31 Avqust 2021 13:47
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu gün bütün imkanları səfərbər edir ki, erməni işğalından azad olunan torpaqlarda çox tez bir zamanda həyat canlansın. Hazırda dövlət başçı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəhəng quruculuq işləri aparılır. Qarabağı, Şərqi Zəngəzuru, dağıdılmış şəhərləri, rayonları, kəndləri xarabaya çevrilmiş halda görmək çox çətindir. Azərbaycan qurucu bir dövlətdir. Erməni işğalından azad olunmuş ərazilərin yenidən bərpası üçün həyata keçirilən layihələr bunun bariz nümunəsidir. Doğma torpaqlarımızı yenidən öz əvvəlki gözəlliyinə, əzəmətinə qaytarıb, bu torpaqları əkib-becərəcəyik, yaşayacaq, yaradacağıq.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, pandemiya şəraitində, 44 günlük Vətən müharibəsindən çıxmış bir ölkə azad edilmiş torpaqlarında geniş quruculuq işləri icra edir:

“Bütün bunların fonunda şəhid ailələr və qazilərin sağlamlığı, mənzil-məişət şəraitinin, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı adımlar atır. Sözsüz ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri dövlətimizin qüdrətindən, ölkə başçısının əzmindən xəbər verir".

Professor xatırladıb ki, Ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” deyimi bu gün özünün tarixi gerçəkliyi ilə təsdiqini tapıb:

“Prezident İlham Əliyevin bildirdiyi kimi: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir". Bu gün Şuşa yenidən qurulur, ona yeni həyat, yeni nəfəs verilir. Təməlqoyma mərasimləri, bir sıra sosialyönümlü obyektlərin açılışı hər kəsdə ruh yüksəkliyi yaradır. Azərbaycan ədəbiyyatının və incəsənitinin görkəmli nümayəndələri Molla Pənah Vaqifin büstü və məqbərəsinin, Bülbülün ev muzeyinin, Üzeyir Hacıbəylinin büstünün açılmasını qürur hissi ilə seyr etdik”.

Komitə sədri söyləyib ki, uzun fasilədən sonra Vaqif poeziya günlərinin keçirilməsinin tarixi, mədəni, ədəbi əhəmiyyəti olduqca böyükdür: “Bəlli tarixi bir dönəmdən sonra “Xarı bülbül” festivalı və “Vaqif poeziya günləri” nin keçirilməsi hər birimiz üçün bayramdır. Şuşa müqəddəs ziyarətgahdır. 39 ildən sonra Şuşaya Ali Baş Komandan, Prezident kimi gedən cənab İlham Əliyev bu tarixi şəhərimizi Azərbaycanın mədəniyyət paytaxtı elan etməklə yanaşı, həm də ona bir müqəddəs ziyarətgah olaraq da dəyərləndirdi”.

Hicran Hüseynova bildirib ki, xalqımız çox möhtəşəm tarixi günlər yaşayır:

“Çox tezliklə Şuşada yaşayış məhəllələri tikiləcək və öz doğma evlərindən didərgin düşən şuşalılar, eləcə də bütün qarabağlılar, şərqi zəngəzurlular el-obalarına qayıdacaq və burada əbədi yaşayacaqlar. Artıq bu gün Qarabağ, Şuşa, 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur. Qarabağ öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər