24 Sentyabr 2021 19:54
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidentin BMT-dəki çıxışı dünya ölkələri tərəfindən maraqla izlənilib. Dövlət başçısı Cənubi Qafqazda baş verən hadisələr, Azərbaycanın qələbəsi və gələcək planlar barədə dünya ictimaiyyətinə ətraflı məlumatlar çatdırıb. Pandemiyaya qarşı mübarizə tədbirləri, keçmiş Dağlıq Qarabağ münaqişəsi, 30 illik problemin həlli, Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi vandalizm aktları da dövlət başçısı tərəfindən açıq şəkildə bəyan edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, ölkə başçısı tərəfindən bir daha BMT tribunasından Ermənistanın regionda dayanıqlı sülhə maneə olduğu vurğulanıb:

“Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxıb. Azad olunmuş ərazilər Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına daxil edilib. Prezident də çıxışında bu məsələyə xüsusi diqqət ayırdı. BMT-yə üzv dövlətlərə və BMT Katibliyinə ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımından qərəzli və manipulyasiya xarakterli adların ifadəsinə yol verməməyə çağırış edildi”.

Millət vəkili bildirib ki, Prezidentin nitqində Azərbaycanın ədalətli mövqedə olduğunu, BMT TŞ-nın qətnamələrini öz gücü ilə icra etdiyini söyləyib:

“Azərbaycan bundan sonra da ədalətli mövqedə olacaq. Zəngəzur dəhlizinin və kommunikasiyaların açılmasına xidmət edəcək addımlar atacaq. Sözsüz ki, sərhədlərin delimitasiya və demarkasiya olunması kimi vacib məsələlər həll edilməlidir”.

Azər Badamov əlavə edib ki, Prezident İlham Əliyev 30 illik bir münaqişəni sonlandırmış dünya səviyyəli liderdir:

“Dövlət başçısı beynəlxalq auditoriyalarda ədalətli çıxışları ilə öz liderliyini təsdiq edib. Dünyada və Cənubi Qafqazda sülhün yaranmasına xidmət edən addımların atılması yönündə dövlət başçısı mühüm təşəbbüslərlə çıxış edib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər