27 Sentyabr 14:41
3 620

Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin noyabrın 9-da imzaladıqları üçtərəfli bəyanata əsasən Qarabağda yerləşdirilən Rusiya Federasiyası sülhməramlı kontingentinin ilk komandanı, general-leytenant Rüstəm Muradov yeni vəzifəyə təyin olunub.

Teleqraf.com xəbər verir ki, R.Muradov Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandan müavini təyin olunub.

Qeyd edək ki, Cənub Hərbi Dairəsi Rusiya Silahlı Qüvvələrinin 5 hərbi-administrativ vahidindən biridir. Digər hərbi-administrativ vahidlər Qərb, Mərkəz, Şərq hərbi dairələri və Şimal donanmasıdır. Cənub Hərbi Dairəsinin qoşunları və qüvvələri iki federal dairənin (Cənub və Şimali Qafqaz federal dairələri) inzibati sərhədləri daxilində dislokasiya olunub. Bura Adıgey Respublikası, Dağıstan Respublikası, İnquşetiya Respublikası, Kabardin-Balkar Respublikası, Kalmıkiya Respublikası, Qaraçay-Çərkəz Respublikası, Krım Respublikası, Şimali Osetiya Respublikası – Alaniya, Çeçenistan Respublikası, Krasnodar, Stavropol diyarları, Həştərxan, Volqoqrad və Rostov vilayətləri, Sevastopol şəhəri daxildir. Başqa sözlə desək, Cənub Hərbi Dairəsi Rusiyanın Avropa hissəsinin cənubunun müdafiəsinə cavabdehdir.

Dairənin qərargahı Rostov-Don şəhərində dislokasiya olunub.

Bundan əlavə, dairənin üç hərbi bazası Rusiyanın hüdudlarından kənarda yerləşir: bunlar separatçı Cənubi Osetiyada, Abxaziyada yerləşən bazalar (1 fevral 2009-cu ildə yaradılıb) və Ermənistanda yerləşən 102 saylı bazadır. 102 saylı bazanın iki qarnizonu var. Bunlar Gümrüdə (İrəvandan 126 km şimalda) və İrəvanda yerləşən qarnizonlardır. Hərbi bazanın aviasiya komponenti “Erebuni” aerodromunda yerləşir.

Rüstəm Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Onun atası Dağıstan Muxtar Respublikasının Tabasaran rayonunun Xanak kəndindəndir. Milliyyətcə tabasarandır. Atasının adı Usman, anasının adı Umijatdır. 1966-cı ildə Cənubi Dağıstanda baş verən zəlzələdən sonra atası valideynləri ilə birlikdə Tabasaran rayonunun Çinar kəndində məskunlaşıb. Burada evlənib. Ailənin üç oğlu olub. Rüstəm Çinar orta məktəbində oxuyub.

Novoçerkasskdakı kursantlar məktəbinin məzunudur. 1990-cı ildən hərbi xidmətdədir. Sankt-Peterburq ali ümumqoşun komandirləri məktəbini (1995), həmçinin Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını əla qiymətlərlə bitirib. Bundan başqa R.Muradov 2015-ci ildə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

R.Muradovun demək olar ki, bütün fəaliyyəti Cənub Hərbi Dairəsi, qismən isə Mərkəz Hərbi Dairəsi ilə bağlıdır. O, Birinci (1994-96) və İkinci (1999-2009) Çeçen müharibələrinin, Rusiyanın Suriyadakı hərbi əməliyyatının, yaraqlıların Dağıstana soxulmasının qarşısının alınması əməliyyatının (7 avqust-14 sentyabr) iştirakçısıdır. R.Muradov Rusiya qəhrəmanı adını da Suriyadakı fəaliyyətinə görə alıb.

General-leytenant ali xüsusi hərbi rütbəsinə malik R.Muradov ötən ilin noyabrın 11-dən bu ilin sentyabrın 6-dək Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı olub. Burada xidmətini başa çatdıran R.Muradov bu günlərdə Cənub Hərbi Dairəsi komandanının müavini təyin edilib. Onu da qeyd edək ki, R.Muradov sülhməramlıların komandanı kimi Qarabağa göndərilməzdən öncə də Cənub Hərbi Dairəsi komandanının müavini (dekabr 2018-noyabr 2020) olub.


Müəllif: Səxavət Həmid