10 Sentyabr 2021 19:53
2 850
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa təəssüratım çox zəngindir. Zəfər yolu ilə Şuşaya getdikdə qəhrəman ordumuz, ərazilərimizi düşməndən azad edən əsgərlərimiz yadıma düşdü. Mən Şuşada bir neçə dəfə olmuşdum, amma Daşaltı tərəfdən Şuşanı görməmişdim. Həmin qayalara baxanda adam fərəh hissi keçirir ki, əsgərlərimiz bu sıldırım qayalardan qalxaraq Şuşa kimi möhtəşəm incimizi düşməndan azad ediblər”.

Bu sözləri Teleqraf.com-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Şuşa şəhərinə səfər etməsinin təəssüratlarını bölüşərkən deyib.

Sabiq nazir bildirib ki, sonuncu dəfə Şuşada 1991-ci ilin yayında olub:

“O zaman mən Təşkilat Komitəsində işləyirdim və münaqişə ilə bağlı proseslərə cəlb edilirdim. Biz hətta Moskvada belə dialoqlar aparırdıq. Mən sonradan Xarici İşlər Nazirliyinə keçdim. 1992-ci ildə Tehranda səfərdə idik. Məhz bu ərəfədə Şuşa şəhəri işğal edildi. Bundan 20 gün sonra artıq mən Romada idim və Minsk qrupu çərçivəsində danışıqlar təşkil edilmişdi. O zaman Qarabağ icmasını bizim tərəfimizdən Nizami Bəhmənov təmsil edirdi. Şuşa ilə mənim həyatımda bir sıra bağlılıq var. Bu mənada Şuşada olmaq mənim üçün təsirlidir”.

Zülfüqarov qeyd edib ki, Şuşada rastlaşdığı atmosfer onda gözəl izlər buraxıb:

“Orada artıq böyük quruculuq işləri gedir, cavan insanlar işləyirlər, yaşlı insanlara da rast gəlmək olur. Eləcə də Şuşa sakinləri gəlib evlərinə baxır, vətənlərini görürlər. Hərbçilərimiz, polisimiz var. Məsələn, mən həkimlər gördüm ki, öz təşəbbüsləri və şəxsi maliyyə hesabına məntəqə qurub xidmət göstərirlər. Belə müsbət və pozitiv hallar çoxdur. Mən heç yerdə görmədiyim əhval-ruhiyyəni Şuşada gördüm. İnsanlar bir-birini görəndə salamlaşır, şəkil çəkdirən kim... Çox pozitiv atmosfer gördüm”.

Sabiq diplomat deyib ki, Şuşada Cıdır düzünə gedib:

“Orada duranda hiss edirsən ki, Azərbaycan hərbi, iqtisadi, ruh baxımından dominat gücdür. Qələbə hiss edilir. Oradan baxanda Xankəndi adamın ayağının altında qalır. Orada mənim yadıma ilk dəfə Qarabağla bağlı danışıqlar düşdü. Biz ermənilərlə danışıqlar aparırdıq. O zaman Minsk qrupu onlardan şəhəri azad etməyi tələb edəndə onlar buna getmirdirlər, hətta bəzən gülə-gülə bizə tərəf baxırdılar. Amma nəticə maraqlıdır. Kimin əvvəli, kimin axırı. İndi biz Şuşadayıq”.

Tofiq Zülfüqarov əvvəlki fikrini bir daha təkrar edərək bildirib ki, ermənilərin son 30 ildə həyata keçirməyə çalışdığı “Miatsum” proyekti artıq mövcud deyil:

“Normalda SSRİ zamanı Dağlıq Qarabağda 127 min insan yaşayırdı. Amma son müharibədən qabaq orada heç 127 minin yarısı yaşamırdı. İndi isə 20-25 min erməni qalır. Bu axın davam edir. Əslində onlar müharibədən əvvəl uduzmağa başlamışdı. Müharibə isə hər şeyi yerinə qoydu. İndi Cıdır düzündən onlara baxanda onların gələcəyi çox aydın görünür. Seçim etməlidirlər. Azərbaycan dövlətinin qanunları altında yaşamaq istəyən ermənilər bizdə ən yüksək statusu ala bilərlər-Azərbaycan vətəndaşlığını. Əlbəttə, söhbət cinayət etməyən, insanlığa qarşı cinayətlərdə iştirakı olmayan sadə ermənilərdən gedir. Kim bunu istəmirsə, onlar ərazini tərk etməlidirlər. Reallıq bunu diktə edəcək”.

Sonda Tofiq Zülfüqarov səfərə görə Prezidentin köməkçisi Anar Ələkbərova və Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edib.


Müəllif: Nemət

Oxşar xəbərlər