İraqda seçkilər yaxınlaşdıqca Kərkük ətrafında mübahisələr yenidən alovlanıb.
Teleqraf.com “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, türkmənlər 16-17 oktyabr əməliyyatı ilə bütün Türkməneli bölgəsindən çıxarılmış peşmərgələrin yenidən geri qayıtma ehtimalından narahatdırlar.
Kərkük millət vəkili və İraq Türkmən Cəbhəsinin keçmiş sədri Ərşad Salehi ABŞ-ın istilasından sonra 2005-ci ildə hazırlanan konstitusiyada mübahisəli bölgə olaraq müəyyən olunan Kərkükün yenidən peşmərgə işğalı təhlükəsi ilə üzləşdiyini söyləyib.
“Oktyabrın 10-da keçiriləcək seçkilərdən əvvəl maraqlı gəlişmələr yaşanır. Bağdad peşmərgə ilə birgə əməliyyat mərkəzi qurmağa və ortaq qüvvə yaratmağa qərar verib. Bundan sonra birgə hərbi təlimlər başladı. Bütün hazırlıqlar peşmərgə ünsürlərini yenidən Kərkükə soxmaq ssenarisi üzərində aparılır. Bu durum bölgədə qeyri-müəyyənlik və xaos yaradacaq. Onlarla türkmənin öldüyü cinayətlərin üstü açılmadı, peşmərgə insanları edam və işgəncələrlə qətlə yetirdi. Həmin kabusu bir daha yaşamaq istəmirik”, - Salehi qeyd edib.
O, birgə ordu və peşmərgəni yenidən Kərkükə qaytarmaq planının əvvəlcədən qurulduğunu bildirib.
Salehi bu addımın nəticələrinin bölgə üçün dağıdıcı olacağını deyib. O, plan çərçivəsində İŞİD terror təşkilatının yenidən dirçələcəyi və PKK-nın peşmərgələrlə birlikdə bölgəyə dönəcəyini vurğulayıb.
Gəlişmələrdən sonra açıqlama verən Türkmən Cəbhəsinin sözçüsü Məhməy Səman Ağaoğlu baş verənlərlə bağlı İraq Baş naziri Mustafa əl-Kazimi ilə görüşmək istədiyini bildirib.