27 Sentyabr 2021 20:20
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hicran xanım, 27 sentyabr - Azərbaycan tarixində qazanılan möhtəşəm Zəfərin başlanğıc günüdür...

- Bu tarix Azərbaycan ən şərəfli dövrünün başlanğıcı hesab olunur. Bu şanlı tarix xalqın mənəvi birliyi, Ordumuzun qüdrəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılıb. Artıq bir xalq, dövlət olaraq qürur hissi keçiririk. Çünki uzun illərdən sonra əsl müstəqilliyimizə ərazi bütövlüyümüzün bərpasına nail olduq. Tarixi ədaləti bərpa edildi. Bu qələbə qəhrəman oğullarımızın canı, qanı hesabına başa gəlib. Bir daha şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, qazilərimizə şəfa arzulayırıq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımzı azad edilən torpaqlarda dalğalandırmış qəhərəmanlarımıza dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

- Hansı amillər ermənilərin bu qədər amansızlıq törətməsinə, işğalçılıq siyasəti yürütməsinə imkan yaratdı?

- Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar uzun 10 illiklər tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Bütün bunlar isə ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Bu qırğınlar ermənilərin çar rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edib. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimləri ermənilər tərəfindən dəyişilməyə başlayıb, münbit əraziləri ələ keçirilib, yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırılıb (Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar rusiyasından sonrakı illərdə də davam edib). Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalıb.

- Azərbaycanlılara qarşı ermənilərin nifrətinin kökündə hansı amillər dayanır?

- Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni “ideoloqlarının” “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi və dünyaya çatdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müəyyən işlər görüldü. Amma mövcud tarixi şəraitə görə baş verənlərin sona qədər araşdırılmasının və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Lakin həmin faciəli hadisədən 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi - siyasi qiymət verildi. Beləliklə də 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. XX əsrin 90-cı illərində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal edib. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirib. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir. Ümumiyyətlə, Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirib. 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilib. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub.

- Ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi ölkəmizi tarixi ağır təlatümlərdən necə xilas etdi?

- Bu da tarixi həqiqətdir ki, ulu öndər Heydər Əliyev istər birinci, istərsə də ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanın taleyüklü məsələsi olan Qarabağ və digər ərazilərimizin erməniləşdirilməsinin qarşısını almağı bacard. Eyni zamanda ərazilərimizin ermənlər tərəfindən işğal edilməsi faktı bütün dünyaya çatdırıldı. O, bir çox güclü dövlətlərin və beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq ərazilərimizin işğal olunduğunu, vətəndaşlarımızın soyqırımına məruz qaldığını sübut etmək və beynəlxalq aləmin bu həqiqəti qəbul etməsi üçün mübarizə apardı. Ümummilli lider yaxşı anlayırdı ki, müharibəni uduzmuş, öz doğma məcburi köçkün vəziyyətinə düşmüş, iqtisadi, siyasi, hərbi cəhətdən zəif, eləcə də ideolji natamamlıq yaşanan bir ölkə mübarizə aparmaq üçün güclü olmalıdır. Digər mühüm amil isə insanları bir məfkurə, ideya ətrafında birləşdirmək idi. Bütün həyatını buna həsr edən ulu öndər siyasi, iqtisadi, hərbi islahatlar həyata keçirdi. Ən əsası mənəvi- ideolji mühitin formalaşması, azərbaycançılıq ideologiyasının formalaşması üçün bütün imkanları səfərbər etdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şərəfli missiya uğurla davam edir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər