22 Sentyabr 2021 15:59
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsinin 1-ci ildönümü yaxınlaşır. Bir il əvvəl Ali Baş Komandanın qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, iradə və əzmkarlığı bizi Qələbəyə apardı. Regionda sülhün təmin olunması istiqamətində konkret nəticə əldə olundu. Ötən bir ildə regionun mənzərəsinə nəzər saldıqda 30 il ərzində işğalla yanaşı davam edən beynəlxalq riyakarlıq da mütləq ki xatırlanır.

Bunu Teleqraf.com-a Milli məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat xatırladıb ki, münaqişənin nizamlanması məqsədilə 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı:

“Bu yanaşma illər ərzində sülh danışıqlarının nəticəsiz davam etməsinə səbəb oldu. Açıq şəkildə işğalçı ilə işğala məruz qalmış tərəf arasında fərq qoyulmadı. Beynəlxalq qətnamələr kağız üzərində qaldı. Halbuki Azərbaycan daim öz məsuliyyətini dərk edən ölkə kimi beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışdı. Dünyanın ən nüfuzlu təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi. Əvəzində tərəfləri sülhə çağıran bəyanatlar səsləndirməklə işini bitmiş hesab etdi. Nəticə etibarı ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi uzun illər kağız üzərində qaldı”.

Millət vəkili bildirib ki, beynəlxalq miqyasda sərgilənən riyakarlıq işğalçının əl-qolunu açır, Azərbaycan ərazilərində törədilən erməni təxribatlarının miqyası genişlənirdi:

“Bu azmış kimi təmas xətti boyunca yaşayan dinc əhali mütəmadi atəşə məruz qalırdı. Amma bununla belə beynəlxalq ictimaiyyət də, Ermənistan da dərk edirdi ki, Azərbaycan heç bir halda işğalla, təslimçi sülhlə barışmayacaq. 2016-cı il aprel döyüşləri, 2020-ci il iyul ayında Tovuz döyüşləri bunu bir daha təsdiqləyirdi. Lakin düşmən nəticə çıxarmaq istəmirdi, çünki 30 il davam edən ikili standartlardan çıxış edən havadarlarına güvənirdi. 44 günlük savaş isə həm ermənilərə, həm də onun havadarlarına dərs oldu”.

Könul Nurullayeva 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan haqq işinə qarşı da təzyiqlərin olduğunu söyləyib:

“Amma bütün bunlara baxmayaraq cəmiyyətin parçalanmasına çalışan xarici dairələrin cəhdləri boşa çıxdı. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını bir daha təsdiqlədi. Təsadüfi deyil ki, siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalandı. Eyni zamanda müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin, 50 siyasi partiyanın müraciəti oldu. Beləliklə, 30 il işğala göz yumub ikili standartlar nümayiş etdirən destruktiv qüvvələr milli həmrəylik nəticəsində zərərsizləşdirildi. Çünki Qarabağ Azərbaycan xalqı üçün hər zaman milli qürur məsələsi olub. 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Azərbaycan öz haqqını və tarixi ədaləti bərpa etdi”.


Müəllif: Tapdıq Qurbanlı