2 Oktyabr 2021 13:04
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bahar xanım, Vətən müharibəsinin başlamasından bir il ötdü. Qələbə ilə bitən haqlı mübarizəmizin yaratdığı yeni reallıqları necə şərh etmək olar?

- Hər şeydən əvvəl tarixi yüz illərə söykənən erməni məsələsinin bəzi beynəlxalq dairələr üçün "açıq qalmış suallarının" qapandığını, həyata keçirilməsinə külli miqdarda maddi hərbi, siyasi imkanların səfərbər edildiyini, əsassız iddiaların puç olduğunu əminliklə qeyd etmək lazımdır. Qələbə ilə bitən Vətən müharibəsi, ədalət, ləyaqət, milli qürur və müqəddəs savaş kimi dəyərləndirdiyimiz haqlı davamız regionda və dünyada indiyədək mövcud olan beynəlxalq nizamı və ona olan münasibəti kökündən dəyişdi. Regional baxımdan isə tamamilə yeni, qlobal güc və beyin mərkəzlərinin təsəvvür edə və proqnozlaşdıra bilmədiyi reallıqlar yaratdı. Azərbaycan Respublikası üçün indiyədək bir sıra dairələrin də fəal şəkildə iştirakı ilə dünyada formalaşmasına çalışıldığı neqativ imic alt-üst edildi. Suveren ərazisinin bir qismini işğal etmiş, neofaşist ideologiyası ilə təcavüzü dövlət siyasəti səviyyəsinə qaldırılmasına rəğmən Ermənistanın uğursuz bir dövlət olduğunu aşkar şəkildə ortaya qoydu. Ölkəmiz və xalqımız nəinki düşməni hərbi-siyasi yolla məğlub edərək torpaqlarımızı işğaldan azad etdi, həmçinin Ali Baş Komandanın dəmir yumruğunda birləşən gücünü bu coğrafiyada yaşayan çoxsaylı dini və etnik qrupların bir amal, bir məqsəd – Azərbaycan və azərbaycançılıq naminə birliyini və yüksək vətənpərvərliyini ortaya qoydu.

Qalib xalq, müzəffər Ali Baş Komandanın əzmi ilə yaradılan yeni reallıqlar isə bölgə və dünyanın qarşısında milli gücə söykənərək qlobal prosesləri doğru məcraya yönəltməyin mümkünlüyünə bir çoxlarını inandırdı. Qəbul etməyənlərə isə bu nəticələrlə hesablaşmağın vacibliyini anlatdı. Bir sözlə, 2020-ci ilin sentyabrınadək Qarabağ məsələsi ətrafında "bu problemin güc yolu ilə həlli yoxdur və yalnız danışıqlara üstünlük vermək lazımdır" deyənlərin arqumentlərini, mövqelərini və maraqlarını darmadağın etdi. Bənzər münaqişələrin həlli üçün mümkün və vacib bir yol açdı. Qlobal siyasətdə milli dövlətlərin rolunu önə çıxardı.

Bir neçə mərkəzdən idarə olunan kollektiv beynəlxalq rəyin əsirinə çevrilməkdən imtina edilməsi ilə çoxtərəfli münasibətlərin üzərimizə qoymağa çalışdığı öhdəliklərin regional və lokal miqyasda destruktiv təsirinə böyük zərbə vurdu.

- Proseslər bundan sonra hansı istiqamətdə irəliləyəcək?

- İlk növbədə bir azərbaycanlı, ev-eşiyindən didərgin düşmüş, uzun illər o yerlərin xəyalı ilə yaşayan soydaşlarımız kimi mən də qarışıq hisslər keçirirəm. Amma bir siyasətçi olaraq aydın təfəkkür və qəti mövqe ilə onu deyə bilərəm ki, Ümummilli lider Heydər Əliyev, davamçısı Prezident İlham Əliyevin liderliyi və Ali Baş Komandan kimi rəhbərliyi ilə xalqımızın, ordumuzun bu prosesdə iştirak edən hər kəsin birgə əməyi öz nəticəsini göstərdi. Bu ağır, çətin işin öhdəsindən gəlindi. Problem tarixə qovuşdu.

Sözsüz ki, bu məsələnin həllini tapması ilə Azərbaycanın suveren hüquqlarının torpaqlarımızın hər bir qarışında bərqərar olması ilə bağlı işimizə də təsiri uğurla davam edir. Bu illər ərzində bütün fundamental hüquqları pozulmuş soydaşlarımız köçkünlük kimi mənəvi, sosial, iqtisadi sıxıntılar yaradan bir statusdan qurtuldular. İndi bu hüquqların reallaşması, insanların öz yurdlarına qovuşması və təhlükəsiz yaşamasını təmin etmək üçün lazım olan bütün işlər görülməkdədir. Ermənistanın bütün bu illər ərzində həyata keçirdiyi insanlıq əleyhinə yönəlmiş hərbi və soyqırımı cinayətlərinə dair dəlil və faktların toplanılması, ətraf-mühit, insanların əmlakı, mədəni, tarixi abidələrimizə, dini məbədlərimizə vurulan ziyanlar hesablanaraq beynəlxalq məhkəmələrə müraciət edilməsi ilə bağlı işlər davam edir. Həmçinin 10 noyabr kapitulyasiya aktında nəzərdə tutulan öhdəliklərin həyata keçirilməsi üçün region və dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli ölçüdə çalışmalar intensivləşməkdə, fəal diplomatiya və media siyasəti vasitəsilə bu məsələ ilə bağlı gündəmin ölkəmiz tərəfindən müəyyənləşməsinə mane olan cəhdlərin qarşısı qətiyyətlə alınır.

