“Miatsum” hərəkatının ildönümünün qeyd olunması, dövlət yaratmaqları ilə bağlı cəfəngiyyatlar bir daha onu göstərir ki, erməni cəmiyyətində revanşist qüvvələr hələ də mövcuddur. Bu cəmiyyət hər zaman intiriqalardan, başqalarının ərazilərində özlərinə “səadət” axtarmaq iddiasından vaz keçməyib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, hazırda Ermənistanda çox ciddi sosial-iqtisadi problemlər mövcuddur:
“44 günlük müharibədən öncə də Ermənistanda sosial problemlər pik həddə çatmışdı. Ondan sonrakı dövlərdə böhran daha da dərinləşib. İndiki halda isə erməni cəmiyyətində məğlubiyyətin yaratdığı psixoloji problemlər də var”.
Millət vəkilinə görə, uzun illər boyu erməni cəmiyyətinə diaspor və digər təşkilatlar tərəfindən zərərli təbliğat işləri aparılıb:
“Ona görə də hazırda erməni cəmiyyətində yeni reallığı görmək istəməyən qüvvələr mövcuddur. Amma onların hansısa bir formada ciddi təhlükə olması qeyri-mümkündür. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı ciddi mövqe var”.
Sevinc Hüseynova bildirib ki, Prezidentin Sərəncamı ilə yaradılan yeni iqtisadi rayonlar Azərbaycanın azad olunmuş torpaqlara hansı formada sahib çıxmasından xəbər verir:
”Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması sözsüz ki, yeni iqtisadi imkanlar formalaşdıracaq. Ermənistan hazırkı dövrdə Azərbaycanın yaratmış olduğu bu reallıqlarla barışmaq məcburiyyətindədir. Çünki bu dövlətin Azərbaycan reallıqları fonunda öz mövcudluğunu saxlamaq imkanından başqa seçimi mövcud deyil”.