Azərbaycan dövləti Qarabağın dirçəlişi prosesini sürətlə həyata keçirir. Bu faktı Qarabağın incisi, Mədəniyyət paytaxtımız Şuşa şəhərinin bərpasının timsalında aydın şəkildə görmək mümkündür. Bu günlərdə Azərbayan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Şuşaya növbəti səfəri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər tədbirlər Şuşa şəhərinin qısa müddətdə tam bərpa olunacağını deməyə əsas verir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, dövlətimizin başçısı müharibədən sonra azad olunmuş ərazilərə səfər edir, qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir:
“Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfəri böyük əhəmiyyət kəsb edir. Şuşa səfəri zamanı bir sıra infrastruktur layihələrinin, quruculuq işlərinin təməli qoyuldu, Şuşa şəhərinin baş planı təqdim edildi. 30 ilə yaxın müddət ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan terror hərəkətləri törədib, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir”.
Sevinc Fətəliyeva hesab edir ki, Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri də əlamətdar oldu:
“Səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Bülbülün ev muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsinin, “Qarabağ” otelinin açılışları oldu, yeni yaşayış məhəlləsinin təməli atıldı. Molla Pənah Vaqifin məqbərəsinin açılışı, eləcə də, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsi böyük mədəniyyət hadisəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq”.
Millət vəkili söyləyib ki, Vətən müharibəsi dövründə xalq olaraq çox güclü həmrəylik nümayiş etdirdik:
“Siyasi baxışlarından, mövqeyindən və əqidəsindən asılı olmayaraq hər kəs bir amal uğrunda birləşdi. Təbii ki, biz buna Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olduq. Bundan sonrakı mərhələdə isə dövlət başçısının tövsiyəsinə uyğun olaraq, qələbəmizi siyasi yollarla möhkəmləndirmək, erməni faşizmini və vandalizmini ifşa etmək üçün beynəlxalq müstəvidə fəaliyyətimizi gücləndirməliyik. Qarabağın, o cümlədən tarixi şəhərimiz olan Şuşanın dirçəlişi bu prosesdə mühüm rol oynayır”.