2 Oktyabr 2021 15:59
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hər zaman sülhə, əməkdaşlığa, sabitliyə öz sadiqliyini nümayiş etdirib. Ölkəmiz regionda və dünyada sülhün təminatı üçün öz mövqeyini ortaya qoyub. Bununla bağlı kifayət qədər ciddi faktlar var. Əfqanıstanda, İraqda Azərbaycan qardaş Türkiyə ilə sülhyaradıcı missiyanı uğurla icra edib. Bu amil mənsub olduğumuz region üçün də keçərlidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsini şərh edərkən bildirib.

O qeyd edib ki, 30 ilə yaxın əraziləri işğalda olan bir dövlət bütün bunlara baxmayaraq, məsələnin dinc yolla tənzimlənməsi üçün bütün təşəbbüsləri dəstəkləyib:

“Azərbaycanın 30 ilə yaxın öz ərazilərindəki terror, talançılığa, soyqırımı siyasətinə baxmayaraq prosesə sülh yolu ilə son qoymaq üçün iradə nümayiş etdirib. Amma buna baxmayaraq dünyada bütün dövlətlər heç də hər zaman sülh, sabitlik, təhlükəsizlik üçün çalışmır. Eyni zamanda müəyən nöqtələrdə sabitliyin olmaması bir çox beynəlxalq güclər üçün də istinad kimi izah olunur”.

Millət vəkilinin fikrincə, işğal və aqressiya, başqalarının torpaqları hesabına özünün mövcudluğunu qorumaq siyasəti təbii ki, sonda məntiqi sonluğun olmasını tələb edir:

“Bu sonluq da beynəlxalq hüququn prinsipial, dəyişməz dəyərləridir. Necə ki, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxladı. Bütün beynəlxalq təşkilatların Azərbaycan əraziləri boşalt, sülhə, əməkdaşlığa töhvə ver çağırışlarına da Ermənistan əhəmiyyət vermədi. Belə olan halda Azərbaycan BMT nizamnaməsindən irəli gələn, elə bu təşkilatın qəbul etmiş olduğu qətnamləri təkbaşına icra etməyə məcbur oldu. Ermənistanın işğal faktına son qoyuldu. Beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü təmin edildi”.

Deputat hesab edir ki, 44 günlük müharibədən sonra bölgədə yeni bir reallıq formalaşıb:

“Bu reallıq qarşılıqlı əməkdaşlığa, bir-birinin ərazi bütövlüyünə olan hörmətdən geçir. Amma çox təəssüf ki, Ermənistan bu gün sülh və əməkdaşlıqla bağlı ona edilən təkliflərdən boyun qaçırır. Ermənistan və ona havadarlıq edənlər revanşizm və digər uğursuz iddialarla çıxış etməkdənsə, bölgədə sülhün, təhlükəsizliyin təminatına xidmət edəcək addım atmalıdır”.

Cavid Osmanova görə, Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra Ermənistanla mövcud məsələləri müzakirə etməyə hazır olduğunu bəyan etməsi sülhə, əməkdaşlığa, sabitliyə yönələn mühüm addımdır:

“Qarşı tərəf bu təklifləri düzgün qiymətləndirməli, yaranmış reallığa uyğun adekvat addım atmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı