Ermənistanın baş nazirinin müavini Suren Papikyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə iki ölkə arasındakı münasibətlər, Qarabağdakı 44 günlük müharibədən sonra bölgədəki vəziyyət və regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilib.
Tərəflər Cənubi Qafqaz dəmir yolunun imkanlarının yenilənməsinin Ermənistanın və bölgənin digər ölkələrinin inkişafına təkan verəcəyini bildiriblər. Suren Papikyan regional kommunikasiyaların blokadadan çıxarılması kontekstində həm üçtərəfli formatda, həm də ATƏT-in Minsk qrupu çərçivəsində Rusiyanın xüsusi və effektiv rolunu vurğulayıb.
Tərəflər Gorus-Qafan yolundakı son durumla bağlı da danışıblar.
Qeyd edək ki, Cənubi Qafqaz dəmir yolunun Azərbaycandan keçən hissəsi 1989-cu ildən fəaliyyətini dayandırıb. Dəmir yolunun Türkiyəyə uzanan hissəsi də işləmir.
Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmalar Zəngəzurdan keçməklə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək dəmir yolunun bərpasını da nəzərdə tutur. Avtomobil yolunun açılmasına razılıq verdiyini bildirən Ermənistan hələlik dəmir yolunun açılmasına etiraz edir. Baş nazirin müavini ilə səfir arasında müzakirə olunan bu məsələ isə İrəvanın mövqeyinin yumşalması kimi qəbul oluna bilər.