Biz “Dərman vasitələri haqqında” qanuna daima dəyişikliklər edirik. Yenə də dəyişikliklərə ehtiyac var. Ancaq mən Musa Quliyevin fikirləri ilə razı deyiləm. Hər hansı bir dərman preparatının qeyri-şərtsiz ölkəyə gətirilməsinə icazə verilməsi və tanınması qeyri-məqbuldur. Nəzərə almaq lazımdır ki, dərman preparatları nə qida, nə də geyimdir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O əlavə edib ki, ölkəyə gətirilən dərman vasitələrinə ciddi nəzarət olunmalıdır: “Müvafiq orqanlar icazə verdikdən sonra dərman vasitələri gətirilə bilər”.
Komitə sədri bildirib ki, bəzi sahələrlə bağlı dərman çatışmalığı var:
“Bununla yanaşı keyfiyyətsiz dərman problemi də var. Amma mən razı deyiləm ki, hər hansı ölkədə qeydiyyatdan keçən dərman preparatlarını qeyri-şərtsiz ölkəyə gətirək. Hər bir ölkənin dərman siyasəti var. Heç bir ölkə dərmanların qeydiyyatdan keçirmədən satılmasına icazə vermir. İcazəsiz, tanınmadan dərmanların ölkəyə gətirilib satılması hərc-mərclik yaradar. Çünki tanınan və tanınmayan, habelə keyfiyyətli dərman istehsal edən şirkətlərlə yanaşı, keyfiyyətsiz dərmanlar istehsal edən şirkətlər də var. Odur ki, bu məsələləri müzakirə, götür-qoy etmək lazımdır”.