2 Sentyabr 2021 09:14
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, dövlət başçısının Şuşaya növbəti tarixi səfəri, mədəni, ictimai tədbirlərin keçirilməsi hansı siyasi və strateji hədəfləri özündə ehtiva edir?

- Cənab Prezidentin azad torpaqlara, onun üzərində zirvə olan Şuşaya hər səfəri mədəni, iqtisadi, sosial, infrastruktur, inşaat xarakteri daşımasına rəğmən bütün hallarda sonda təhlükəsizlik və siyasi mahiyyətlidir. Bunu birdəfəlik hər birimiz, regionda və xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərini izləyən dairələr bilməlidirlər. İş ondadır ki, cənab Prezident hər bir mədəniyyət abidəsini, incəsənət hadisəsini, yaxud digər xarakterli qalaları bərpa edərkən, bir tərəfdən də millətin üzərini 30 ilin işğalı almış gen, qan yaddaşını oyadır, ruh enerjisinə xitab edir və onları dirçəldir. Dövlət başçısının öz sözləri ilə desək Şuşanın əyilməzliyini, millətin əyilməzliyinə daşımaq istəyir. Bu, əslində başqa bir müstəvidə aparılan savaşdır.

Ümumən dünya çapında müharibələr klassik mənada bu gün müxtəlif ərazilərdə getsə də qalıcı olan, təsirli dünyada əsas güc mərkəzlərinin dominanantlığını formalaşdıran iqtisadi, siyasi, informativ, mədəni, diplomatik və sairdir. Belə olan təqdirdə nə qədər də ağır da olsa zamanında Şuşada hər bir tədbir, o cümlədən cənab Prezidentin söylədiyi “şeytan yuvası” adlandırılan tikintilər bizim informasiya məkanımıza necə yansıyırdı və hansı reaksiyaları doğururdu? Onun ağrılarını biz nə dərəcədə yaşayırdıq? Millətin ləyaqətinə, varlığına, şərəfinə sataşmaq hadisəsi özlüyündə necə üzücü münasibətlər meydana gətirirdi. Eynən də bunun əksini təsəvvür etmək lazımdır.

- Şuşadakı mədəni tədbirlərə, bərpa olunan tarixi dəyərlərə qarşı tərəfdən reaksiyalar verilir. Bu yanaşmalara münasibətiniz necədir?

- Bəli, məsələyə realistcəsinə yanaşan ermənilərin böyük bir hissəsi deyirlər ki, “bu, azərbaycanlıların öz torpaqlarıdır, qoy etsinlər. Bəlkə biz də xilas olduq”. Ancaq müəyyən bir azlıq, şovinist, millətçi, daşnaksütunun yüz illər genetikası ilə gəlib özlərini məhv edən və beləliklə də erməni varlığına az qala son qoyan qüvvələr də mövcuddur. Məhz bu ermənilər deyirlər ki, “yox, bu, bizim şəhərimizdir, Azərbaycanın mədəni hücumudur, incəsənət ekspansiyasıdır. Bu tədbirlər bütün hallarda bizim maraqlarımıza zərbədir”. Hətta orada bizi düşmən adlandıraraq hansısa bir işğalın möhkəmləndirilməsi tədbirlərini görməyimiz kimi də ona münasibət göstərirlər. Amma bu, onu göstərir ki, deməli, biz öz məqsədimizə çatmışıq. İstədiyimiz məhz bundan ibarət idi ki, Qarabağda ümumən yol, infrastruktur, enerji xəttlərinin yaradılması Azərbaycan insanının orada gücünə, qüdrətinə, gələcək məskunlaşmasına xidmət eləsin. Digər tərəfdən Azərbaycan qanunlarını tanıyacaq istənilən millət orada yaşaya bilər, həmçinin bir ovuc azlığa çevrilən ermənilər də...Yeri gəlmişkən yüz il əvvəl orada digər xalqlar da yaşayıb. Ruslar, ukraynalılar, belaruslar və s. millətlər vaxtilə burada sakin olublar. Sayları az olsa da fərq etməz. Dünyada xalqlar elə sayla ölçülmür ki... Ona görə də yaşam arealının şərtlərini bu gün Azərbaycan formalaşdırır. Çox önəmli olan məsələ də məhz budur. Ermənilərin məğlubiyyətinin ən böyük səbəbini də burada axtarmaq lazımdır.

