Ermənilər evcik oyunu oynayırlar. Bu, onların köhnə xislətidir. Amma onlara havadarlıq edənlər əvvəl də, indi də az olmayıb. Hazırda bölgədə olan sülhməramlı missiyanın bu fondakı işindən narazılıq var. Ola bilsin onların mandatına da yenidən baxılsın.
Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aqil Abbas deyib.
O qeyd edib ki, Azərbaycan 44 günlük müharibədə tarixi zəfərə imza atıb: “Ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hansı fikirləri bildirmişdisə onların hamısı icra edilib. Dövlət başçısının ATƏT və “statusla” bağlı da konkret fikri var. Ona görə də bu məsələləri kimlərsə yenidən gündəmə gətirmək istəyirsə, yanlışlığa yol verir”.
Millət vəkili hesab edir ki, hazırda Azərbaycan ərazisində mövcud olan sülhməramlılar müəyyən bir müddət üçün burada yerləşib: “Amma onların burada olmasından nə ermənilər, nə də başqaları hansısa bir üstünlük kimi istifadə edə bilməz. Sülhməramlılar bəlli bir vaxta qədər burada yerləşib. Onların missiyası bitdikdən sonra buradan gedəcək. Ona görə də, münasibətləri gələcəyə doğru istiqamətləndirmək daha yaxşı olardı. İndi kimlərsə ermənilərə görə narahatdırsa, bu, heç bir məntiqə uyğun deyil. Biz heç vaxt dinc əhaliyə qarşı aqressivlik edən xalq deyilik. 44 günlük müharibə zamanı ermənilər Gəncədə, Bərdədə dinc insanlara qarşı terror aktları edən zaman belə Azərbaycan Ermənistan ərazisində dinc obyektləri hədəf almadı. Azərbaycan müharibə qanunlarına tam şəkildə əməl edərək döyüş meydanında öz gücünü göstərdi”.
Komitə üzvünə görə, hazırda bölgədə fərqli proseslər cərəyan edir: “Amma Ermənistanı bu və ya digər məsələlərdə qızışdıran dövlətlər var. Unudurlar ki, beynəlxalq birlik də bizim tərəfimizdədir. Azərbaycan istədiyi vaxt qanunsuz silahlılara qarşı anti-terror əməliyyatları həyata keçirə bilər. Vaxtilə deyirdilər ki, Azərbaycan nə vaxt öz torpaqlarını azad edəcək? Hər kəs də gördü ki, Azərbaycan dövləti nə zaman lazım idisə o zaman da torpağını azad etdi. İndi də ölkəmiz öz ərazisində istədiyi zaman, istədiyi formada anti-terror əməlliyyatları icra edə bilər”.
Aqil Abbas Laçında Azərbaycan-Türkiyə hərbiçilərinin birgə hərbi təlimlərinin qarşı tərəfə və bu bölgədə maraqlı olan qüvvələrə də bir mesaj olduğunu söylədi: “Vaxtilə Azərbaycan ATƏT Minsk qrupunun və digərlərinin qarşısında tək qalmışdı. Artıq Ermənistan və ona havadarlıq edənlər də bilir ki, qardaş Türkiyə bizim yanımızdadır. Tək Türkiyə deyil, Pakistan və Azərbaycana dost olan dövlətlər də bizim haqlı mövqeyimizi dəstəkləyir. Bu baxımdan Laçında, Qaragöl ətrafındakı hərbi təlimlərin əhəmiyyəti olduqca böyükdür. Ərazi bizimdir. İstədiyimiz yerdə təlim keçirə bilərik. Çarpayı bizimdirsə, altında da üstündə yata bilərik. Bu, heç kimi maraqlandırmamalıdır”.