Avqustun 30-da Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teleqraf.com-un məlumatına görə, konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Neftçala rayon təşkilatının sədr əvəzi Cavad Mirzəyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı hesabat dövründə öz işini partiya Nizamnaməsinə, Qurultay qərarlarına, YAP İdarə Heyətinin tapşırıq və göstərişlərinə, partiya rəhbərliyinin tövsiyələrinə uyğun qurmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. Rayon təşkilatının fəaliyyəti əsasən partiyanın sosial bazasının daha da möhkəmləndirilməsindən, ideya-siyasi təbliğat işinin gücləndirilməsindən, partiyanın məram və məqsədlərinin rayon ərazisində daha geniş yayılmasına nail olmaqdan, partiya üzvlərinin mütəşəkkiliyinin artırılmasından, işin forma və metodlarının daim təkmilləşdirilməsindən, təşkilatın fəaliyyətinin mühüm təminatı kimi onun maddi-texniki bazasının möhkəmləndirilməsindən ibarət olub.
C.Mirzəyev qeyd edib ki, YAP Neftçala rayon təşkilatının 58 ərazi ilk partiya təşkilatının sıralarında 4981 nəfər üzv var. Onların 2162 nəfəri gənclər, 2460 nəfəri qadınlardır. Hesabat dövründə 565 nəfər partiya rayon təşkilatının sıralarına qəbul olunub ki, onlardan 468 nəfəri qadınlar, 268 nəfəri gənclərdir.
Sonra YAP Neftçala rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Cəlal Rəsulov hesabat məruzəsi ilə çıxış edib.
Müzakirələr zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədr müavini Şəfəq Balaşova, rayon təşkilatı Gənclər Birliyinin sədri Ülvi Fərzəliyev, rayon təşkilatının Şura üzvü Ruhəngiz Nəcəfova, ərazi ilk partiya təşkilatının sədri, Neftçala rayon Təhsil şöbəsinin müdiri, Vüqar Dadaşov çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxan Azərbaycan möhtəşəm uğurları ilə dünyanın diqqət mərkəzindədir. Partiyamızın Sədri cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin vacibliyini önə çəkərək son 18 ildə bu vədini əməli ilə təsdiqlədi. Bu gün Azərbaycan qalib ölkə kimi regionun gələcək inkişafı ilə bağlı prioritetləri müəyyənləşdirən güclü dövlət olaraq bölgənin stabilliyinin qarantı rolunu oynayır.
Ə.Tağıyev yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən də ətraflı şəkildə bəhs edib, YAP Neftçala rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, YAP Neftçala rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.