6 Oktyabr 2021 14:01
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran-Azərbaycan münasibətlərində gərginliyin İran baxımından iki səbəbi var. Söhbət daxili və xarici səbəblərdən gedir. Hesab edirəm ki, gərginlik məhz bu səbəblərdən ortaya çıxıb”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Deputat gərginliyin səbəblərini aşağıdakı formada açıqlayıb:

“Xarici səbəb odur ki, ötən il II Qarabağ müharibəsi baş verdi, onun arxasınca nizamlanma prosesi yaşandı. Və İran bu proseslərdən kənarda qaldı. Türkiyə, Rusiya və sözsüz ki, Azərbaycan fəal rol oynadı, İran isə kənardan baş verənləri müşahidə etdi. Təbii ki, bu da onların bölgədə nüfuzunun olmaması kimi görünür. İran da bundan narazıdır.

Daxili səbəb isə ondan ibarətdir ki, müharibənin nəticəsi olaraq Azərbaycanın nüfuzu xeyli artdı. Və bu nüfuz o cümlədən İrandakı azərbaycanlılara da təsir edir. Əvvəllər orada mollalar təbliğat aparırdı ki, Azərbaycan cılız Ermənistanla bacarmır. İndi bütün bu təbliğat darmadağın olub. İran mollaları gördülər ki, Rusiya silahları İran üzərindən Ermənistana daşınanda orada yaşayan azərbaycanlılar ayağa qalxaraq onların qarşısını alırdılar. Eyni zamanda Azərbaycan Ordusu Araz boyu irəlilədikdə və erməniləri qovanda Arazın o tayındakı azərbaycanlılar bunu alqışla qarşılayırdı. Sözsüz ki, bütün bunlar molla rejimində vahimə yaradır”.

Rasim Musabəyovun qənaətincə, indi mollalar süni sürətdə gərginlik və Azərbaycanla düşmənçilik yaratmaqla çalışırlar ki, İranda Azərbaycan sözü deyənə, Azərbaycana, dilimizə, mədəniyyətimizə sevgisini nümayiş etdirən meylləri az qala düşmənçilik kimi təqdim etsin:

“Yəni bunlara sionist damğası yapışdırmaqla istəyinə nail olsun. Düşünürəm ki, bunlar boş cəhdlərdir. Bəyanatlar verməklə, hansısa təlimlər keçirməklə Azərbaycanı qorxutmaq mümkün deyil”.


Müəllif: Nemət