11 Sentyabr 2021 21:14
2 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin avqustunda Azərbaycan tərəfi çoxlu sayda İran yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən qanunsuz keçdiyi barədə məlumatlar əldə edib. İyulun 11-dən avqustun 8-dək 35 İran maşını (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə giriş-çıxış edib. 11 avqustda İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olunub. Birmənalı şəkildə səfirin diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi Azərbaycan-İran münasibətlərinə kölgə salan bu cür faktlardan ciddi narahatdır.

Teleqraf.com xəbər verir ki, bunlara baxmayaraq, 11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra onlardan 55-i geri qayıdıb.

Məsləyə münasibət bildirən politoloq İlyas Hüseynov bildirib ki, İran dövlətlərarası münasibətləri qorumaq üçün Azərbaycana qarşı bu cür hərəkətlərdən çəkinməlidir: “Sərhəddə maşınlardan İran nömrələri çıxarılır və üzərinə digər nömrələr taxılaraq keçirilir. Bu faktlar Laçın dəhlizinə keçərkən aşkarlanıb. Azərbaycan öz texnoloji imkanlarından istifadə edərək Laçın dəhlizində baş verən prosesləri izləyir. Çox arzuolunmaz faktdır ki, bizə dost və qonşu olan İran separatçılara bu cür dəstək göstərir.

İran həmin ərazinin ehtiyaclarını, eyni zamanda yanacaq-sürtkü materiallarına olan tələbatlarını ödəməklə məşğuldur. Azərbaycan tərəfi mehriban qonşuluq siyasəti çərçivəsində İranla öz əməkdaşlıq əlaqələrini qurur, bu istiqamətdə siyasi fəaliyyət həyata keçirir.

Əfsuslar olsun ki, İran tərəfi Azərbaycanın ərazilərində separasit meyllərə bu tipli dəstəklər göstərir. Azərbaycan Xarici İşlər Nazirliyi də bu xüsusda İran tərəfinə nota verib və bu, XİN-in təqdirolunan addımıdır. Çünki rəsmi, siyasi institutlar səviyyəsində İran tərəfinə reaksiya göstərilməlidir. Hazırda sözügedən ərazi beynəlxalq səviyyədə tanınan sərhədlərimiz daxilində Qarabağ ərazisidir. Dünyanın bütün dövlətləri, BMT, regionda olan dövlətlər, beynəlxalq güc mərkəzləri Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı fikirlər ifadə ediblər”.

İlyas Hüseynovun fikrincə, İran tərəfi beynəlxalq hüquqa etinasız yanaşır: “Azərbaycanla iqtisadi münasibətlər İran üçün daha önəmlidir. Azərbaycan İranın şimal-cənub nəqliyyat dəhlizində aparıcı rola malikdir. Cənubi Qafqazın ümumdaxili məhsulunun 70 faizini Azərbaycan ödəyir. Vətən müharibəsindən sonra Azərbaycana beynəlxalq diqqətlər artıb. Azərbaycan qüdrətli iqtisadi gücə malik dövlətdir.

İran bu hərəkətləri etməklə Azərbaycan kimi ticari-iqtisadi partnyorla münasibətləri poza bilər. Bu isə İran iqtisadiyyatına mənfi təsir göstərən amildir. Yaxşı olar ki, İran beynəlxalq hüquqa hörmətlə yanaşsın, Azərbaycanla münasibətləri pozmaqdan çəkinsin. Bu addımları atmamaqla İran daha çox beynəlxalq hüquq tərəfdarı olduğunu göstərə bilər”.

İranın qorxusu nədir?

Mövzuyla bağlı fikirlərini bildirən politoloq Qabil Hüseynli hesab edir ki, İran bu davranışları ilə bir daha müstəqil Azərbaycan Respublikasına mənfi münasibətini sərgiləyir: “Ayrı vaxtda bu ölkə utanmadan özünü islam-şiə dünyasının lideri, dünyanın hər yerindəki şiələrin istinadgahı və müdadiəçisi kimi təqdim edir.