- Azərbaycan müxtəlif xalqların birgə yaşadığı ölkədir. Erməni toplumu bunu hansı halda dərk edib birgəyaşayışa üstünlük verə bilər?

- Ermənilər monoetnikdirlər. Hətta onların istinad etdiyi ruslar belə orada yaşamadı. Baxmayaraq ki, ayrı-ayrı vaxtlarda bir neçə adamı gətirib ondan piar olaraq Azərbaycan əleyhinə təzyiq silahı kimi istifadə cədhləri vardı. Amma heç o ruslar da gəlib orada yaşamadılar. Bu, necə ola bilərdi? Azərbaycan isə deyir ki, bu gün istənilən bölgəmizdə, ərazidə, o cümlədən Qarabağda və ətraf ərazilərdə azad torpaqlarda, Zəngilandan-Kəlbəcərə qədər hər bir insan gedib orada həyatını qura, oranın təbii resurslarından istifadə edə bilər. Ona görə də tarixin heç bir dövründə Azərbaycan özünün gücünü səfərbər edərək ermənilər üzərində bu cür üstünlük qazanmayıb. SSRİ-nin çöküşü dövründə, onun Ali Soveti, Nazirlər Şurası, hərbi nameklatura sistemi, o cümlədən xüsusilə də informasiya quruluşlarının hamısının total olaraq Azərbaycanın üzərinə gəlməyindən biz danışırdıq. İndi qələbəmiz həm də onların üzərində əldə olunmuş bir uğur səlnaməsidir. İndiki dövrdə Ali Baş Komandan proseslərə yön verir, istiqamətləndirir.

- Regionda yaranmış yeni reallığa erməni tərəfinin yanaşması hazırkı dövr üçün necə şərh oluna bilər?

- 10 illər ərzində bizim məğlubiyyətimizi, acılarımızı izah etmək üçün məşhur alman alimlərinin dilindən çıxmış sonradan SSRİ-də tətbiq edilmiş “Parçala hökm sür” düsturü bizim ölkənin və onun sərkədəsinin, liderinin əli ilə “parçala və hökm et” yox, “Birləşdir və idarə et” prinsipi ilə regional doktrina səviyyəsinə çatıb. Bu, çox vacib bir məsələdir. Bu gün Paşinyanın da Azərbaycanın informasiya məkanında fikirləri yayılıb. O qeyd edir ki, “biz İrana və Rusiyaya çıxış əldə etmək istəyirik. 30 illik blokadanın aradan qaldırılmasını fürsət kimi dəyərləndiririk”. Bu isə ona dəlalət edir ki, görünür onlar mütləq hərbi məğlubiyyətə düçar olmalıydılar ki, oradan fürsət əldə olunsun. Yüz illərin mənfur ideologiyası dəfn etdikləri erməni əsgərləri ilə bərabər basdırılsın. Azərbaycanın da buradan özünün digər əraziləri ilə Naxçıvanın bağlantı qurmağa hüququ var. Dəhlizdən söhbət getməsə də kommunikasiyaların açılması fonunda 10 noyabr və 11 yanvar razılaşmalarında bunlar əksini tapıb. Çox yaxşı, buyurun edin! Əgər gücünüz çatacaqsa və şovinist ermənilərin gülləsindən qoruna biləcəksinizsə həyata keçirin! Faktiki olaraq yaşamağın başqa forması mövcud deyil.

