Ermənistan gec-tez Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq. Bundan sonra sülh sazişi imzalana bilər. Çünki ermənilərin bundan başqa çıxış yolu yoxdur. Bu gün Ermənistan cəmiyyətində də bu reallığı, situasiyanı yaxşı dərk edirlər. Sadəcə olaraq Ermənistanda müstəqil siyasət yürüdən hakimiyyət mövcud deyil.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Onun fikrincə, hazırda Ermənistanda olan siyasi hakimiyyət həm Qərbə, həm də Rusiyaya meyl etməklə konkret çıxış yolu tapmaqda çətinlik çəkir: “Nikol Paşinyan Qərbin təsirindən çıxa bilmir. Amma bu proseslərin də bir dönüm nöqtəsi olacaq. Çünki erməni cəmiyyəti bundan sonra da uzun 10 illiklər iqtisadi sıxıntıda yaşamağa razı olmayaraq, siyasi rəhbərlikdən zəruri addımların atılmasını tələb edəcək”.
Deputat hesab edir ki, məhz Zəngəzur dəhlizinin açılması Ermənistanın iqtisadi blokadadan çıxışı üçün mühüm vasitə ola bilər: “Amma bunun əksini düşünmək sözsüz ki, erməni cəmiyyətinin ziyanına olacaq bir haldır. Sözsüz kənar qüvvələrin təsirindən xilas olub real addımların atılması vacibdir”.
Aqil Məmmədova görə, bu gün Ermənistanda olan az sayda olan revanşist qüvvələrin ziyanlı çağırışlarına baxmayaraq, cəmiyyətin yenidən müharibə barədə kəskin fikri var: “Yeni bir müharibə Ermənistan üçün hansı fəsadlara səbəb ola bilər bunu yaxşı dərk edirlər. 44 günlük müharibədən Ermənistanın cəmiyyətinin aldığı zərbə hələ uzun 10 illiklər böyük çətinliklər yaşadacaq”.
Millət vəkilinin fikrincə, hazırda Ermənistanın sülh məsələsində konkret addım atmamaqla, mümkün qədər vaxt uzatmaq niyyəti isə başqa mətləblərlə izah olunur: “Ermənistana müəyyən xarici qüvvələrin verdiyi “vədlər”, “ümidlər” onlarda sanki bir təsəlli formalaşdırır. Amma Azərbaycan Vətən müharibəsindən sonra da özünün iqtisadi, siyasi imkanlarını genişləndirməklə bərabər hərbi potensialını daha da gücləndirdiyi hər kəsə məlumdur”.