- Anım Günündə dövlət başçısı xalqa müraciətində açıq və sərt formada ölkəmizlə bağlı səslənən məsələlərə mövqeyini bildirdi. Sizcə Prezidentin belə bir sərt ritorikası nəyə hədəflənib?

- Əldə olunan zəfərdən sonra dünyaya yeni bir obrazda təqdim olunan Azərbaycandan mesajlarımız davam etməlidir. Çünki qələbə və onun nəticələrini təftiş etməyə çalışanlar mövcuddur. Bir növ vəziyyəti dəyişdirməyə, belə bir problemin hələ də gündəlikdə olduğunu sübut etməyə çalışanlar, bu məsələdə iştiraklarının vacibliyini ortaya qoymaq istəyənlər var. Nə qədər ki, onlar bu ambisiyalarından, erməni məsələsindən öz maraqları üçün istifadədən əl çəkməyiblər, belə bir ritorikaya da ehtiyac var. Çünki bu cür yanaşmalar Ermənistanı imzaladığı üçtərəfli sazişin tələblərinin yerinə yetirilməsindən yayınmağa stimullaşdırır. Dövlət başçısının müsahibələrində və müraciətində də qeyd olunduğu kimi, Ermənistan bir sıra öhdəliklərini yerinə yetirməkdən imtina etməyə çalışır. Odur ki, neofaşizm ideyalarına söykənərək revanşist hərəkətlərə təkan verən açıqlamalar qarşısında bu ritorika sözsüz ki, vacibdir. Bu mesajlar tək Ermənistana deyil, bütövlükdə bu “ocaqda” əllərini qızdırmaq istəyən tərəflərə də yönəlib. Azərbaycan uzun illər ərazisində təcavüz aktına, insanları soyqırımı siyasətinə məruz qalıb. Onun sərvətləri daşınıb, mənimsənilib. Ərazisi tar-mar edilib. O ərazilər istifadəyə, yaşamağa, insanların geri qayıdışına yaramayan bir hala gətirilib. Ona görə də dövlətimiz bu cür dağıdıcı siyasətin bundan sonra da davam etdirilməsinə imkan verməyəcək. Öz iradəsini lazım gələrsə tərəddüd etmədən yenidən ortaya qoyacaq. Diplomatik, yumşaq, bir növ ucları hamarlanmış açıqlamalarla indi çıxış etməyin yeri deyil. Ermənistan və onun dəstəkçiləri başqa dil başa düşmür. Əks təqdirdə buna qədərki danışıqlar prosesində müəyyən nəticələr əldə etmək olardı. Amma məsələ həll olunduqdan, problem tarixin arxivinə göndərildikdən sonra bunun ətrafında diskussiyaların, danışıqların aparılması mənasızdır. Bunun vacibliyini vurğulayanlar isə növbəti dəfə Ermənistanın maraqlarına xidmət etmiş olurlar. Ona görə də Prezident İlham Əliyev çox kəskin, açıq və konkret şəkildə dövlətimizin mövqeyini ifadə etdi. Bu mövqe ilə hər kəsin hesablaşması üçün ölkəmizə qarşı yönələn təhdidləri dəf etməli, qələbəni və onun nəticələrini təftiş etmək istəyən qüvvə və dairələri öz yerinə oturtmalıyıq.

- İlham Əliyev və Mehriban Əliyevanın Anım Günündə şəhidlərimizin portletlərini başları üstündə daşıması hər kəs tərəfindən diqqətlə izlənildi...

- Münaqişənin mövcud oldugu dönəmdə xalqın ən müxtəlif təbəqələrinin iştirakı ilə belə yürüşlərimiz dəfələrlə olub. O zaman başımız üzərində Birinci Qarabağ döyüşləri zamanı soyqırıma məruz qalan soydaşlarımızın, əsasən də qadın və uşaqların portretləri, Ermənistanın hərbi və insanlıq əleyhinə cinayətlərini əks etdirən qanlı şəkillər, dövlət rəmzləri və müxtəlif şüarlar, plakatlar qaldırılıb. Etiraz və çağırışlar səslənib. Qeyd etmək lazımdır ki, bu dəfəki yürüş digərlərindən məhz onunla fərqlənirdi ki, onun iştirakçıları sonu Zəfərlə bitən 44 günlük müharibədə canını vətən yolunda fəda etmiş 2907 şəhidin portretlərini başı üzərinə qaldırmış Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daxil olmaqla 2907 əsgər idi. Və bu anım yürüşü, qəhrəman oğul və qızlarımızın əziz xatirəsinə ehtiramın duruşu idi. Mənim nəzərimdə bu, Azərbaycan bayrağını azad olunmuş torpaqlarımıza sancmaqla özü də bayraqlaşan əsgərlərin, zabitlərin portretlərinin əngin səmalarda dalğalanaraq xalqımıza, gələcək nəsillərimizə qalibiyyət və zəfər əzmini təlqin edən azadlıq yürüşü idi. Odur ki, bu yürüşdən gələn çoxsaylı mesajlar həm özümüz, həm də başqaları üçün çox vacibdir. Çünki bu öz xalqının birliyinə söykənən, ordusuna güvənən, milli gücünü Milli Liderin dəmir yumruğunda nümayiş etdirən müstəqil, zəngin və güclü Azərbaycan dövlətinin Zəfər Marşı idi.


Müəllif: Tapdıq Qurbanlı