10 Sentyabr 2021 17:58
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prinsip etibarı ilə ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bu mənada Azərbaycana qarşı hər zaman qeyri-obyektib münasibət bəsləyən “Human Rights Watch” təşkilatının çıxış yolu yox idi. Çünki bu təşkilat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktının, o ərazilərin nə vəziyyətə salındığının şahidi oldu. Bu baxımdan “Human Rights Watch” təşkilatı məcburiyyət qarşısında Azərbaycanın haqq işini müdafiə etməli oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın fikrincə, gələcək göstərəcək ki, “Human Rights Watch” təşkilatı Azərbaycana münasibətdə obyektiv mövqeyini nə dərəcədə davam etdirəcək:

“Azərbaycan işğaldan azad edilən torpaqlarındakı vəziyyət bu gün tarix kitablarına düşəcək bir durumdadır. Hətta II Dünya müharibəsində işğal edilən ərazilər belə vəziyyətə salınmayıb. Kommunikasiya xətlərini söküb aparmaq, qəbir daşlarını, dini, tarixi abidələri dağıtmaq barbarlığın ən yüksək nöqtəsidir”.

Millət vəkili vurğulayıb ki, xaricdən gələn ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, jurnalistlər Azərbaycanın işğaldan azad olunan ərazilərindəki halları öz gözləri ilə görüb onu dünyaya çatdırırlar:

“Ona görə də Ermənistana qarşı ən böyük ittiham ilk növbədə həqiqətdir. Ermənistan Azərbaycanın ittihamlarına cavab verə bilmir. Onun cavab verəcək arqumentləri yoxdur. Bu gün Azərbaycanın mövqeyi dünya tərəfindən başa düşülən kimi qəbul edilir. Ona görə də Azərbaycanın haqlı mövqeyi müdafiə olunur”.

Aydın Mirzəzadə hesab edir ki, hazırkı durumda Ermənistanın yeganə çıxış yolu ərazi bütövlüyümüzü tanımaq, sülh müqaviləsi bağlamaq və qonşu dövlətlərlə mehriban münasibətlər yürütməkdən ibarətdir:

“Ermənistan bunu edəcəksə, ilk növbədə özünü xilas etmiş olacaq. Azərbaycan isə öz haqqını bundan sonra da müdafiə edəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər