“Rusiya İrəvan-Ankara münasibətlərinin normallaşmasında maraqlıdır”.
Məsələ ilə əlaqədar Teleqraf.com-un sualına cavab verən politoloq İlqar Vəlizadə belə deyib.
Ekspert tərəflər arasında münasibətlərin normllaşmasının gələcəkdə Zəngəzur dəhlizinin açılması baxımından əhəmiyyətli olacağını bildirib:
“Rusiyanın davranışlarında rasionallıq hiss olunur. Çünki Rusiya həm Türkiyə ilə sıx münasibətdədir, həm də Ermənistana təsir imkanları var. Əgər söhbət Türkiyə və Ermənistan arasında vasitəçilikdən gedirsə, Rusiyanın bunu öz üzərinə götürmək istəyi təbii ola bilər. Yəni Rusiyanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi olaraq çıxış etməsi mümkündür. Rusiya bundan siyasi xal qazana bilər. Rusiya Ermənistan və Azərbaycan arasında da vasitəçi rolunu oynadı. Bunun sayəsində üçtərəfli anlaşmalar imzalandı. Rusiya bununla bölgədəki nüfuzunu artırdı.
Ermənistan-Türkiyə münasibətlərinə gəldikdə, burada da Rusiyanın rolu böyük ola bilər. Rusiya bu imkandan istifadə etmək niyyətini də bildirir. Bunun bir sıra əhəmiyyətləri də var. Biz indi bölgədə kommunikasiyaların açılmasından danışırıq. Bu kommunikasiyalar Rusiya və Türkiyəni birləşdirən xətlərdir. Söhbət Zəngəzurdan keçəcək dəmir yolundan gedir. Gələcəkdə avtomobil xəttinin çəkilməsi də planlaşdırılır. Ermənistanla yanaşı, Azərbaycan ərazilərindən keçəcək xətlə Rusiyanı Türkiyə ilə birləşdirir. Rusiya İrəvan-Ankara münasibətlərinin normallaşmasında maraqlıdır ki, bu kommunikasiyalar rahat işləsin. Bu, Rusiyanın iqtisadi və strateji maraqlarına cavab verir. Hesab edirəm ki, ciddi əsaslar olsa, Rusiya bu istiqamətdə hərəkətə keçə bilər. Qənaətimə görə, artıq belə əsaslar görünməyə başlayıb”.