6 Oktyabr 2021 10:02
11 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın son davranışlarından Rusiya da müəyyən nəticələr çıxarır. Çünki İranın ciddi ambisiyaları var. Amma bu ambisiyaları onun potensialına uyğun gəlmir. Bölgədə maraqları olan Rusiya bu ambisiyalardan narahat olmaya bilməz. Yəqin ki, onlar da bu barədə düşünürlər. Bütün bunlardan sonra bölgə dövlətlərinin İranın yer almayacağı “Dördlük” platforması üzərində dayanacağını zənn edirəm”.

Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Uzun illərdir İranın Ermənistana yardım etməsi müzakirə mövzusu idi. İndiyədək bu yardım gizli edilirdisə, artıq İran bu gün bunu özü açıq şəkildə etiraf edir. İranın bu etirafının arxasında nələr var?

- Həm İranın dini lideri Xameneyinin, həm də bu ölkənin xarici işlər naziri Abdullahiyanın əsası olmayan ittihamları Azərbaycana atılmış böhtandır. İranın bu davranışları sübut edir ki, o, müstəqil Azərbaycan dövlətini həzm etmir. İran sanki Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətini, onun işğalçı ordusunun Azərbaycan tərəfindən darmadağın edilməsini özünə qarşı “həmlə” kimi başa düşür.

İranın dini liderindən tutmuş əyalət mollası Amili və xarici işlər nazirinədək ortaya atılan böhtanlar Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycana edilmiş ən böyük pislikdir. İran Azərbaycanı qeyri-ciddi məsələlərdə günahlandırır: guya biz “sionist rejimi” onun burnunun dibinədək gətirib çıxarmışıq. Guya bizim diktəmizlə bölgədə formalaşmış reallıqlar İranın təhlükəsizliyini pozur, təhdid edir və buna cavab verməyə hazırlaşır. Boş sözlərə üz tutan molla rejimi İsrailin yox, Türkiyənin bölgəyə gəlişindən narahatlığını ifadə edir.

Azərbaycan prezidentinin də dediyi kimi, əgər biz daxildə hansısa addım atacağıqsa, bu, bizim daxili işimizdir. Buna kimsə qarışa bilməz. Bunlar uğursuz ittihamlardır. Ermənistan xarici işlər nazirinin Tehranda böyük həvəslə qarşılanması və oradan qızışdırıcı açıqlamalar verməsi, üstəgəl, İranın xarici işlər nazirinin Lavrov tərəfindən Moskvaya dəvət edilməsi göstərir ki, molla rejimi müəyyən qüvvələri ölkəmizə qarşı səfərbər etməyə çalışır.

İranın çox ölkə ilə əlaqəsi pisdir. Onun belə səfeh davranışları ucbatında dünya ölkələri ilə münasibətləri tamam korlanıb. İrana qarşı saysız sanksiyalar tətbiq edilir. Suriya, Yəmən, İraq və Yaxın Şərqin bir sıra ölkəsindəki fəaliyyətlərinə görə İrana qarşı digər ciddi tədbirlər görülür. İran bunlardan dərs çıxarın qonşuları ilə normal münasibətlər qurmaq əvəzinə, Azərbaycanın timsalında bu əlaqələri tamamilə korlayır. “Böyük dövlət” iddiası ilə Azərbaycana “kiçik dövlət” kimi yanaşaraq, şantaj və təhdidlərlə bizi qorxutmağa çalışır.

- İranın özü nədən qorxur ki, bu yola əl atır?

- İran bölgədəki dəyişiklikdən və Azərbaycanın qələbəsindən narahatdır. Eyni zamanda, Pakistan və Türkiyənin bölgəyə gəlişindən çəkinir. Hər bir ölkənin istədiyi dövlətlə əlaqə qurmaq ixtiyarı var. “Sionizm” və ya “bölgəyə İranı təhdid edən qüvvələrin gətirilməsi” adı altında irəli sürülən hədyanların heç bir əsası yoxdur. Sadəcə olaraq, İran Azərbaycanın qələbəsini və bölgədə supergücə çevrilməsini həzm edə bilmir. Guya Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun qarşısı ala biləcəkmiş kimi uğursuz cəhdlər edir. Əvvəl-axır bunların hamısı İranın öz başında çatlayacaq.

- İranlı generallar bizi açıq dillə hədələyirlər. Azərbaycan sərhədlərində hərbi təlim keçən İranın Azərbaycana qarşı hərbi baxımdan addım atmaq cəsarəti varmı?

- Dünya cəngəllik qaydaları ilə idarə edilmir. Nüfuzlu beynəlxalq təşkilatlar var, dünyanın düzənini idarə edən beynəlxalq hüquq normaları var. İran kimi dövlətləri çərçivəyə sala bilən və lazım gəldikdə ona dərs verə biləcək bölgə dövlətləri və beynəlxalq güclər mövcuddur. Ya İran bunları yaxşı hesablaya bilmir, ya da hesablayıb qara qışqırıb salıb Azərbaycana təzyiq göstərmək istəyir.

İran tərəfindən Azərbaycana bir güllə atılsa, Güneydə yaşayan 40 milyondan çox azərbaycanlının heç olmasa, 30 milyonu ayağa qalxacaq. İkinci Qarabağ müharibəsində İran TIR-larının ermənilərə yardım daşımasına nə qədər etirazlar oldu?! İran ordusunun sıralarında hərbi təlimlərə cəlb edilmiş soydaşlarımızın Azərbaycana “Bozqurd salamı”nı da hər kəs gördü. Onlar İran ordusunun sıralarında ola bilərlər, amma qəlbləri bizimlədir.

