Hər bir dövlət hərbi arsenalını gücləndirmək, müttəfiqləri ilə ordularının qarşılıqlı əlaqəsinə, inkişafına nail olmaqda müstəqildir. Azərbaycan-Türkiyə bu mənada tarixi köklərə əsaslanan qardaşlıq müstəvisində bütün sahələr üzrə qarşılıqlı əlaqələrin yüksək səviyyədə təmin olunmasına nail olub. Məhz bu qardaşlıq, dostluq nümunəsi bu gün bütün dünya üçün də bir örnək kimi təcəssüm edilir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın dövlət münasibətlərinə rast gəlmək mümkün deyil. Bu əlaqələr isə istənilən istiqamətdə olduğu kimi hərbi sahədə də əməkdaşlığı, əlaqələrin intensiv inkişafını özündə ehtiva edir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, iki qardaş dövlətin orduları arasında müəyyənləşdirilmiş proqrama uyğun şəkildə təşkil edilən hərbi təlimlər heç bir halda üçüncü tərəfə istiqamətlənməyib:
“Burada hər hansı bir tərəfə mesaj vermək niyyəti də yoxdur. Ənənəvi olaraq bu cür hərbi təlimlər sırf iki ordu arasındakı əlaqələri, qarşıda duran vəzifələrin icra vəziyyəti ilə bağlı məsələləri özündə ehtiva edir”.
Millət vəkilinə görə, Azərbaycan-Türkiyə və Pakistanın birgə hərbi təlimləri nəzərdə tutulmuş və razılaşdırılmış proqrama uyğun icra edilib:
“Bu təlimlərin ardınca qardaş Türkiyə ilə Naxçıvanda icra edilən təlimlər də razılaşmalara uyğun uyğun həyata keçirilir. Bundan hansısa bir tərəf narahat olursa, bu, məntiqli yanaşma deyil. Həm regionda, həm də dünyada ayrı-ayrı dövlətlərin birliklərin hərbi təlimlərinin icrası ilə bağlı mütəmadı olaraq xəbərlər izlənilir. Sözsüz ki, struktur varsa onun işlək bir mexanizm kimi saxlanılması, inkişafı, inteqirasiyası məhz bu cür təlimlər vasitəsi ilə təmin olunur. Ona görə də, bu cür məsələləri tamamilə başqa səmtdə izah etmək, ona hansısa şərhlər vermək əsassızdır”.