8 Sentyabr 2021 09:49
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Musa müəllim, erməni cəmiyyətinin yeni reallığa, 44 günlük müharibədən sonra yaranan mənzərəyə adekvat olmadığı hər kəsə bəllidir. Uzun 10 illər zərərli təbliğatla yüklənmiş bir toplumun yeni reallığı qəbul etməsi üçün hansı mərhələlərdən keçilməlidir?

- Çox təəssüf ki, tarix, tale bizə çox uğursuz bir qonşu bəxş edib. 200 ilə yaxın bir müddət ərzində imperialist qüvvələrin, o cümlədən çar Rusiyasının məqsədli siyasətinin nəticəsində ermənilər Cənubi Qafqaza köçürülüb və Azərbaycan ərazisində yerləşdirilib. Biz də məcbur olmuşuq ki, bu faktla barışaq və onlarla qonşu olaq. Azərbaycanlılar tarixən çox humanist, qonaqsevər, qonşusuna, yardıma ehtiyacı olanlara yardım əlini uzadan bir xalqdır. Bu xalqın xeyriyyəçilik missiyasından istifadə edərək zaman-zaman ermənilər bizim torpaqlarımıza, evlərimizə sahib olub. Bu, tarixi faktlarla sübut olunmuş məsələlərdir. Hələ 1828-31-ci illərdə İrandan və Türkiyədən ermənilərin Azərbaycan ərazisinə xüsusilə də indiki İrəvan, Naxçıvan, Qarabağ və Gəncə xanlığının ərazisinə köçürülməsi faktları var. O dövr Rusiyanın İrandakı səfiri Qriboyedovun fəaliyyəti məhz bununla bağlı olub. Sonradan Qriboyedov xatirələrində öz peşimançılığını da ifadə edib. Tarix kitablarında da bu əksini tapıb. Qriboyedov xatirələrində qeyd edib ki, “biz erməniləri yay vaxtlarında Azərbaycan ərazilərinə köçürürdük. Çünki həmin vaxt azərbaycanlılar yaylaqda olduğu üçün onların kəndlərdəki evləri boş qalırdı. Beləliklə, ermənilər azərbaycanlıların boş olan evlərində yerləşdirilib”.

Azərbaycanlılar yaylaqdan geri qayıdanda qalmağa yer tapmırdılar. Hətta o vaxt bu ərazilərə köçürülən ermənilər də bu və ya digər formada dəstək verilirdi. Onlara kənd təsərrüfatı ilə məşğul olmaq üçün mal-qara və digər zəruri ehtiyacları qarşılanırdı. Hətta azərbaycanlıların torpaqları əllərindən zorla alınıb ermənilərə verilirdi. Beləliklə də ermənilərin sırf azərbaycanlılar yaşayan ərazilərdə yerləşməsi zorakı formada da olsa təmin edilirdi.

- Erməniləri idarə edən qüvvələrin onların bu ərazilərdə imtiyazlarla yerləşdirməkdə məqsədləri nə olub?

- Ümumiyyətlə, ermənilər bədbəxt bir xalqdır. Onları kilsə və müəyyən missioner təşkilatlar idarə edib. Həmişə də onları fanyaziyalarla və tarixi yalanlara inandırıb beyinlərini zəhərləyiblər. Ona görə də, “erməni xalqının tarixi” deyilən bir saxta tarix kimi dünya da ikinci fakta rast gəlmək mümkün deyil. Ermənilər də özlərini guya dünyanın “ən qədim xalqı” hesab edirlər. Iddialarına görə, dünyada xristianlığı ilk qəbul edən xalq onlar olub. Həmçinin iddia edirlər ki, guya “ən qədim dövlətçilik” tarixləri mövcuddur. Hətta iddia edirlər ki, Tanrının seçdiyi “xalqlardan biri ermənilərdir. Amma əslində onların genetik kökləri belə məlum deyil. Bu barədə kifayət qədər tədqiqat əsərləri var. Ötən yüz illiyinin əvvəllərində Vasili Veliçkonun “Qafqaz” əsərinə baxmaq kifayət edər ki, “ermənilərin tarixi və mənşəyinin” nə qədər qarışıq olduğuna şahidlik etmək mümkün olsun.

- Qafqazda erməni dövlətinin yaranması hansı reallığa uyğun təşkil edilmişdi?

- Ermənilər bu illuziyalarla yaşaya-yaşaya sovet höküməti də Azərbaycan ərazisində onlara respublika yaratdı. Ondan əvvəl də çox təəsüflər olsun ki, çar Rusiyası və I dünya müharibəsində yaranan situasiyada İrəvan xanlığının ərazisində 9 min ərazi ayrılaraq ermənilərlərə güzəştə gedildi. Bu da tarixi bir səhf idi. Ondan sonra Ermənistanın ərazisi getdikcə Azərbaycan əraziləri hesabına daha da genişləndirilməyə başlanıldı. SSRİ-nin dağılması dövründə isə ermənilər Qarabağda separatizmə ocağı yaratdılar. Ondan sonra baş verənlər isə hər birimizin gözünün önündə cərəyan edib. Nəhayət, ötən ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu ermənilərə öz yerini göstərdi. Bununla da Azərbaycan özünün tarixi ərazilərini bərpa etdi.

- İndiki halda belə ermənilərin ikinci dəfə “müqəddərat” istəməsi necə məntiqlidir?

- İndiki halda Azərbaycan ərazilərində bir ovuc erməni üçün hansısa “müqəddərat” istəmək heç bir reallığa uyğun deyil. Amma buna baxmayaraq Azərbaycan dövləti növbəti dəfə hümanistlik nümayiş etdirir. Əgər ermənilər öz iddialarından imtina edib Azərbaycan vətəndaşları kimi yaşamaq istəyirlərsə, ölkə qanunlarını, konstitusiyasını bayrağımızı qəbul etdikdən sonra yaşamaq hüququ qazana bilər. Ölkəmizdə yaşayan digər xalqların nümayəndləri kimi ermənilərə də normal yaşamaq üçün şərait yaradılacaq. Azərbaycan xalqı heç vaxt heç vaxt milli ayrıseçkilik siyasəti aparmayıb. Dövlətimizə bu cür hallar yaddır. Azərbaycan çox millətli və çoxkonvensiyalı bir dövlət quruluşuna malikdir. Hək kəsin milli etnik mənsubiyyətinə, dininə, dilinə hörmətlə yanaşılır.

- Ermənilərin iddialarından əl çəkib Azərbaycan ərazisində ölkə qanunları ilə yaşaması məntiqinə necə inanmaq olar?

- Sözsüz ki, Azərbaycan ərazisində yaşayacaq ermənilərin Ermənistandan və erməni diaspor təşkilatlarından uzaq durmaları ən başlıca şərtdir. Əgər Azərbaycanda yaşayacaq ermənilər növbəti dəfə bu yanlış, zərərli ideyalara uyacaqlarsa onlar ölkə ərazisində qala bilməyəcəklər. Ermənilər normal halda Azərbaycan qanunlarına tabe olacaqlarsa, ölkəmizdə yaşamaq hüququ qazana bilərlər.

- Bölgədə separatizmə tarixi bir zərbə vuruldu. Yenidən bu cür zərərli tendensiyalara qarşı hansı təsirli addımlar atıla bilər?

- Azərbaycan bu gün öz ərazi bütövlüyün təmin edib. Ermənistanla olan sərhəd məsələləri də vaxtilə mövcud olan xəritələr əsasında həll edilir. Buna da heç kəs əlavə şərh verə bilməz. Bundan sonrakı dövrdə isə 10 noyabr razılaşmasına əsasən Azərbaycan öz fəaliyyətini davam etdirir. Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvanla, Türkiyə ilə quru sərhəddi açılacaq. Bunların fonunda isə son zamanlar Qafqazda maraqlı olan qüvvələr öz mövqelərini bu və ya digər formada sərgiləməyə çalışırlar. Amma unudurlar ki, bu gün Azərbaycan 90-cı illərdəlki durumda deyil. Ölkəmiz kifayət qədər güclü, nüfuzlu bir dövlətdir. Bizim Ordumuz, Liderimiz ölkəmizə olan təzyiqlərin qarşısında dayanmağa qadirdir. Ona görə də, bundan sonra Azərbaycanla heç kim təhdid dili ilə danışa bilməz. Bu gün prosesləri Azərbaycan diktə edir. Bütün proseslər cənab Prezidentin nəzarəti altındadır. Bu günlər Füzulidə beynəlxalq hava limanının açılması bütün dünyaya regionun açılışının təmin olunması demək idi. Zəfər yolu artıq hazırdır. Tarix Şuşa öz qonaqlarını qəbul edir. Ağdam şəhəri yenidən qurulur. “Ağıllı” kənd, su elektrik və digər infrastruktur layihələri uğurla icra olunur. Qısa müddət ərzində azərbaycanlılar öz tarixi ata-baba ocaqlarında məskunlaşacaq. Bu bölgələrimiz də Azərbaycanın turizm, iqtisadiyyat və mədəniyyət mərkəzinə çevriləcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər