2 Oktyabr 2021 20:29
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan post-müharibə dövrünün reallıqlarında dalana dirənib. Bu ölkə labirintə düşüb. Labirintdən yeganə çıxış yolu əməkdaşlıq istiqamətidir. Bunu getdikcə Ermənistanın siyasi rəhbərliyi daha çox dərk edəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun fikrincə, daxili situasiya, məğlubiyyətin yaratdığı apatiya vəziyyəti Paşinyanın əməkdaşlıq istiqamətində addımlarını məhdudlaşdırır: “Hələ ki, erməni baş nazir bu istiqamətdə konkret addımlar atmaqda çətinlik çəkir. Amma bunun alternativi yoxdur. Alternativi müharibədir. Bu da Ermənistan üçün sonun başlanğıcıdır. Bunu da Paşinyan hər kəsdən yaxşı bilir”.

Deputat hesab edir ki, hazırkı dövrdə Ermənistan tərəfindən müəyyən impluslar da hiss olunur: “Türkiyə ilə münasibətlərin bərpası ilə bağlı müəyyən impluslar diqqəti çəkir. Bundan savayı Ermənistanın təhlükəsizlik şurasının katibi Qriqoryan qeyd edib ki, Paşinyan Azərbaycan Prezidenti ilə görüşə hazırdır. Bununla yanaşı dövlət başçısı cənab İlham Əliyev “Frans 24” kanalına müsahibəsində vurğuladı ki, biz müharibədən əvvəl, onun gedişində və ondan sonra da həllini gözləyən məsələlərin müzakirəsi üçün görüşlərdə maraqlıyıq. Ancaq burada əsas prinsip post-müharibə dövründə həllini gözləyən məsələlər var. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqları olması mümkündür. Şərt odur ki, iki dövlət və xalqlar arasında etimad mühitinin formalaşması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiya və demarkasiyası digər məsələrlə bağlı konstruktiv mövqe olmalıdır. Vasitəçilər də bu prosesə töhvə verə bilər”.

Elman Nəsirova görə, Ermənistan sülhə hazır olduğunu deyib, “status” kimi absurd məsələləri gündəmə gətirəcəksə, bu görüşlər baş tutmayacaq:

“Bu məsələlərə bağlı Azərbaycan Prezidentinin prinsipial və qətiyyətli mövqeyi var. “Status”, “Dağlıq Qarabağ” məsələsi yoxdur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon anlayışları var. Beynəlxalq birlik də buna istinad etməlidir. Azərbaycanın coğrafi və inzibati ərazi vahidlərinə bu cür yanaşılmalıdır. Azərbaycan dövləti hər zaman əməkdaşlığa açıq bir mövqe sərgiləyib. Sadəcə Ermənistan “status” və digər zərərli fikirləri unudub həlli vacib olan məsələlərlə bağlı danışqlara başlamalıdır. Amma müşahidə olunan odur ki, qarşı tərəf gec də olsa bu həqiqətlə barışmalı olacaq. Bunun da müyyən simptomları hiss olunmaqdadır”.


Müəllif: Tapdıq Qurbanlı