29 Sentyabr 2021 21:12
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Musa müəllim, Vətən müharibəsi ilə illərdir bərpa olunmayan ədalət öz yerini tapdı, torpaqlarımız azad olundu. Qələbədən sonra Azərbaycana qarşı yanaşmalar müsbət istiqamətdə dəyişdi. Bu, necə izah oluna bilər?

- 2020-ci ilin 27-i sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi təkcə 30 illik tarixi ədalətsizliyə son qoymayıb. Bu, təkcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmədi. Eyni zamanda reallıqları dəyişdi. Dünyada Azərbaycana olan yanaşmalar kökündən dəyişmiş oldu. İlk növbədə Azərbaycanın apardığı müharibənin ədalətə söykəndiyi bütün dünyaya bəyan edildi. Dövlətimizin heç bir ölkəyə eyni zamanda Ermənistana qarşı heç bir ərazi iddiasında olmadığına da dünya ictimaiyyəti şahidlik etdi. Baxmayaraq ki, müasir Ermənistan dövləti də tarixi Azərbaycan ərazilərində yaradılıb. Digər tərəfdən Azərbaycanın Ermənistandan fərqli olaraq mülki əhaliyə qarşı heç bir aqressiyası olmayıb. Azərbaycan Ordusu heç bir mülki obyekti, insanların sıx məskunlaşdığı əraziləri hədəf seçməyib. Bu da onu nümayiş etdirdi ki, Azərbaycan müharibə qanunlarına sadiqdir. Hətta müharibənin gedişində belə Azərbaycan lideri açıq şəkildə bəyan etdi ki, Ermənistan ərazilərimizin boşaldılması ilə bağlı konkret təqvim verəcəyi təqdirdə döyüş əməliyyatları dayanacaq. Bu da Azərbaycanın niyyətinin sülhə, sabitliyə, insan amilinə xidmət etdiyinin göstəricisi idi.

- Azərbaycan Ordusu öz gücünü nümayiş etdirdi. Fərqli taktikadan istifadə etdi...

- Azərbaycan 44 günlük Vətən müharibəsində həmçinin 5-ci nəsil müharibəsi aparıb. Amma Ermənistan və onun havadarları düşünürdü ki, Azərbaycanın ənənəvi döyüş praktikasına uyğun bir müharibə icra edəcək. Amma dövlətimizin hərbi qüdrəti imkan verdi ki, döyüş əməliyyatları tamam fərqli bir üslübda icra edilsin. Düşmən də bu taktikanı sözsüz ki, gözləmirdi. Hava məkanında Azərbaycanın bilavasitə yaratdığı üstünlük imkan verdi ki, qısa zamanda erməni silahlıları tamamilə sıradan çıxarılsın. Məhz alınmaz qala olan tarixi Azərbaycan şəhəri Şuşanın düşmən işğalından azad edilməsi tamamilə başqa bir tərzdə oldu. Azərbaycan oğullarının qəhrəmanlığı, şücaəti nəticəsində bu tarixi şəhər erməni tapdağından azad olundu. Bu, hərbi strategiyanın tamamilə yeni bir təzühürü idi. Bir daha dünya Azərbaycan ordusunun, xalqının gücünün şahidi oldu.

- Müharibənin gedişində informasiya cəbhəsində də Azərbaycan üstün tərəf oldu. İnformasiya gücü bizə hansı üstünlüklər qazandırdı?

- 44 günlük Vətən müharibəsində dövlət başçısı 30-a yaxın xarici informasiya agentliklərinə, televiziya kanallarına və qəzetlərə müsahibələr verdi. Bu, Azərbaycanın haqq işinin bütün dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkə liderinin də mövqeyini ortaya qoymuş oldu. 10 noyabrda müharibənin bitməsini bəyan edən razılaşmadan sonra da Azərbaycanın davranışları dünya ictimiyyətinin diqqətində idi. Bütün bunlar Azərbaycana olan münasibətləri köklü şəkildə dəyişdirdi. Sözsüz ki, Azərbaycan hər zaman beynəlxalq konvensiyalara, öz üzərinə götürdüyü öhdəliklərə ciddi riayət edib. Bunun fonunda isə Ermənistan 30 ilə yaxın BMT-nin, Avropa Şurasının, Avropa Birliyinin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etmədi. Azərbaycan isə beynəlxalq hüququa istinad etməklə həm də bu təşkilatların çıxarmış olduğu qərarları təkbaşına icra etdi. Eyni zamanda Azərbaycan müharibədən qalib kimi ayrılmaqla özünün iqtisadiyyatı və ordusunun gücünün nəyə qadir olduğunu nümayiş etdirdi.

- Müharibə nəticəsində yaranan yeni reallıqları necə dəyərləndirirsiniz?

- Post-müharibə dövründə Azərbaycanın əməkdaşlıq, quruculuq təklifləri var. Bütün dünya da bunu görür. BMT-nin sessiyasında da dövlət başçısı çıxışında bölgədə sülh, əməkdaşlıq, tərəqqinin tərəfdarı olduğunu bəyan etdi. Ərazilər azad edilib. Bu ərazilərdə artıq bərpa, quruculuq işləri aparılır. Kommunikasiyaların bərpası ilə bağlı mühüm addımlar atılır. Azərbaycan öz iqtisadi imkanları ilə ərazilərini bərpa edir. Ölkəmizin təklif etdiyi prinsiplər postmüharibə dövründə regionda olan bütün dövlətlərin və xalqların inkişafını özündə ehtiva edir.

- Məğlub Ermənistanı hələ “şirnikləşdirməyə” hesablanmış çağırışlar, bəyanatlar eşidilir. Bu yanaşmalar bölgədə yaranacaq sülh üçün hansısa təhlükələr yarada bilər?

- Ötən günlərdə Avropa Şurası da biabırbçı bir “qərar” qəbul edib. Fransanın “France-24” kanalının səsləndirdiyi suallar da Avropa Şurasındakı qərara zəmin hazırlamaq cəhdi kimi başa düşülməlidir. Amma Prezident İlham Əliyev qətiyyətli və beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirməklə bu məkirli planları da alt-üst etmiş oldu. Dövlət başçısı “Anadolu Agentliyinə” müsahibəsində də söylədi ki, artıq “Dağlıq Qarabağ” konfilikti deyilən bir münaqişə mövcud deyil. Eyni zamanda belə bir coğrafi məfhum da yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ölkə başçısı açıq şəkildə bəyan etdi ki, “Dağlıq Qarabağ” adlı ölünü kim diriltmək istəyirsə, onu öz ölkəsində icra etsin. Eyni zamanda Prezident “France-24” kanalına müsahibəsində bildirdi ki, Fransa ATƏT-in Minsk qrupunun üzvü kimi bitərəfliliyini saxlamaq əvəzinə, müharibə və ondan sonrakı dövrdə ermənipərəst bir mövqe sərgilədi. İfadə edildi ki, Fransa bu “niyyətini” yenə də davam etdirir. Amma bu da heç bir nəticə ilə bitməyəcək. Çünki 30 ildir ki, bu qüvvələr ermənipərəst oldular. Bundan sonra da eyni mövqedə qalmaları Azərbaycana heç bir təsiri olmayacaq. Azərbaycan konfiliktə nöqtə qoyub. Prezident də açıq şəkildə bəyan etdi ki, indiki halda sülh erməni cəmiyyəti üçün də olduqca vacibdir. Amma revanşist fikirlərdən uzaqlaşmaqla, normal, real həyata qayıtmaqla buna nail olmaq olar.

İstər ABŞ, istərsə də Fransa kimi dövlətlər bölgədə daimi, qalıcı sülhün olmasında maraqlı deyillər. 1878-ci ildə Berlin konfransında Osmanlı imperatorluğunun qeyri-müsəlman əhalisinin hüquq və azadlıqları məsələsi gündəmə gətirilmişdi. Orada da əsasən ermənilərin “hüquqlarını” guya müdafiə etmək kimi absurd bir niyyət vardı. Amma əsas hədəf Osmanlı imperiyasını çökdürmək idi. İndi də bu proses davam edir. Çünki o dövr yanlış qərar elə ermənilərin özləri üçün zərərli oldu. Onlar Türkiyədəki rahat yerlərindən uzaq düşməli oldular. Əslində imperialist qüvvələrin yanlış qərarları ilə ermənilər heç nə qazana bilmədilər. Ondan sonrakı dövrdə də bu siyasət davam edir. İndi isə reallıq dəyişib. Yeni və güclü Türkiyə ilə bərabər eyni imkanlara malik türk və müsəlman ölkəsi olan Azərbaycan gündəmə gəlib. Azərbaycan bu gün öz gücü və imkanları ilə dünya arenasına çıxır. Bölgədə hegemonluq maraqları olan qüvvələr daima burada proseslərin öz nəzarətlərindən kənarda baş verməsinə etiraz edir. Amma buna baxmayaraq Azərbaycan daha güclü olmalıdır. 44 günlük müharibənin əsas dərslərindən bir də o oldu ki, bütün dünya Azərbaycanda xalq, ordu, Ali Baş Komandan birliyinə şahidlik etdi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər