1 Oktyabr 2021 09:14
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zahid müəllim, Vətən müharibəsinin başlanmasının bir ili tamam oldu. Zəfərə gedən bir yolun başlanğıcı millətin yenidən özünü təsdiqində hansı faktorları özündə ehtiva edir?

- Vətən müharibəsinin başlanmasının birinci ilinin tamam olması və 44 günlük o mühüm salnamə dövrünə daxil olmağımız millətimiz üçün mənəvi-psixoloji, ictimai, siyasi, hərbi baxımından misilsiz bir hadisədir. Bunun bənzərini və müqayisəsini tariximizdə təəssüf olsun ki, tapmaq mümkün deyil. Biz siyasətdən xeyli dərəcədə kənar olan insanların bu günlər yaxınlaşdıqca keçirdiyi hissləri, düşüncə və baxışlarını müşahidə etməkdəydik. Görürük ki, bu, əslində yeni bir millət hadisəsi yaradıb. Həqiqətən də müharibələrdə qələbə qədər xalqları ucaldan ikinci bir hadisə yoxdur. Müxtəlif sahələrdə uğurlar qazanmaq çox önəmlidir. Bunların hamısının savaşa aiddiyyatı var. Ona görə də, vurğulanır ki, tatami üzərindəki qələbə, olimpiadalarda yer tutmaq, siyasi meydanlarda nailiyyət əldə etmək ən sonda səngər üçündür. Lakin bununla bərabər döyüş meydanlarında qan tökərək və yaxud müdafiə zəminində savaş apararaq ən sonda qələbə qazanmaq min illərə çatacaq durum yaradır, nəticələr doğurur. Ona görə də 44 günü əsrə bərabər dövr kimi xarakterizə edənlər çox haqlıdır.

- Müharibə və sonda tarixi qələbə bir xalqın həyatına necə təsir edir?

- Həqiqətən də, biz 26 sentyabra qədərki dövrdə I Qarabağ savaşındakı məğlubiyyətin yaratdığı mənfi nümunələrdən bir sıra hallarda çıxa bilmirdik. Adətən, o daşlamış mənfi ənənələri sındırmaq o qədər də asan olmur. Bu, dünyada bir fenomen kimi yalnız bizim xalqın həyatında deyil, almanların və başqa digər xalqların misalında özünü göstərib. Berlin divarının dağıdılması 1990-cı ilə keçən dövrdə reallaşıb. Cəmi 45 illik ayrılığın yaşanması fonunda insanlar deyirlər ki, hələ də xəyali divarı gözlərinin qarşısında, düşüncələrində, həyat münasibətlərində iki fərqli mentallığın dövlətlə əlaqələrində yaşayırlar. İndi isə biz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə regionda yaratdığı yeni bir reallıq içindəyik. Qeyd etdiyimiz status bütün ölkələrin konstitusiyalarında mövcuddur. Onların üsul idarələrindən asılı olaraq baş nazir, prezident və digər şəxslərdə belə status olur. Bununla bərabər bu hal yalnız müharibə dövründə özünü gerçəkləşdirir. Bizim üçün Ali Baş Komandan kimi dövlət rəhbərinə müraciət prezident sözünü də üstələyib. Çünki bu, özü-özlüyündə bir ölkənin bütövlükdə hərbiləşməsi və ordu millətinə çevrilməsi anlamındadır. Ona görə də, Azərbaycan xalqının müharibənin aparılması üsulları indi dünya üçün ən qısa, maksimum nəticə və az itki ilə əldə olunması geniş şəkildə öyrənilməkdədir. Bununla bağlı ötən dövrlərdə insanlarımız öz fikirlərini mövqelərini bildirirlər. Ancaq real mənzərə odur ki, biz dünyada artıq haqsızlığa məruz qalmış, işğal gerçəkliyini yaşayan, 30 ildən sonra onu aradan qaldıran, ədalət axtarışında olan bir millət kimi dünyada tanınmaqdayıq.