Bir məsələni xatırladim ki, Filip Babkov Rusiya təhlükəsizlik orqanlarına rəhbərlik etmiş şəxsdir. Onun 2003-cü ildə özünün aid olduğu məxfi sistemlə bağlı dərc olunmuş məşhur bir kitabı var. Azərbaycan siyasi cameəsində müəyyən sayda insanlar bu kitabla tanışdılar. Təəssüflər olsun mediamızda bu barədə məlumatlar çox azdır. Lakin istərdim ki, verdiyiniz suala aid olduğu üçün ona xüsusi olaraq vurğulayım, Babkov qeyd edir ki, “o hadisələrin millətçi qüvvələrin əli ilə qızışdırıldığı və artıq münaqişənin alovlanmağa başladığı dövrdə müəyyən sayda erməni yazıçıları ilə görüşdə bir erməni ona yaxınlaşıb deyib ki, Qarabağ mütləq Ermənistana verilməlidir. Vurğulayır ki, mən soruşdum bu, nə ilə bağlıdır və bunu necə əsaslandırmaq olar? Axı bunun tarixini, kökünü araşdırdıqda bir qədər fərqli reallıqlar ortaya çıxır, o, coğrafi və hüquqi olaraq Azərbaycanın içərisindədir, onun inkişafı ilə bağlı Azərbaycanın, rəsmi Bakının qərarları var. Erməni cavab verib ki, bəs Ermənistanı da əhali tərk edir, o cümlədən də Qarabağda bu proses gedir, bizə torpaq lazımdır”. Amma zaman göstərdi ki, bu torpağı əldə etdikdən sonra onun üstündə yaşaya bilmədilər. Çünki torpağın ruhu, qanı, canı, enerjisi, gözü var. O, canlıdır. Torpaq nə qədər canlıları qoynuna alsa da, özü də bir canlıdır. Zəngilandan Kəlbəcərə qədər buranı dağıtmısan, axı bu torpağın üstündə necə yaşamaq mümkündür? Bunu necə özünüzünkü hesab edirsiniz?

- Füzulidə Qarabağın hava qapısı adlandırılan hava limanının tikintisi yekunlaşır. Erməni tərəfi bunu da müharəbinin davamı kimi təqdim etməyə çalışır. Azərbaycanın öz ərazisi daxilində atdığı və atacağı hər hansı bir addımı niyə Ermənistan özü üçün müharibə təhlükəsi kimi dəyərləndirir?

- Dövlət rəhbərinin Şuşaya səfəri, Füzulidə hava limanının hazırlığının bəyan etməsi hər biri özü özlüyündə müharibə hadisəsidir. Ancaq yenə də buradan müəyyən mənada sülh mesajlarının verildiyinin şahidi oluruq. Bundan sonrakı dövr hər iki dövlətin arasında müqavilələrin imzalanması və sair məsələləri eşidilməkdədir. Bu qədər böyük vəsaitin qarşısında qarşı tərəfdən hansı adımlar atılır? Kim onları edə bilər? Azərbaycanın Qarabağa qoyduğu investisiyaları, texniki resursları, insani gücü başqa 3-4-cü dövlətin təkrarlaması qeyri-mümkündür.

- Sülhməramlı missiyanın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Rusiya sülhyardıcı qüvvələrinin taxta-şalbandan tutmuş su təminatına qədər göstərdikləri köməkliklər müxtəlif informasiya vasitələrində fərqli qiymətlərini alır. Bu da çox təbiidir. Azad media şəraitində bunları anlayışla qarşılamalıyıq. Lakin söhbət ondan gedir ki, doğurdanmı bu hansısa 30-40 min, bir qəsəbdən az əhaliyə malik bir məkanda dövlət qurmaq üçün yararlıdır? Burada Osetiya, Abxaziya, Krım kimi başqa ideologiyaların axtarılmasına ehtiyac yoxdur. Azərbaycanın Xankəndində, Ağdərədə, Xocalıda və Xocavənddə möhkəmlənmək üçün bundan sonrakı dövrdə həyata keçirdiyi tədbirlər fonunda günün birində biz bütün ideallarımıza nail oluğumuzu, daha uzağa gedən məqsədlər üçün zəminin formalaşdığını görəcəyik.

- Dövlət başçısının dilindən səslənən Zəngəzur, Şərqi Zəngəzur və tarixi adlarımızla bağlı ifadələrdən erməni tərəfinin narahatlığını necə dəyərləndirirsiniz?

- Prezident Zəngəzurun informasiya, siyasi aləmdə, təhlil dünyasında legitim bir anlayışla qəbuluna ona görə yüksək dəyər verir ki, strateji planlarımız, minimal istəklərimizin tam həllini tapsın və bundan sonrakı dönəmdə Qarabağ məsələsinin siyasi, informativ dövriyyədən çıxsın, millətin həyatı normal bir axarda getsin. Bunlar baş verəcək. 1993-cü ildə Əliyev təməlli bir dövlətdən danışırdıq. İndi Əliyev təməlli bir Şuşa quruculuğunu, azad torpaqlarda insan məskənlərinin qurulmasının şahidi oluruq. Təməli qoyulan hər bir imza, hər bir kapsul möhkəm olsun. Millətimizin, dövlətimizin orada daha da güclənməsinə xidmət etsin.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər