7 Oktyabr 2021 09:14
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün baş tutması regionda proseslərin inkişafı baxımından əhəmiyyətlidir. Mən ehtimal edirəm ki, görüşlə bağlı bir neçə yerin adı çəkilir. Məsələn, Tiflisdə də belə bir görüş baş tuta bilər. Amma Rusiya yəqin ki, bundan narazı qalar. Moskvada da görüş baş tuta bilər. O cümlədən də Avropanın şəhərlərində. Məsələn, Berndə, Cenevrədə və ya Berlində. Fikrimcə, görüşün neytral bir ölkədə və təkbətək keçirilməsi daha məntiqli olardı. Bu, görüş zamanı daha münasib şəraitin yaranmasına səbəb olardı”.

Bu sözləri Teleqraf.com-a Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli deyib.

Onun zənnincə, belə görüşü hansısa maraqlı ölkə və ya ATƏT-in Minsk qrupu təşkil etdiyi zaman öz gündəliyini və məsələyə öz baxışlarını kənardan diktə etməyə çalışır:

“Yəni bu istər-istəməz olur. Amma birbaşa təmaslar, baş-başa görüşlər olsa, daha rahat ortamda bir çox məsələlərin müzakirəsi baş tuta bilər. Aydındır ki, bu halda müzakirə edilən məsələlər və əldə edilən nəticələri həm Bakı, həm də İrəvan Rusiya ilə qiymətləndirəcək. Çünki üç ölkənin iştirakı ilə müvafiq komissiya mövcuddur və bu platforma vasitəsilə müzakirələr aparılır. Aydındır ki, Azərbaycan bu görüşdən əvvəl və sonra durumu Türkiyə ilə də müzakirə edəcək. Nəzərə almaq lazımdır ki, bəzi ölkələrin bu görüşdə birbaşa və dolayısı yolla iştirakı olacaq. Bunsuz mümkün deyil. Amma bu görüş üçün gündəliyin Azərbaycan və Ermənistanın özü tərəfindən müəyyən edilməsi yaxşı olar. Müzakirələrin növbəti mərhələsində hansı addımların atılmasının qrafiki müəyyən edilə bilər. Son zamanlar Paşinyan komandasından verilən açıqlamalar da göstərir ki, onlar Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasında maraqlıdır”.

Cəfərli qeyd edib ki, indi erməni müxalifəti Paşinyan komandasının Azərbaycan və Türkiyə ilə əlaqələri qayda salmaq istəyinə kəskin reaksiya verir:

“Sərksiyan və Köçəryan kimi canilərin partiyası buna qarşı çıxır, bunu nöbəti kapitulyasiyaya hazırlıq adlandırır. Amma vacib odur k, erməni cəmiyyətinin böyük hissəsi belə danışıqları dəstəkləyir. Çünki son seçkidə əhalinin böyük hissəsi müharibə deyil, sülh tərəfdarlarına səs verib”.


Müəllif: Nemət