- Müharibə Azərbaycan xalqının yeni bir obrazını yaratdı fikri ilə razısınız?

- Bu, həqiqətən də belədir. Bu, çox mühüm bir obrazdır. Çünki dünyada müxtəlif xalqların ərazi bütövlüyü problemləri var. Hələ də onların ərazilərində xarici hərbi birləşmələr yerləşir. Bir neçə qlobal güclərin o ərazilərdə savaşı gedir. Başqaları isə separatizmdən əziyyət çəkir. Biz isə qeyd edirik ki, Ermənistan üzərində qələbəmiz yalnız torpaqlarımızın geri qaytarılması davası deyildi. Həm də xüsusi olaraq millətçi, faşizmin məhv edilməsi niyyəti ilə idi. Müəyyən bir zaman keçib. Artıq açıq şəkildə görürük ki, düşmənin bizimlə uzun illər, əsrlər davası birinci növbədə dövlətimizi məhv etmək və bir millət kimi azərbaycanlıları tabe etmək idi. Bu, hansısa bir partiya, hərəkat təşkilatla yaxud hərbi qüvvələrlə, indiki iqtidarla, müxalifətlə aparılan bir dava deyil. Ancaq bizim onlarla apardığımız mübarizənin əsas prinsipi faşizmlə savaş idi. Biz onların içərisində konkret şəxsləri və qüvvələri seçməmişdik.

- 27 sentybar 2020-ci ilə qədər Azərbaycana fərqli baxışları olan qüvvələrin son bir ildə dəyişən ritorikaları necə şərh olunur?

- Məsələnin başqa bir önəmli tərəfi odur ki, 2020-ci il 27 sentyabr ərəfəsində və artıq müharibənin başlandığı gündə Prezident İlham Əliyevin qrafikinin bir il əvvəlki dövrlə sinxronlaşması, həm açıq informasiya məkanına verilən mesajlar olduqca önəmli idi. Dünya dövlətləri, beynəlxalq təhlilçilər bu şəraiti dərindən analiz edir, ildönümləri, siyasi təqvimlər üzərindən bölgənin həyatını izləyirlər. Bu zaman verilmiş mesajlar çox əhəmiyyətlidir. Haradasa boşluq qoyulanda mütləq başqa qüvvələr oranı öz bildikləri təbliğatla doldururlar. Bu avtomatik həm biz tərəfdən ötən ilin müharibənin başlanma səbəbləri, gedişi, Azərbaycanın qələbəsinin real səbəbləri ətrafında manipuliyasiyalarla başlayır. Çünki qələbəmizin əhəmiyyətini kiçiltmək, onu millətin formalaşmasında qlobal önəmini nəzərə alıb mənəvi, siyasi, ictimai, hərbi resurs kimi xərclənməsinə nail olmaq üçün və yaxud ona kölgə salmaq, zərbə vurmaq üçün ən müxtəlif qüvvələr işləməkdədir. Bizim bu tarixin daşlaşması və gələcək nəsillərə ötürülməsi üçün apardığımız işlər buna zərbə vurmaq yönündə olan qüvvələr bu 44 gündə sanki müharibənin indi coğrafiya hərb meydanında deyil, siyasətdə, informasiya məkanında daha sürətli bir şəkildə aparılmasına çalışırlar.

- Döyüşlərin gedişində və ondan sonra Azərbaycana siyasi, mənəvi, psixoloji basqılar var ...

