Ötən əsrin 90-cı illərin əvvəllərində işğalçı Ermənistan Azərbaycanda baş verən siyasi katakilizmlərdən yararlanaraq ərazilərimizin 20 faizini işğal etdi. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin düşdü. Məhz beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması ilə bağlı edilən çağırışlar, verilmiş mühüm qətnamələr də Ermənistanın işğal faktını təsdiqləyirdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, işğal siyasətini davam etdirən Ermənistan yeni ərazilər qəsb etmək məqsədilə davamlı hərbi təxribatlara əl atırdı:
“Məhz Ermənistanın Azərbaycan ərazilərinə yeni işğal niyyəti ilə bağlı 2020-ci ilin sentyabrınadək dünya birliyini dəfələrlə xəbərdarlıqlar edildi. Çox təəssüf ki, Azərbaycanın bu çağırışlarına dünya birliyi tərəfindən məhəl qoyulmadı. Azğınlaşmış Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlər sadəcə bəyanatlar verməklə işlərini bitmiş hesab etdilər. Sözsüz ki, münaqişənin həllində məsul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin davranışları da mövcud arzuolunmaz durumun davamlılığına xidmət edirdi”.
Millət vəkili söyləyib ki, Minsk qrupunun həmsədrləri on illərlə Qarabağda Azərbaycanın maddi və mənəvi irsinin dağıdılmasına göz yumdu:
"Ermənistanın hərbi cinayətlərinə reaksiya verilmədi. İndiki şəraitdə isə bu təşkilatın Azərbaycanı nədəsə ittiham etməyə çalışması heç bir məntiqə əsaslanmır”.
Cavid Osmanov vurğulayıb ki, Ermənistan 10 noyabr bəyanatını, onun şərtlərini kobudcasına pozur, erməni silahlı qüvvələrinin Azərbaycan torpağından tam çıxarılmasını təmin etmir:
“Eyni zamanda Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası ilə bağlı ciddi addımlar atılmır. Sözsüz ki, Azərbaycan bu məsələlərdə səbr və təmkin nümayiş etdirir. Ancaq bu da daimi ola bilməz”.
Deputat hesab edir ki, Qarabağda Rusiya sülhməramlıların nəzarətində olan ərazilərə xarici vətəndaşların qanunsuz gəlmə hallarının qarşısının alınması istiqamətində Azərbaycanın prinsipial mövqeyi mütləq nəzərə alınmalıdır: “Bu cür hallara son qoyulması mütləqdir. Azərbaycanın razılığı olmadan heç bir kənar şəxs onun hüdudlarına daxil ola bilməz”.