İran bölgədəki reallıqları düz hesablaya bilmir. İran daxilində çox böyük dəyişiklik baş verir. Azərbaycan amili daxildə həlledici qüvvəyə çevrilir, ciddi oyanış prosesi gedir. Millətin öz milli kimliyini, dilini və mədəniyyətini qorumaq yönündə atdığı addımlar Kiş adasına qədər gedib çatan Azərbaycanda bu prosesin güclənməsinə böyük töhfə verir. İran birinci bunu nəzərə almalıdır.

İkincisi, İran anlamalıdır ki, Azərbaycan tək deyil. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Digər yandan, İran anlamalıdır ki, bir az başını tərpətsə, illərdir oranı bombalamaq və molla rejimini dəyişmək istəyən ABŞ, İsrail və NATO-nun digər üzvləri dərhal hərəkətə keçəcəklər. İranın hansısa dövlətə qarşı atacağı addım oradakı mövcud rejimin iflasına gətirib çıxaracaq. Yəni atacağı addım bumeranq effekti verəcək. Yəqin ki, bunu yaxşı hesablayırlar, ona görə də belə qorxu və şantaj gəlməklə məşğuldurlar.

Qaldı ki, Azərbaycanın güclü ordusu, beşinci nəsilə aid silahları var. İran 1966-cı ildə aldığı tankları, eyni zamanda həmin illərdə Moskvadan alınmış zirehli texnikaları təlimlərə çıxarmışdı. İran ordusunun sərəncamında üçüncü, Azərbaycanın isə beşinci nəsil döyüş silahları var. Azərbaycanın yanında NATO-da ikinci ən güclü orduya malik olan Türkiyə və nüvə gücünə malik olan Pakistan kimi müttəfiqləri dayanıb. Əlbəttə, biz bunları təhdid elementi kimi nəzərdə tutmuruq.

Eyni zamanda, İranın harasında baxsaq, orada soydaşlarımızın yaşadığını görürük. Yəni biz öz soydaşlarımıza zərər vermək niyyətində deyilik, İrana qarşı belə bir fikrimiz yoxdur. Amma Azərbaycanın qələbəsindən qurdları oyanmış İran ən kobud formada bizə qarşı təhdidlər sovurur, olmazın böhtanlar yağdırır.

Biz İranla yaxın qonşuluq münasibətlərinin tərəfdarıyıq. Amma İran bizim üstümüzə bu cür təhdidlərlə gələcəksə, oxşar cavabları alacaq. Zənnimcə, İran hesablanmamış və mənasız riskə gedir. Ya da bu riskə getmək imkanında deyil, sadəcə olaraq, hay-küy salıb Azərbaycanı şantaj etməklə müəyyən qüvvələrin diqqətini özünə çəkmək istəyir.

Amma bu qüvvələrin əksəriyyəti İranı sevməyən ölkələrdir. İran bilirmi ki, Səudiyyə Ərəbistanı ona qarşı hansı planı hazırlayır? İran bilmirmi ki, İraq şiələri belə ona qarşıdır? İran bilirmi ki, NATO-nun ona qarşı əməliyyat planı masadadır? İran bilirmi ki, ABŞ-ın hərbi planı da Pentaqonun masasının üstündədir?

İsrail haqda isə ayrıca danışmaq lazımdır. İsrailin özü də İranı vurmağa fürsət axtaran dövlətlərdən biridir. Yəni İranı bu bölgədə dəstəkləyən dövlət yoxdur. Bir Ermənistanla qol-qoladır, müəyyən qədər də Çindən dəstək alır. Teokratik rejim olduğuna və terrorizmi dəstəklədiyinə, qonşuları ilə yaxşı münasibətlər qura bilmədiyinə, “islam inqilabının ixracı”nı öz konstitusiyasına saldığına görə dünyanın qalan dövlətlərinin nifrəti ilə üz-üzədir. Buna görə də, İran öz ayıbına kor olub sakit dayansa, daha yaxşıdır.

- Ermənistanın xarici işlər nazirinin İrana səfər etdi. Oradan açıqlama verdi ki, bölgədəki kommunikasiyaların açılması ilə bağlı danışıqlarda İran da iştirak etməlidir. Bu mümkündürmü?

- Əvvəl İranın “Altılıq” platformasına daxil edilmək şansı var idisə, bütün bunlardan sonra bu, qeyri-mümkün görünür. İkincisi, bu platformaya Gürcüstan da daxil olmayacaq. Ən real platforma belədir: Azərbaycan-Türkiyə-Rusiya-Ermənistan. İran sübut etdi ki, onu bölgə məsələlərinə qarışdırmaq olmaz. Çünki tərəfsiz mövqedə dayanan dövlət deyil. Xristian keşişləri ilə qol-qola gəzən mollaların bizm problemlərimizin həllinə nə kimi töhfələri ola bilər? Ola bilməz.

Buna görə də, İranın bölgədəki proseslərə qarışmasına imkan verilməyəcək. Deyir ki, bölgədəki yeni reallıqlarla barışmayacaq. Sən kimsən ki?! Bu reallığı Azərbaycan Ermənistanın dizlərini yerə qoyub formalaşdırıb. Əgər sən buna etiraz edirsənsə, Ermənistan ərazilərində baza qur. Gör, Rusiya buna imkan verəcək?

Hesab edirəm ki, İranın son davranışlarından Rusiya da müəyyən nəticələr çıxarır. Çünki İranın ciddi ambisiyaları var. Amma bu ambisiyaları onun potensialına uyğun gəlmir. Bölgədə maraqları olan Rusiya bu ambisiyalardan narahat olmaya bilməz. Yəqin ki, onlar da bu barədə düşünürlər. Bütün bunlardan sonra bölgə dövlətlərinin İranın yer almayacağı “Dördlük” platforması üzərində dayanacağını zənn edirəm.


Müəllif: Mənsur Rəğbətoğlu