İndi belə demək mümkünsə özünün şiə qardaşlarına təcavüz etmiş, torpaqlarını işğal etmiş erməni təcavüzkarlarına, onların separatçı və ekstremist dairələrinə hər cür yardımını sürətlə artırmağa davam etdirir.

Son vaxtlar Azərbaycanın bölgədə təsirinin güclənməsi, işğalçı ermənilər üzərində çox böyük zəfər qazanması İran İslam Respublikasını onlara hərbi yardım göstərməyə həvəsləndirib. Çünki bölgədə tamamilə yeni realllıqlar formalaşıb. Bundan əlavə, Türkiyə də bölgəyə gəlir. Türkiyə özünün bütün silahlı qüvvələri və silahlı heyətləri ilə Azərbaycanda yerləşib. Türkiyə Konya şəhərində Azərbaycan hərbi hava qüvvələri ilə birlikdə təlimlər keçir. Bakıda Hərbi Dəniz Qüvvələri ilə birlikdə Türk “Dəniz pişikləri” deyilən xüsusi təyinatlıların terrorizmə qarşı birgə təlim aparır.

Ən çox diqqət çəkən hal budur ki, Türkiyə xüsusi təyinatlıları Azərbaycan xüsusi təyinatlıları ilə birlikdə Laçında, Laçın koridoruna yaxın hissələrdə çox mürəkkəb təlim prosesini icra edir. Bu isə o deməkdir ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarla yanaşı, hələ də erməni separatçılarının qaldığı, rus sülhməramlılarının yerləşdiyi ərazilərə tam nəzarəti ələ keçirə bilmir. Ermənilər və İranın molla rejimi bundan sui-istifadə edərək həmin ərazilərə mülki təyinatlı məhsullardan tutmuş, hərbi təyinatlı məhsullara qədər hər şeyi daşıyırlar. Azərbaycan dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq İran tərəfi bunu açıq surətdə edir”.

Politoloqun sözlərinə görə, İran özünün çirkin niyyətini həyata keçirmək üçün təcavüzkar xristian dairələri ilə həmrəylikdən çəkinmir: "Özü də yaxşı bilir ki, İran dövlətinin bünövrəsini orada yaşayan 45 milyonluq azərbaycanlılar təşkil edir. Şimalda güclənən Azərbaycan, mövqeyi durmadan artan Türkiyənin bölgədə üstün söz sözə sahiblənməsi gələcəkdə orada yaşayan azərbaycanlıların da istiqlal savaşına səbəb olacağını onlar indidən proqnozlaşdırılar. Bu səbəbdən guya 3-5 erməniyə yardım göstərməklə Azərbaycanın gələcək addımlarının qarşısını almaq istəyirlər. Zənnimcə, çox ciddi tarixi səhvə yol verirlər.

Çünki ərazimizdə oturub bizimlə dava etmək istəyən dairələrə gec-tez yerini göstərəcəyik. Onun ardınca isə artıq bizim qarşımızda güneydəki soydaşlarımızın taleyini həll etməklə bağlı məsələlər dayanacaq. O zaman biz dünən və bu gün İranın ermənilərə yardımlarının səbəbini bir-bir onlardan soruşacağıq.

Azərbaycan Qarabağın dağlıq hissəsinə istər karvan halında, istər bayraqlarla, istərsə də erməni nömrələri ilə daxil olan maşınların hamısını qeydə alıb. Bu ərazilərdə süni peykimiz daim Laçın koridoruni nəzarətdə saxlayır. Üstəlik biz Şuşa şəhərində quraşdırılmış müair avadanlıqlar vasitəsilə hər şeyi qeydə alıb, arxivləşdiririk. Vaxt gələcək, İran rejiminə deyəsi kifayət qədər sözlərimiz, arxasında duran haqlarımız olacaq. Bəyan edirik ki, bizə edilən pisliklərin heç birini unutmayacağıq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər