26 Sentyabr 2021 14:56
2 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putin ölkəsini “dəmir əl”lə idarə edir. Məsələn, Krım məhz Putinin istəyi və əmri əsasında Ukraynadan qopardıldı. Rusiyanın başqa rəsmisi ona demədi ki, bunu etmək olmaz, qardaş dövlət, o cümlədən Qərblə üz-üzə qalacağıq. Putin dedi, əmr yerinə yetirildi. Eyni sözləri Qarabağ üçün də şamil etmək olar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Vladimir Putin müharibə günlərində Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında vasitəçi olmasaydı, Azərbaycan ordusu Şuşadan sonra Xankəndinə enəcəkdi, digər istiqamətlərdəki erməni separatçıları mühasirəyə düşüb məhv ediləcəkdi və bununla biz 200 illik problemdən birdəfəlik qurtulacaqdıq:

“Güzəştə getdik, indi güzəşt növbəsi Vladimir Putinindir. Birincisi, Rusiya prezidenti Laçın dəhlizində Azərbaycan sərhədçilərinin və gömrük xidmətinin yerləşməsinə razılaşır, ikincisi, Qarabağdakı erməni separatçılarının tərksilahını təmin edir, üçüncüsü, 4 ildən sonra rusiyalı hərbçilərin bölgəni tərk etməsinə və Xankəndi üzərində Azərbaycan bayrağının dalğalanmasına, qanunlarımızın bu bölgədə də təminatına əngəl olmur. Bu, bizim üçün ən optimal variant olardı. Ancaq bu, Rusiyanın ənənəvi siyasətinə və Putinin xarakterinə ziddir.

Buna baxmayaraq, Azərbaycan Türkiyə ilə birgə Putini reallıqları qəbul etməyə məcbur edə bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün sonra Soçidə Putinlə görüşəcək. Mövzular çoxdur, Qarabağla bağlı da fikir mübadiləsi olacaq. Faktiki olaraq, Ermənistanla Türkiyə arasında hələlik aşağı səviyyədə dialoq başlayıb, müharibədən sonra ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşüblər”.

Elxan Şahinoğlu qeyd edib ki, Rusiyadakı hərbi-siyasi mərkəzlər İrəvanı təxribatçı mövqeyində dayanmağa sövq etməsələr, regional barış üçün fürsətlər açıla bilər:

“Putini inandırmaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması, o cümlədən Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması Rusiyanın maraqları əleyhinə deyil. 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanı Gürcüstandan, 2014-cü ildə Krımı və Donbasın bir hissəsini Ukraynadan qoparan Putin Azərbaycanın timsalında fərqli addım atsa, bundan qazanar, sadəcə bu qərarı verməyə daxilən hazır olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər