inkişaf etməsinin qarşısını almaq üçün görülən işlərə pəl vurmağa başlayıb. Özü də bunu çox nümayişkaranə şəkildə edir - müdafiə və xarici işlər nazirlərindən tutmuş Putinə qədər...