25 Sentyabr 2021 16:05
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi Ali Baş Komandan İlham Əliyevin öncədən planlaşdırdığı döyüş taktikasının uğurudur”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Prezidentin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsinə diqqət çəkən deputat qeyd edib ki, bizi qələbəyə aparan yol və “Dəmir yumruq” əməliyyatının detalları müsahibədə ətraflı əks olunub: “Azərbaycan heç vaxt müharibənin tərəfdarı olmayıb, amma öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır dayanıb. Prezident istəmirdi ki, yenidən qan tökülsün və şəhidlər verilsin. Azərbaycan danışıqlar prosesində iştirak etməklə torpaqlarını sülh yolu ilə işğaldan azad etmək istəyirdi. Ancaq Ermənistanın ardıcıl və sentyabrın 27-də pik nöqtəyə çatan hərbi təxribatları müharibəni şərtləndirdi.

2016-cı ilin Aprel zəfəri Azərbaycan xalqının qələbəyə, düşməni məhv etməyə olan inamını artırdı. Bunun ardınca 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvanda Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı əks-həmlə əməliyyatı nəticəsində ordumuz öz gücünü qismən nümayiş etdirərək minlərlə hektar ərazini nəzarəti altına keçirdi. Bu, Ermənistan üçün mesaj idi.

Amma Ermənistan danışıqlar prosesində yeni-yeni şərtlər irəli sürürdü. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” kimi mənasız və boş bəyanatı danışıqların formatının dəyişdirdi.

Bundan əlavə, 2020-ci il iyulun 12-dən 16-dək münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun döyüş mövqeləri iriçaplı silahlardan atəşə tutuldu. Ardınca avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərdi. Ermənilərn təmas xəttində ardı-arası kəsilməyən hücum əməliyyatları və ölkəmizə qarşı ərazi iddiaları faktiki danışıqlar prosesini sonlandırdı və Azərbaycanı İkinci Qarabağ müharibəsinə məcbur etdi.

Təbii ki, Prezident müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın müharibə taktikası və döyüş planı hazır idi. Yaranan yeni reallıqlar nəzərə alınaraq döyüş planımızın məxfiliyinin qorunması üçün hər gün yeni dəyişikliklər edilirdi, müvafiq əməliyyat planları hazırlanırdı. Müharibənin ilk günündən başlayaraq Ali Baş Komandanın məharətli qərar qəbul etmək bacarığı ordumuzun uğurla irəlləməsinə yol açdı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın qəti qələbəsi ilə başa çatdı”.

Deputat Azərbaycanın müharibəni az itkilərlə və uğurla başa çatdırdığına diqqət çəkib: “Ordumuzda bir nəfər belə fərarimiz olmadı. Düşmən ordusunda isə kütləvi fərarilik başladı. Özlərinin qeyd etdiyinə görə, 10 mindən çox hərbçi silahlarını atarq döyüşə girməkdən imtina edərək qaçmışdı. Başqa yolları da yox idi. Çünki Azərbaycan ordusundakı müasir silahları, ordumuzun peşəkarlığı və Ali Baş Komandanın qurduğu plan üzrə hücum taktikasının aparılması düşmən ordusunu məhvə sürüklədi”.

Azər Badamov əməliyyatın “Dəmir yumruq” adlandırılmasını belə izah edib: “Przidentin tvitlərində və müsahibələrində ifadə etdiyi "Dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik!" ifadəsi xalqımızın dillər əzbəri olmuş məşhur “Dəmir yumruq” əməliyyatına çevrildi. “Dəmir yumruq” əməliyyatı ermənilərin qorxulu röyasına çevrilmişdi. Bu, xalqımızın milli birlik və həmrəylik rəmzinə çevrildi. Bu gün Ali Baş Komandanın “Dəmir yumruğu” qələbə simvolunu xarakterizə edir.

Prezident nüfuzlu “Nasionalnaya oborona” jurnalına verdiyi geniş müsahibəsində bütün bu proseslərə aydınlıq gətirib. Bu da müharibəyə aparan yol və qələbəmiz haqqında dünya ictimaiyyətində geniş fikir formalaşdıracaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər