Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov və aparat rəhbəri Elşad İbrahimovu qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə məqsəd UAR-ın fəaliyyəti, son zamanlar keçirilmiş və nəzərdə tutulan tədbirlər barədə məlumat vermək, həmçinin gələcək birgə tədbirlərin müzakirə olunması məqsədi daşıyıb.
Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinə toxunan səfir öz tövsiyə və təkliflərini bildirib:
“Arzumuz UAR-ın bütün Azərbaycanlıların evinə çevrilməsi, milli maraqlarımızın Ukraynada müdafiə və tərənnüm edilməsi məqsədilə diasporumuzun koordinasiyalı şəkildə fəaliyyət göstərməsidir. Regionlardakı diaspor təşkilatları və icmalarla əlaqələr gücləndirilərək, onların UAR ətrafında birləşməsinə nail olmaq lazımdır”.
Səfir Azərbaycan kimi qüdrətli və müzəffər bir xalqın vahid və güclü diaspora sahib olması üçün dövlət dəstəyi və lazımi imkanların mövcud olduğunu da əlavə edib.
Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinin Ukraynada əbədiləşdirilməsi məqsədilə Heydər Əliyev Fondu və şəxsən I vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında ədibin və onun “Xəmsə”sindən qəhrəmanların kompozisiya heykəlinin ucaldılacağı barədə məlumat verən səfir abidənin qoyulacağı ərazinin abadlaşdırılmasında UAR-ın da fəal olmasını təklif edib.
Görüşdə çıxış edən UAR baş katibi Ceyhun Məmmədov qəbul üçün xanım səfirə təşəkkür edib, gələcək planlardan danışıb. Məmmədov Ukraynada güclü diaspor ənənəsinin olduğunu vurğulayıb.
Regionlarda görülən işlərlə bağlı xanım səfirə məlumat verən aparat rəhbəri Elşad İbrahimov oktyabr ayında UAR üzvü olan təşkilatlarla geniş tərkibdə görüşün təşkil olunacağını deyib.
Görüşdə Elmira Axundova ilə yanaşı, səfirliyin müşavirləri Kamal Xəlilov və Sabir Rzayev, ikinci katib Samir Allahverdiyev və üçüncü katib Təranə Sadıqova da iştirak edib.