- Belə olan təqdirdə xarici mediada erməni cinahında səslənən fikirlər aşağı-yuxarı ondan ibarət idi ki, bu, bilavasitə Türkiyənin əməliyyatıdır. İkinci tərəfdən Azərbaycan sanki digər dövlətlər tərəfindən guya təsirlənib hərəkətə keçib kimi yanaşmalar vardı. Eyni zamanda burada xarici hansısa bir “muzdlu qüvvələr” iştirak etdiyinə dair fikirlər səslənirdi. Yenə də məğlubiyyətin başqa ada, ayaqlara, başlara yazılması ilə məşğuldurlar. İndi Azərbaycanın haqqı olan real sərhədinin üzərindən oğullarımızın, qəhrəman əsgərlərimizin, zabitlərimizin hərəkətlərindən qorxu keçirdiklərini bəyan edirlər. Gözlərinin qabağında adı, soyadı azərbaycanlı olan, yaxud da hər hansı bir başqa etnik, milli topluluqlara mənsub olmasına rəğmən Azərbaycan vətəndaşı olmaqla qürur duyan və xidmət aparan insanlar var. Kəlbəcərdən Zəngilana qədər Azərbaycan əsgərləri onların gözü önündə dayanıb. Amma digər yandan hansısa bir gözəgörünməz qüvvə axtarırlar. Guya məğlubiyyətlərinin də əsas səbəbi o olub. Bu, əslində erməni rəhbərlərinin mövqeyində daha çox özünü bəlli edir. Sadə vətəndaşların yanaşması isə həddindən artıq fərqlidir. Onlar Azərbaycana, Bakıya bir sıra hallarda ümidlə baxırlar. Düşünürlər ki, Prezident İlham Əliyevin addımları bölgənin xilası üçündür. Bunun məlum “ideologiya” ilə mifik salnamələrlə hansı nöqtəyə gəlib çıxdığını da dərk edilər.

- Azərbaycanın 44 günlük Vətən müharibəsi region və dünya üçün hansı şərtlər, reallıqlar yaradıb?

- Müharibənin başlanmasının il dönümü Azərbaycanın Zəfər hərəkatı və 44 günlük müqəddəs savaşın nəticələri regionu və dünyanı dəyişmək gücündədir. 1700-cü ildən bəri Qarabağ həmişə qitələrarası proseslərdə maraq toqquşması nöqtəsi olub. Balkanlarda artıq bu hərəkətlənmə var. Hələ bir ay əvvəl Əfqanıstanda yaşananlar da qlobal çəkidədir. Bunu bilavasitə Qarabağ məsələlərinə bağlamasaq da amma müəyyən təsir elementlərinin olduğu da şübhə doğurmur. Başqa məkanlarda da biz müxtəlif hadisələri görməkdəyik. Qarabağ sanki elə bir tektonik süxurdur ki, buradakı hərəkətlənmə digər nöqtələrə də təsir edir. Amma əminik ki, indiki halda bu müsbət təsir olacaq. Çünki separatizmdən qurtulmaq istəyənlər Qarabağ məsələsindəki nümunəni görmək istəyir. Ədalət, birlik, ciddi qüvvələr tərəfindən müdafiə olunmaq, qardaş ölkələr arasındakı münasibətlərin sınağa çəkilməsi, bunun hamısının yeri və güclü əsasları var. Bu dövrü yeni millət, dövlət hadisəsi kimi nəzərdən keçirməkdəyik. İnsanlar dəyişirlər. Bu əslində yeni qazanılmış müstəqillik hadisəsidir. Biz sanki ondan çıxış edərək dünyaya baxmaqdayıq. Qələbəmizi daha da möhkəmlədirmək, onu davamlı etmək, iqtisadi, sosial siyasətə onun transformasiyasına nail olmaq üçün dövlətimizin çox güclü planları və proqramı var.

- Ölkə rəhbərinin bu günlərdə ard-arda bir neçə aparıcı media orqanına müsahibəsində verdiyi mesajların əhəmiyyəti necə şərh oluna bilər?

