6 Oktyabr 2021 18:12
4 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı hansı məsələlər müzakirə edilib?

- AŞPA-da qəbul edilmiş qətnamə ilə bağlı çoxlu fikirlər var. Azərbayacan nümayəndə heyəti də bir çox məsələlərin bu məruzəyə daxil edilməsinə nail olub. Ona görə də AŞPA-nın məruzəsi Azərbaycanın milli maraqlarını ifadə edən məsələlərlə xeyli zəngiləşdi. Amma buna baxmayaraq erməni lobbisi çox çalışdı ki, AŞPA-nın bu məruzəsində bir çox məsələlər yer almasın. Hətta məruzədən Azərbaycan və Ermənistanın adını çıxarmağa çalışırdılar. Bu cəhdləri də uğursuz oldu.

- Azərbaycan tərəfinin etirazına səbəb olan məqamlar hansı məsələlərlə bağlı idi?

- Müzakirəyə təqdim edilən qətnamədə bir sıra uğursuz məqamlar var idi. Eyni zamanda “Dağlıq Qarabağ məsələsinin” bu məruzəyə daxil edilməsi faktiki olaraq keçmişə istinad kimi qiymətləndirildi. Ermənilərin dediyi kimi “Azərbaycan tərəfinin təklif etdiyi məsələlərin məruzəyə daxil edilməsi Ermənistan üçün ciddi problemlər yaradacaq bu məruzə” sözlərini də xüsusi olaraq qeyd etmək lazımdır.

- Məruzənin əleyhinə səs vermək üçün hansı əsaslar yaranmışdı?

- AŞPA-nin bu məruzəsində bir sıra müsbət məsələlər öz əksini tapsa da, bəzi uğursuz məqamlara yer verilmişdi. Xüsusilə də guya hansısa “terroristlərin” müharibədə Azərbaycan tərəfindən cəlb edilməsi kimi absurd məsələlər sözsüz ki, bizim birmənalı etirazımızla qarşılandı.

Azərbaycan və Türkiyə məruzənin əleyhinə səs verdi. Bu, rəmzi bir xarakter daşıyırdı. Onsuz da bu qətnamənin hüquqi bir gücü yoxdur. Avropa Şurasının qəbul etdiyi bəyanatlar hansısa bir gücü ehtiva etmir. Hər şeyə, hətta qərəzli mövqeyə də loyal yanaşmaq olar. Amma açıq şəkildə olan yalan və böhtanı heç cür qəbul etmək olmaz.

- Bəyanatda I Qarabağ müharibəsi ilə bağlı hansı məsələlər qeyd olunmuşdu?

- 1991-ci və 1994-cü ildə müharibədə ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılması məsələsi öz əksini tapıb. Həmçinin ərazilərin minalardan təmizlənməsi, Ermənistanın buna görə məsuliyyət daşıması kimi mühüm məqamlara yer verilib. Eyni zamanda döyüş bölgəsindən uzaq olan Azərbaycan şəhərlərinin ballistik reketlərlə vurulması kimi vacib faktlar da bu bəyanatda qeyd olunub. Ağdam şəhərinin darmadağın edilməsi, vandalizmə məruz qalması, azad edilmiş ərazilərdə Azərbaycanın başlamış olduğu geniş quruculuq işlərinə də xüsusi diqqət ayrılıb.

- Qardaş Türkiyə ilə bağlı əsassız iddialar nədən ibarət idi?

- Məruzədə guya qardaş Türkiyənin hansısa “suriyalı terroristləri” Azərbaycan tərəfindən döyüşə cəlb etməsi kimi absurd məsələlərə yer verilir. Bu ağ yalandır. Ona görə də AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı bir sıra müsbət məsələlərin yer almasına baxmayaraq, belə yalanlara görə qətnamənin lehinə səsə verə bilməzdik. Qardaş Türkiyəli həmkarlarımızla məsləhətləşib mütləq olaraq bu qətnamənin əleyhinə səs verdik. Bununla da nümayiş etdirdik ki, reallıq dəyişsə də, bəziləri öz çirkin işlərindən hələ əl çəkmir.

- Bu əsassız məsələlərin məruzəyə daxil edilməsi AŞPA-nın nüfuzuna mənfi təsir edir, onlar bunu nəzərə almırlarmı?

- AŞPA-da veto məsələsi yoxdur. Səsvermə sadəcə olaraq səs çoxluğu ilə mümkün olur. Azərbaycan və Türkiyənin bu qətnaməyə mənfi münasibəti olduğu üçün bunun əhəmiyyəti sıfıra enir. Bu, başqaları üçün də bir siqnal olmalıdır. Ona görə də əməkdaşlıq, əlaqələr üçün qəbul edilən sənədlər hansısa bir formada bu ölkələri narazı salmamalıdır. Avropa Parlamentində Azərbaycanla bağlı sənədlər qəbul edilib. Azərbaycan və Türkiyə Avropa Parlamentinin üzvü deyil. Bu iki ölkə Avropanın üzvü olmadığına görə qəbul olunmuş bu cür sənədlər ölkərinin imicinə, regiondakı əhəmiyyətlərinə ciddi zərbə vurur. Avropa Şurasında da analoji vəziyyətdir. Əməkdaşlıq və sülhə xidmət üçün erməni lobbisinin fitvasından çıxmaq istəyi varsa, o zaman elə bir sənəd qəbul olunmalıdır ki, Azərbaycan və Türkiyə bu sənədlə işləməyə başlasın. Ona görə də biz bu sənədin əleyhinə səs veririksə və bu da hansısa bir formada qəbul edilirsə, bunun region üçün heç bir əhəmiyyəti qalmır. Əksinə regionda bu təşkilatın nüfuzunu, ona olan inamı aşağı salır.

- 44 günlük müharibədən sonra ümumilikdə AŞPA-nın Azərbaycana olan yanaşması hansı şəkildə dəyişdi?

- AŞPA-da olan sağlam qüvvələr bizim təklif etdiyimiz bütün məsələləri qəbul etdi. Azərbaycanın AŞPA-nın məruzəsinə təklif etdiyi məsələlərin 80 faizə qədəri qəbul edilib. Sağlam qüvvələrin mövqeyi məhz bu məsələdə özünü göstərdi. Eyni zamanda AŞPA Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bir faktı da deyim ki, ABŞ-da Azərbaycanla münasibətlərdə maraqlıdır. Amma Konqresdə erməni lobbisi hansısa bir “düzəlişlər” qəbul etdirməyə çalışır. Bu o demək deyil ki, biz ABŞ Konqresi ilə də münasibətlərimizi kəsməliyik. AŞPA ilə də eyni yanaşma olmalıdır. İkitərəfli münasibətlərdə elə qüvələr var ki, onlar daimi olaraq bizim əleyhimizə işləyəcək. Amma zaman keçdikcə onların təsiri minimuma enəcək. Məhz son qətnamədə əks olunan məsələlər bunun bariz nümunəsidir. Sənədin içində Azərbaycanın narazı olduğu məsələlər yer alsa da, bu bütövlükdə qətnaməni əhatə etmirdi. Ona görə ki, AŞPA-nın qətnaməsindəki Azərbaycanla bağlı müsbət məsələləri qəbul etməyə məhkum idilər.


Müəllif: Tapdıq Qurbanlı