Ölkəmizdə hərbçilər, qazilər və şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunub. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, hərbçilərə, qazilərə xüsusi diqqət və qayğı var. Eyni zamanda bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsi, onların mənzil- məişət şəraitinin yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir.
Bunu Teleqraf.com-a Milli Məclisin depuytaı Cavid Osmanov deyib.
O qeyd edib ki, ölkəmizdə müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir: “2021-ci il 26 avqustunda dövlət başçısı tərfindən şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzil və 50 avtomobil təqdim edildi. Bu günə qədər isə 7200 müharibə əlili avtomobillə təmin olunub. Növbəti mərhələdə bu kateqoriyadan olan insanlara 160-dan çox avtomobilin verilməsi planlaşdırılır”.
Millət vəkili xatırladıb ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub: “Dövlət başçısının imzaladığı Sərəncamla yeni proqram təsdiq edilib. Həmin proqramla 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulur. Paralel olaraq şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub. 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Bu ilin əvvəlindən bu günə qədər 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin edilib. Bütün bunlar isə dövlətin hər bir kateqoriyadan olan vətəndaşa olan münasibətinin bariz nümunəsi hesab olunur”.
Cavid Osmanov II Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslərə də mənzillərin verilməsinin təmin olunacağını söyləyib: “Azərbaycanda dövlət siyasətinin sosial yönümlü olduğu göz önündədir. Məhz müharibədən sonra 9 mindən çox insana sosial ödənişlərin verilməsi deyilənləri bir daha təsdiqləmiş olur. Paralel olaraq müharibə dövründə əmlakına zərər dəymiş mülki əhaliyə də dövlət tərəfindən yardımlar göstərilir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilir. Bütün bunlar ölkəmizdə həssas təbəqədən olan ailələrin daima dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunun əyani təzahürüdür”.