- Bu günlərdə ölkə rəhbərinin qrafikində qardaş ölkə Türkiyənin televiziya kanalına verdiyi müsahibə bu artıq özünəməxsus bir auditoriyaya birinci mənbədən verilən açıqlamalardır. Burada həm türk xalqını, həm türk dövlətini, həm də türk dilində danışan və bu məkanı izləyən dünya ilə dialoqdur. Paralel şəkildə Rusiyanın “Nasionalnoya Obaronaya” verilən müsahibə də, yetərincə 1 saat qırx dəqiqəyə yaxın davam edən ölkə rəhbərinin müsahibə, polemikalarda gücünü, istedadını, peşəkarlığını göstərən bir hadisədir. Hazırcavablıq, ən lokonik fikirlərdə böyük məna daşıyan və bölgənin strategiyasını açan məsələlər ortaya qoyulur. “Frans 24” kanalı da yüz milyonlarla auditoriyası olan ən azı dört dildə (ispan, fransız, ərəb, ingilis dillərində) yayımlanan bir kanaldır. Əsasən beynəlxalq məkana çıxır və onun auditoriyası xarici ölkələrdir. Bu məhz Fransadır. 10 illər ərzində normal münasibətlərə malik olmağımıza rəğmən son bir ildə davranışlarını kəskin bir şəkildə dəyişən Fransa artıq cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi onlar da artıq yeni sətrdən başlamağa dair bir mövqe göstərirlər. Bu başqa cür də ola bilməzdi. Azərbaycanın Fransa ilə qlobal miqyasda savaşları yoxdur. Fransa bir nüvə dövlətidir, NATO-nun güclü üzvlərindən biridir. Amma Fransanın özünə bu region yaxşı bəllidir. Hansısa Avstraliya ölkəsindən danışsaq onun fərqli məkanda yerləşdiyini deyərdik. Axı Paris sülh konfransına Azərbaycan demokratik cuhmuriyyətinin nümayəndələri iştirak edib və bununla bağlı bütün tarix orada saxlanılıb. Makronun bir tapşırığı yetərlidir ki, arxivlərdən o tarixin hamısını qaldırıb Yelisey sarayında onların qarşılarına qoysunlar. Görsünlər ki, həqiqətən də Azərbaycan 114 min kvadrat km ərazi üzərindən nümayəndələrimiz Paris sülh konfransına getmişdi. 1920-ci ilin yanvarın 7-də Azərbaycanın tanınması baş verəndə dünya liderləri Millətlər Liqası çərçivəsində vaxt vermişdilər ki, mübahisələr həll edilsin. Amma bu mübahisələrin səbəbləri də Fransa tarix muzeylərində, arxivlərində saxlanır. Belə olan təqdirdə verilən hər bir müsahibənin strategiyası var. Prezident bütün bunları məqsədli olaraq müəyyənləşdirib. Bu onun informasiya və dövlət siyasətinin ayrılmaz hissəsidir. Çox önəmli bir məsələdir. Bu eyni zamanda hamımız üçün də bir siqnaldır ki, dövlət başçısının addımlarını cəmiyyətə düzgün təqdim edib, onu izah etmək, onu geniş auditoryalara çıxarmaq vacibdir.

- 44 günü yeni bir siyasi təqvimin başlanğıcı kimi təqdim etmək nə dərəcədə məntiqlidir?

- Ona görə də, 44 günü yeni siyasi təqvim, yeni bir millət təqvimi kimi dərləndirərək, onun üzərindən verilən hər bir xəbər, cənab Prezidentin bir il əvvəl hamının gözlədiyi o xoş müjdələr, eyforiya, duyğular, böyük sevinc idi. Şəhidimizə, başımız üstündə yeri olan, Ali Baş Komandanın və hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın Anım yürüşündə onların portretlərini qaldırması əslində rəmzi mənada söylədiyimiz mənanı daşıyır. Bütün bunların fonunda işlərimizi qurmaq və davam etdirməliyik. Bununla da gələcək dönəmdə qələbəmizin daha böyük il dönümlərini, yubileylərini keçirmək üçün imkanlarımızı artırmış olacağıq.


Müəllif: Tapdıq Qurbanlı