2 Oktyabr 2021 09:05
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü, deputat Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Vətən müharibəsinin başlamasından bir il ötdü. Ötən bir ili, qazanılan tarixi Zəfəri necə dəyərləndirirsiz?

- İndi hamı qəbul edir ki, biz artıq başqa bir Azərbaycanda yaşayırıq. Uzun müddət Azərbaycan cəmiyyəti torpaqların işğal altında qalması ilə razılaşmayaraq bütün gücü ilə onu işğaldan azad etməyə səy göstərirdi. Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev dövlətçiliyimizi möhkəmləndirdilər. İqtisadiyyatımız, infrastruktur yenidən quruldu. İnsanların sosial vəziyyəti yaxşılaşdırıldı. Ordu quruculuğuna böyük diqqət ayrıldı. Eyni zamanda hərbi təlimlər və vətənpərvərlik əhval-ruhiyyəsi cəmiyyətdə kifayət qədər yüksək səviyyədə idi. Bütün bunların hamısı tarixi bir məqamda Ordumuzun hərəkətə keçərək torpaqlarımızı 44 gündə işğaldan azad etməsinə səbəb oldu. Burada bütün faktorlar rol oynayır. Azərbaycan 27-i sentyabr gününə hazır idi. Keçən il ilə bu ili müqayisə etdikdə həmin dövrdə dövlətimizin ölkə başçısının fəaliyyəti nəticəsində yeni bir reallıqda, yeni bir düşüncə içində yaşadığımızın fərqindəyik. İnsanlar torpaq bütövlüyü sevinci yaşayırdılar. Cəmiyyətmiz həmçinin işğaldan sonra problemlərin həlli əhval-ruhiyyəsində idi. Yenə də yüksək vətənpərvərlik əhval-ruhiyyəsi vardı. Ermənistan və onu müdafiə edən müəyyən dairələrin revanşist çağırışlarına Azərbaycan cəmiyyətindən çox sərt reaksiyalar verilir. Azərbaycan dövləti daha da möhkəmlənir ki, bir daha dövlətimiz üçün “Dağlıq Qarabağ” məsələsi kimi problemlər yaşamasın. Qüdrətimiz ona görə artırılır ki, Azərbaycanın müstəqilliyi, suverenliyi sınağa çəkilməsin.

Amma bütün olanların fonunda xalqımız bunu bacardı. Prezidentin ifadəsi ilə desək “Bu, Azərbaycan xalqıdır”. Bundan sonra da Azərbaycan addım-addım qarşısında duran məsələləri həll edəcək. Bundan sonra da ölkəmiz dünyanın diqqətini cəlb edəcək. Öz dövlət quruculuğu, problemlərin həlli ilə ölkəmiz dünyaya nümunə olacaq. Bu günlər bir il öncənin xatirələrinə qayıdarkən ancaq qürur hissi keçiririk.

- Müharibədə möhtəşəm qələbə qazandıq. Düşmən ordusunu darmadağın etdik. Bundan sonra hüquqi baxımdan hansı məsələlər həll olunmalıdır?

- Müharibənin hüquqi cəhətdən başa çatmasının birinci mərhələsi reallaşıb. Ötən ilin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan sənədlərlə birinci mərhələ yekunlaşıb. Bu, Azərbaycanın ərazi bütövlüyü məsələsinin fundamental prinsipləridir. Bununla belə prosesin tam başa çatması üçün də Azərbaycan özünün fəaliyyətini davam etdirir. Bu amil Ermənistanla sülh müqaviləsinin bağlanması, ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılmasıdır. Bundan sonra mehriban qonşuluq münasibətlərinin qurulması kimi məsələlər də öz həllini tapmalıdır. Sözsüz ki, bu asan deyil. Bundan sonra bir çox addımlar atmaq lazım olacaq ki, bu məsələlər də həll edilə bilsin. Azərbaycanın torpaqları 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanılıb. Ölkəmizə milyardlarla dollar ziyan dəyib, heç bir ölçü ilə hesablanmayacaq mənəvi zərər vurulub. Amma bununla belə Azərbaycan Ermənistanla normal münasibətlər qurmaq üçün özünün təkliflərini irəli sürüb. Ermənistan tərəfindən hazırda konstruktiv cavab gözlənilir. Hər halda bu sülh müqaviləsinin bağlanması ilk növbədə Ermənistanın özünə lazımdır. Azərbaycan beynəlxalq hüququn üstün tutulmasını, ərazi bütövlüyünü, sərhəd toxunulmazlığının təminatının tərəfdarıdır. Bu istiqamətdə edilən səylərin nəticəsinin mütləq olacağına əminlik yaradır.

- Necə düşünürsüz yaxın vaxtlarda sülh müqaviləsi imzalana bilərmi?

- Bunu demək çətindir. Konkret bir zaman da müyyənləşdirmək olmur. Hər şey proseslərin gedişindən və qarşı tərəfin buna hazır olmasından asılıdır. Sülh müqaviləsinin gec bağlanması Ermənistana hər gün böyük bir zərər vurur. Ermənistan bu haldan çox şey itirir. Bu ölkə Azərbycan və Türkiyə ilə yaxşı münasibətlərə malik olub iqtisadiyyatını canlandıra bilərdi. Ehtiyac olmadan hərbi sahəyə yüz milyonlarla dollar vəsait ayrılmazdı. Bu baxımdan Ermənistan cəmiyyətinin və rəhbərliyinin bu məsələləri dərk etməsi vacibdir. Hər bir halda Azərbaycanın qarşı tərəfə vermiş olduğu təkliflər gündəmdədir. Bunun tez olması regionun və Ermənistanın xeyrindədir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bir metr də olsun Azərbaycan ərazisi erməni işğalında qalmayıb. Bundan sonra da Azərbaycan özünün suverenliyinin möhkəmlənmsi üçün beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edəcək.


Müəllif: Tapdıq Qurbanlı